Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan arasında "yaşıl enerji"nin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihə sənədinin mətni razılaşdırılıb. SİA bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, İstanbul şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclasında ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə "Azərenerji" ASC-nin nümayəndələri də iştirak edib.
O. Zeynalov çıxışında Azərbaycanın enerji keçidi sahəsində mövcud strategiyası, bərpa olunan enerji potensialı və yaşıl enerjinin ixracı istiqamətində atılan addımlar barədə məlumat verib. Azərbaycanda "yaşıl enerji zonaları"nın yaradılması və Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, həmçinin ölkəmizi Avropa ilə birləşdirəcək "yaşıl enerji dəhlizləri"ndən danışılıb.
İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb.
Səfər çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zafer Demircan ilə Azərbaycan və Türkiyə arasında "yaşıl enerji dəhlizi"nin yaradılması məsələsinin müzakirəsinə həsr olunmuş geniş tərkibli görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji zonası"nın inkişafına dair Konsepsiya və Tədbirlər Planının hazırlanması istiqamətində görülən işlər haqqında məlumat verilib, BCG məsləhətçi şirkətinin ekspertləri, "Azərenerji" ASC-nin və Türkiyənin TEİAS şirkətinin nümayəndələrinin də iştirakı ilə yaşıl enerjinin ixracını dəstəkləyəcək infrastruktur layihələrinin texniki və iqtisadi əsaslandırılmasından irəli gələn məsələlər müzakirə olunub.
Bir ekosistem ictimaiyyətə təqdim olundu