"Əli və Nino" filmi ABŞ-da nümayiş etdiriləcək
Yanvarın 27-də ABŞ-ın nüfuzlu "Sundance" Beynəlxalq Film Festivalı çərçivəsində "Əli və Nino" filminin premyerası keçiriləcək.
Film 3 gün ərzində yanvarın 27-də, 28-də və 31-də nümayiş olunacaq. Film 2015-ci ildə yazıçı Qurban Səidin dünya bestselleri - eyniadlı romanı əsasında çəkilib.
"Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.
Qeyd edək ki, filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlanılıb və iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində, paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.
Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.
"Sundance" Beynəlxalq Film Festivalı 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək. Festival yanvarın 21-də başlayıb və 31-dək davam edəcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Əli və Nino" filminin çəkilişlərinin hazırlıq işlərinin başa çatdığı zaman Heydər Əliyev Mərkəzində keçirdiyi mətbuat konfransında bu ekran əsəri ilə bağlı fikirlərini bölüşüb:"Mən çox sevinirəm ki, biz bu səyahətin sonunda məhz bu layihənin həyata keçirilməsinə nail olduq. Hər birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm ki, biz "Əli və Nino" kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu gün filmə çevrilməsində iştirak edirik. Mən "Əli və Nino" əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün - 100 il sonra da əks-səda doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında - əsərdə təsvir olunan yerlərdə çəkiləcək. Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsidir. Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik."
"Əli və Nino" romanı Vyanada alman dilində nəşr edilib
"Əli və Nino" - ilk dəfə 1937-ci ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə edilən məhəbbət romanıdır.
Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilib. Rəsmi sənədlərə əsasən, Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon Ehrenfels hesab olunurdu. Lakin amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan Yazıçılar Birliyinin isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğu təsdiq edilmişdir.
Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin 20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə, əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir.
Qurban Səid adının yazıçı Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu iddia edənlər də var. Çəmənzəminlinin oğlu Orxan Vəzirov bildirir ki, bunu vaxtilə Ceyhun Hacıbəyli təsdiqləyib. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq etmişdir.
Əsərin müəllifinin kimliyi ilə bağlı iddiaları belə konkretləşdirilir: "Əli və Nino" romanının başlıca müəllifi azərbaycanlı yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlidir (1887-1943). Onun müəllifliyini həm şəxsi həyatında yaşadığı hadisələr, həm də Bakıda Əlyazmalar İnstitutunda saxlanan əsərləri, o cümlədən gündəlikləri, məqalələri, hekayə və romanları sübut edir. Lakin bəzi müəlliflər "Əsəd Bəy" adı altında yazan Lev Nussimbaumun əsərin yeganə müəllifi olduğunu iddia edirlər. Əsərdəki folklor və əfsanəvi materiallarda "Əsəd Bəy" adı altında yazan Lev Nussimbaumun imzası olduğu şübhəsizdir. Həmin materiallar onun əvvəlki əsərlərindən köçürülüb. Qeyd edilməlidir ki, bu materiallar nə mədəni, nə də etnik cəhətdən etibarlı mənbələr deyil. Lev Nussimbaum Azərbaycanı 1920-ci ildə 14 yaşında ikən tərk etmişdi və olduqca təcrid olunmuş həyat tərzi sürdüyünü öz yazılarında da etiraf etmişdi.Əsəd Bəy romanda Əli ilə Ninonun Tiflisə və İrana səyahətləri ilə bağlı hissələri gürcü yazıçı Qriqol Robakidzenin "İlan dərisi" (Das Schlangenhemd, 1928) əsərindən götürmüşdür. Robakidzenin bu "köçürmədən" xəbəri olub -olmadığı məlum deyil. Əsəd Bəy, orijinalından fərqləndirmək üçün mətnin üzərində çoxlu iş aparmaqla, əslində plagiat etdiyinə şübhə yaradır. Tədqiqatlar Əsəd Bəyin Robakidzeni şəxsən tanıdığını göstərir.Avstriya baronessası Elfrida Ehrenfels (1894-1982) "Əli və Nino" romanını alman reyesterlerində qeydiyyatdan keçirmiş və "Qurban Səid" təxəllüsünün özünə aid olduğunu göstərmişdi. Halbuki onun romanın yazılmasında iştirakı sübut edilməmişdir. Romanın "Əli Xan" adlı italyan nəşri 1944-cü ildə Məhəmməd Əsəd Bəy adı altında çap edilmişdi. Qəribədir ki, bu kitabda Nino Kipiani "Erika Kipiani" kimi təqdim edilirdi, bu isə gürcü adı deyildi. Nussimbaumun həyat yoldaşının adı Erika idi, lakin o, Əsəd Bəyin həmkarı Rene Füllöp Millerlə qaçmış və onlar qalmaqallı şəkildə boşanmışdılar (1935). Həmin nəşrdə bir sıra digər dəyişikliklər də edilmişdi. Bu italyan nəşri özünü "Əhməd Cəmil Vakka Mazara" adlandıran Əsəd Bəyi tiryəklə təmin edən Vakka Bello tərəfindən onun ölümündən sonra müəmmalı şəkildə dərc edilmişdi. O, Əsəd Bəylə dörd nəsil əvvələ gedib çıxan qohumluğu olduğunu iddia etməklə, Əsəd Bəyin sağ qalmış yeganə varisi olduğunu irəli sürür və onun müxtəlif kitablardan gələn gəlirlərini əldə etmək məqsədi daşıyırdı. Əsər "Əli Xan" adı altında yalnız bir dəfə çap edilmişdi.
ZÜMRÜD