Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində Nüvə Enerjisi Proqramının İcraedici Təşkilatının (NEPIO) vəzifə və məsuliyyətlərini əhatə edən dördgünlük seminar keçirilir. Energetika Nazirliyindən SİA-ya bildiriblər ki, tədbirin ilk günündə Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri tərəfindən yeni nüvə enerjisi proqramının icrası üçün mərhələli yanaşma, kiçik modul reaktorları üzrə texnologiyalar və onların infrastruktur məsələləri haqqında məlumat verilib.Türkiyənin ilk nüvə elektrik stansiyası layihəsinin “Tik-Sahib ol-İşlət” sxemi ilə reallaşdırılması, həmçinin yeni nüvə enerjisi proqramının həyata keçirilməsi üçün mümkünlüyün qiymətləndirilməsi sahəsində Macarıstan təcrübəsi nəzərdən keçirilib.Növbəti günlərdə nüvə enerjisi sahəsində texniki-iqtisadi əsaslandırmaların hazırlanması, sahənin özünəməxsus xüsusiyyətləri, təhlükəsizlik tələbləri, mühafizə qaydaları və qoruyucu tədbirlər, nüvə elektrik stansiyası proqramı üçün tənzimləyici çərçivə, normativ-hüquqi aktların hazırlanmasında Türkiyə təcrübəsi, lisenziyalaşdırma prosesi, yeni nüvə elektrik stansiyalarının reallaşdırılması istiqamətində rollar və məsuliyyətlərin bölüşdürülməsi, nüvə infrastrukturunun qiymətləndirilməsi, inteqrasiya edilmiş nüvə infrastrukturu və bu sahədə əldə edilmiş təcrübə, nüvə sahəsində insan resurslarının idarə edilməsi kimi mövzular ətrafında müzakirələrlə davam edəcək.Seminarda Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “AzərEnerji” ASC və digər aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.Xatırladaq ki, 2024-cü il 13 noyabr tarixində COP29 çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.