Mədəniyyət

  • 10 824

Baharın gəlişini müjdələyən "İlaxır Çərşənbə"

image

Bu gün sonuncu çərşənbəni Torpaq Çərşənbəsini qeyd edirik. İllərdir arzuladığımız və bu gün böyük məsləkimizə qovuşduğumuz torpaqlarımızın işğaldan azad olunduğu bir zamanda çərşənbəmizi qeyd edirik. Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılacaq, tonqallar qalanacaq, od-alov aləmə yayılacaqdır. Torpağımıza isti nəfəs gəlib, torpaq həsrətlə gözlədiyi sevincinə qovuşub. Torpaqlarımız dərindən nəfəs alır. Tarixdən boylanan zamanın daşlaşmış yaddaşında olan təbiətdən gələn yeni bir günü Qələbə tarixini yaşamış xalqımız böyük sevinclə qarşılayır.Bu gün Novruz bayramının astanasındayıq. İlin ən gözəl zamanının... Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadan gündür. Əsrlərdir qeyd olunan bu bayram öz gözəlliyi, bəşəriliyi ilə seçilir və insanların milli-mənəvi dəyərlərərimizə olan sevgisini və bağlılığını özündə ehtiva edir. Novruz sözünün etimologiyasına diqqət etsək, görərik ki, bu sözün həqiqi mənası yeni günün başlanması deməkdir.Dörd ünsürdən yaranmış İNSANlar Novruz bayramına qədər dörd Çərşənbəni qeyd edir. Novruzaqədərki yaxın 4 həftənin 2-ci günlərini-çərşənbələri ulularımız Su, Od, Yel və Torpaq Çərşənbəsi adlandırmışlar. Rəmzi məna daşıyan çərşənbələri ulu babalarımız bayram hesab etmişdilər. Bu dörd çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır.Bu gün qeyd etdiyimiz xalq arasında torpaq çərşənbəsi "İlaxır Çərşənbə", "Yer Çərşənbəsi", "Çərşənbə-Suri" kimi də adlanan sonuncu qərşənbəmizi qeyd edirik. Torpaq Çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişindən xəbər verir. Torpaq Çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar. Axır Çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu Çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri ilə qeyd olunur. Şənliklər sübh tezdən suya tapınma ayini ilə başlanır. Adamlar su üstünə çıxıb, su üstündən atdanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər. Gün ərzində müxtəlif ayinlər keçirilir. Axır Çərşənbənin axşamı şənliklər daha da güclənir. İnsanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: "ağırlığım, qadam-balam tonqalda yansın". Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından çıxması, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.Qulaq falına çıxmaq, qapılara kisə və papaq atmaq bu bayramın tərkib hissələridir. Küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir. Torpaq Çərşənbəsinə həm də Niyyət, Dilək Çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb, qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışar, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşitməsin və evlərinə şən əhval-ruhiyyə ilə qayıtsın. Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta bir də baharın gəlişini əks etdirən Səmənidir.Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, mütərəqqi adət-ənənələr cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapır, bu sıradan da xalqın milli bayramı olan Novruz yüksək səviyyədə qeyd edilir.Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruzun Son Çərşənbəsi - "İlaxır Çərşənbə" bu gün böyük ruh yüksəkliyi ilə qarşılanır.

sia.az

Digər xəbərlər