PDF Oxu

İqtisadiyyat

  • 1 836

Ərzaq istehsalını artırmaq və idxalı azaltmaq üçün nə etməli? - TƏHLİL

image

Dünya yeni ərzaq böhranı dövrünə qədəm qoymaqdadır. Ərzaq məhsullarının qiyməti durmadan bahalaşır. Buna qlobal iqlim dəyişmələri və quraqlıq səbəbindən istehsalın azalması səbəb olur. Artıq Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin əhalisi bundan ciddi zərər çəkməkdədir.

Qlobal ərzaq qıtlığı problemi ən çox idxaldan asılılığı çox olan ölkələri təhdid edir. Azərbaycanda da zəruri tələbat məhsullarının təxminən yarısı idxal hesabına formalaşır. Nəticədə, dünyada həmin məhsulların bahalaşması ölkəmizdə də bahalaşmaya səbəb olur. Son dövrdə ərzaq məhsullarında qiymət artımları tendensiya halını alıb.

İndi azad bazar dövrü olduğundan hökumət qiymətləri tənzimləyə bilməz və bu səbəbdən bunun qarşısını inzibati metodlarla almaq çətindir. Bu problemin həlli yolu ölkədə ərzaq istehsalının yüksəldilməsi və idxaldan asılılığın ləğv edilməsindən keçir.

Bazar iqtisadiyyatının və qiymət liberallaşmasının özünün qanunauyğunluqları var. Hökumətin qiymətin artmasının qarşısını yox, qiymətin dəyişməsi prosesi zamanı əhalinin rifahını qorumaq, alıcılıq qabiliyyətini təmin etmək, yəni, heç olmasa, sosial müdafiəyə ehtiyacı olan təbəqələrin vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görməsı vacibdir. Dövlət büdcəsindən maaş və pensiya alan vətəndaşların gəlirləri artsa da, özəl sektorda və fərdi çalışanların gəlirləri artmayıb.

İnzibati üsullarla qiymət tənzimlənməsi o zaman mümkündür ki, ölkədə məhsul bolluğu var və qiymət artımı süni inhisarçılıq hesabına yaranıb. Amma hazırda qiymət artımlarının baş verməsi əsasən, xarici amillərin hesabına mümkün olur. Ölkədə istehsal olunan, amma əhalinin tələbatını ödəməyən məhsulları özəl şirkətlər və sahibkarlar idxal edirlər. Onlar da hər hansı malı baha aldıqda, baha da satmalıdırlar.

Kimisə hər hansı məhsulu xaricdən gətirib öz qiymətinə satmağa məcbur etmək olmaz. Bu vəziyyətdə dövlət aztəminatlı təbəqələr üçün güzəştli siyasət yürüdə bilər. Hökumət sosial və iqtisadi mexanizmlərlə bu prosesə təsir edə bilər, ancaq inzibati vasitələrlə heç nə etmək mümkün deyil.

Qiymət artımında xarici amillərin təsir payı böyük olsa da, daxili amillərin də təsiri olmamış deyil. Bunlardan bəzi istehsal və idxal sahələrində inhisarçılığı və yerli məhsulda qiymət artımını şərtləndirən stimullaşdırıcı tədbirləri göstərmək olar. Əgər ölkədə enerji daşıyıcılarının və suyun qiyməti bahalaşırsa, maya dəyərinin bundan asılı olduğu məhsulların qiymətinin artması təbiidir.

Qiymət artımında daha bir əsas amil də inhisarçılıqdır ki, nəticədə bazara süni təzyiqlər artır və mümkün ucuzlaşmanın da qarşısı alınır. Bahalaşma zamanı əhalinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşdüyündən, maya dəyəri baha başa gələn keyfiyyətli məhsulun əvəzinə bazara ucuz və keyfiyyətsiz, hətta saxta məhsullar çıxarılır.

Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici amillərin mümkün təsirlərindən maksimal sığortalanma asan olur. Belə ölkələrdə əsas tələbat malları ölkənin özündə istehsal olunur və bu da xarici amillərin təsirlərini minimuma endirir.

Kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun hətta bazar qiymətinə alınacağı haqda öncədən müqavilə bağlanır.

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Azərbaycanda aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayrılır. Dövlət dotasiyalar, subsidiyalar verir, müxtəlig güzəştlər, yardımlar tətbiq edir. Bu sahədə müəyyən naliyyətlər əldə olunub, lakin hələ də potensialımızdan xeyli aşağı göstəricilərə sahibik. Demək, qəbul olunan dövlət proqramlarının icrası effektli aparılmayıb və bu məsələyə daha ciddi diqqət verilməlidir.

Aqrar sektorun konseptual inkişafı üçün böyük bir dövlət proqramına ehtiyac duyulur. Buraya ərzaq təhlükəsizliyi də daxildir. Ərzaq təhlükəsizliyi həm də kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Kənd təsərrüfatı isə yeyinti sənayesi və yüngül sənayenin inkişafı üçün birbaşa mənbədir.

Dünya standartına görə, gəlirinin 30 faizini ərzağa xərcləyən insanlar yoxsul hesab olunur. Azərbaycanda əhali öz gəlirlərinin təxminən 50 faizindən çoxunu ərzağa xərcləyir. Bu isə dünya normasından yüksəkdir.

Qarşıdan qlobal ekoloji problemlər (quraqlıq, su çatışmazlığı və s) və ərzaq qıtlığı gəlir. Belə bir şəraitdə aqrar sektorun inkişafı ən prioritet məsələyə çevrilməlidir. Bu sahədə xüsusi geniş dövlət proqramının qəbul olunması və kompleks tədbirlərin görülməsi vacibdir.

Elçin Bayramlı

Digər xəbərlər