Müxtəlif ölkələrdə hər nə qədər təşviq olunsa da, hər cür şərait və güzəştlər təmin olunsa da, elektromobillərə maraq elə də yüksək deyil. Bu maşınların qiymətinin ucuz olması və gediş xərclərinin aşağı olması bəzilərini cəlb etsə də, əksəriyyət bu maşınlara etibar etmir.
Rusiya hökuməti elektromobillər üçün infrastrukturun inkişafına əlavə olaraq 5,7 milyard rubl ayırmağı planlaşdırır. Vəsait enerji doldurma avadanlığının alınması və onun elektrik şəbəkələrinə qoşulması üçün subsidiyalara yönəldiləcək. Baş nazir Mixail Mişustin bildirib ki, bu məqsədlər üçün artıq 3,5 milyard rubl ayrılıb. Bu, sürətli elektrik doldurma stansiyalarının sayını 2000 ədədə çatdırmağa imkan verdi.
Yeni tədbirlər paketinə görə, 3 il ərzində ölkədə 1900-ə yaxın yeni enerji yükləmə stansiyası yaranacaq. Dövlət operatorlara avadanlıqların alınması və quraşdırılması xərclərinin 60 faizə qədər kompensasiya verməyə hazırdır. Mixail Mişustinin fikrincə, enerji doldurma infrastrukturunun coğrafiyasının genişlənməsi elektromobilləri sürücülər üçün daha rahat etməyi stimullaşdıran əsas addımdır.
Lakin enerji doldurma stansiyalarının artması satışların artmasına səbəb olmur. İlk baxışdan məntiq aydındır: doldurma nöqtələri nə qədər çox olarsa, elektromobildən istifadə etmək bir o qədər asan olar. Lakin reallıq bunun əksini göstərir. Doldurma stansiyaları şəbəkəsinin sistemli şəkildə genişlənməsinə baxmayaraq, Rusiyada elektrik nəqliyyatına kütləvi maraq yoxdur.
Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, 2025-ci ilin ilk 7 ayında yeni elektrik avtomobillərinin satışı 51 faiz azalaraq cəmi 6106 ədəd təşkil edib. “Avtostat” agentliyinin analitikləri aydınlıq gətirirlər ki, Rusiyanın avtomobil parkında elektromobillərin payı uzun müddətdir ki, 1 faiz həddini aşa bilmir. Belə çıxır ki, enerji doldurma məntəqələrinin sayının artması elektromobil alıcılarının sayının artmasına çevrilmir.
Milli Avtomobil İttifaqının vitse-prezidenti Jan Haytser hesab edir ki, təşəbbüs iqtisadi xarakterdən daha çox siyasi xarakter daşıyır. Mütəxəssisin fikrincə, daha ağlabatan istiqamət qaz mühərriklərinin inkişafı olardı. Belə bir layihə vaxtilə “KamAZ”da hazırlanıb, lakin tam həyata keçirilməyib.
Yan Haytser elektrik nəqliyyatı sahəsində dünya təcrübəsinin idealdan uzaq olduğunu da vurğulayıb. “Yaşıl” enerjinin təşviqinə xeyli əvvəl başlanılan Avropada da bu sahəyə indi maraq azalıb. Ən böyük avtomobil konsernilərinin rəhbərləri artıq açıq şəkildə bildirirlər ki, elektriklə işləyən avtomobillərə keçməyi nəzərdə tutan əvvəlki planlar dayandırılır.
Hökumətin təşəbbüsü gələcəyin infrastrukturunun formalaşdırılmasına yönəlib, lakin ekspertlər elektriklə işləyən avtomobillərə tələbatın yalnız enerji doldurma stansiyalarının tikintisi hesabına artacağına şübhə edirlər. Mövcud tendensiyalarla bazar çox ləng inkişaf edir və investisiyalar riskli görünür. Rusiya üçün əsas dilemma seçimdir: qlobal tendensiyaları izləməyə davam etmək və ya öz texnoloji yollarını axtarmaq, məsələn, qaz mühərrikləri ilə layihələrin canlandırılması və təkmilləşdirilməsi.
Qeyd edək ki, Rusiyada uzun illərdir ki, yerli elektromobil modelləri istehsal olunur- KAMAZ, Moskviç, Lada və sair firmaların belə modelləri var, lakin onların satışı azdır. Çindən idxal olunan modellərin də satışı azalır.
Qeyd edək ki, Yaponiyada da elektromobillərin istehsalı gündəmdən çxıarılır, daha çox hybrid modellərin istehsalına üstünlük verilir. Həmçinin, hidrogenlə işləyən mühərriklərin yaradılması və avtomobillərdə tətbiqi prosesi başlayır.
Ekspertlər gələcəyin avtomobilləri üçün ən optimal variantın hidrogen mühərrikləri olacağını deyirlər. Çünki elektromobillərlə bağlı çoxlu problemlər və suallar var. Yüksək elektromaqnit sahəsinin sağlamlığa zərərli təsirindən tutmuş, batareyaların xammmalının limitli olmasınadək. Üstəlik bu batareyalar çox baha başa gəlir və az qala avtomobilin yarı qiyməti qədərdir.Bu batareyaların utilizasiyası ekologiyaya da ağır zərər vurur. Soyuq ölkələrdə xüsusən batareyalar tez boşalır və bu çox ciddi probelmlərə səbəb olur.
Üstəlik elektromobil üzərində tam nəzarət imkanı sürücüyə məxsus deyil, istənilən an kənardan müdaxilə ilə avtomobili blok etmək mümkündür. Və ya müəyyən şəraitlərdə avtomobil özü bloklanır və bu sürücülər üçün başağrısına çevrilir.
Bütün bunlar onu göstərir ki, daxili yanma mühərriklərini əvəz edəcək elektrik texnologiyası sabit və təhlükəsiz deyil, üstəlik ekoloji zərərlilik və sağlamlığa problem yaratması faktı var. Bu səbəbdən dünya ölkələrində süni hay-küylə təqdim olunan elektromobillərə keçid prosesi baş tutmayacaq.
Hər nə qədər Çin ucuz qiymətə çoxsaylı elektromobil istehsal edib ixrac etsə də, bu maşınların dünyada üstün mövqeyə keçəcəyinə inam yoxdur. Çünki getdikcə daha çox sürücü aldığı elektromobili satıb ənənəvi avtomobilə keçməyə çalışır.
Azərbaycanda da elektormobobillər üçün güzəştlər tətbiq olunmasına baxmayaraq bu maşınlara maraq çoxalmayıb. Ölkəmizdə belə modellər tək-tük rast gəlinir. Sürücülər daha çox hibrid və ya ənənəvi mühərrikli kompakt avtomobillərə maraq göstərir. Bir də sınaqdan çıxmış köhnə modellərə.
Ümumiyyətlə, dünya avtomobil parkının gələcəyi şübhəlidir və hansı texnologiyanın üstün gələcəyi haqda qəti bir söz demək mümükn deyil. Hər şey elmdə baş verəcək yeniliklərdən asılıdır. Tamamilə təhlükəsiz, etibarlı, zərərsiz enerji növü yaradılmasa, bu qarışıqlıq hələ uzun müddət davam edəcək.
Elçin Bayramlı