PDF Oxu

İqtisadiyyat

  • 1 652

Cəmiyyətdə iqtisadi sabitlik hissinin zəifləməsinin əsas səbəbləri NƏLƏRDİR ? - İQTİSADÇI DANIŞDI

image

"İqtisadi sabitlik hissinin cəmiyyətdə zəif olmasının əsas səbəbləri həm qlobal, həm də daxili amillərlə bağlıdır. Müasir dövrdə insanlar təkcə mövcud gəlir səviyyəsinə deyil, gələcəkdə bu gəlirin davamlı olub-olmayacağına da diqqət yetirirlər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.Onun sözlərinə görə, gələcəklə bağlı qeyri-müəyyənlik artdıqca, iqtisadi göstəricilər rəsmi olaraq sabit görünsə belə, cəmiyyətdə psixoloji narahatlıq güclənir: "İlk növbədə, inflyasiya gözləntiləri iqtisadi sabitlik hissinə ciddi təsir göstərir. Qiymət artımlarının davamlı olacağı qorxusu insanların alıcılıq qabiliyyətini zəiflətməklə yanaşı, uzunmüddətli planlar qurmasını da çətinləşdirir. İnsanlar gəlirlərinin sabah bugünkü dəyərini qoruyub-qorumayacağına əmin olmadıqda, iqtisadi sabitliyə inam azalır. Digər mühüm amil əmək bazarı ilə bağlıdır. İş yerlərinin davamlılığına dair inamsızlıq, qeyri-rəsmi məşğulluğun payının yüksək olması və karyera perspektivlərinin qeyri-müəyyənliyi insanların özlərini maliyyə baxımından güvənli hiss etməsinə mane olur. Hətta işləyən şəxslər belə işlərini itirmə riskini daim nəzərə alır və bu da ümumi sabitlik hissini zəiflədir.Eyni zamanda, sosial bərabərsizlik və gəlir bölgüsündə balanssızlıq da mühüm rol oynayır. İqtisadi artımın nəticələri cəmiyyətin bütün təbəqələrinə eyni dərəcədə çatmadıqda, insanlar ümumi iqtisadi inkişafı öz həyatlarında hiss etmirlər. Bu isə “iqtisadiyyat böyüyür, amma mənim vəziyyətim dəyişmir” düşüncəsini formalaşdırır. Maliyyə savadlılığının aşağı səviyyədə olması da iqtisadi sabitlik hissinin zəifləməsinə səbəb olur. İnsanlar riskləri düzgün qiymətləndirə bilmədikdə və ya maliyyə qərarlarının nəticələrini tam anlamadıqda, iqtisadi proseslər onlara daha qorxulu və nəzarətdən kənar görünür. Nəticədə, cəmiyyətdə ümumi etimadsızlıq mühiti yaranır. Nəhayət, qlobal iqtisadi proseslər – geosiyasi gərginliklər, enerji və ərzaq bazarlarındakı dalğalanmalar – milli iqtisadiyyatlara birbaşa təsir göstərir. Bu təsirlər mediada intensiv şəkildə işıqlandırıldıqca, cəmiyyət riskləri daha kəskin qəbul edir və sabitlik hissi zəifləyir".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər