"Son illər ölkədə avtomobil parkının sürətlə artması yol infrastrukturuna ciddi təzyiq yaradır və bu, xüsusilə iri şəhərlərdə nəqliyyat sıxlığını xroniki problemə çevirir. Bu problemin həlli yalnız yeni yolların salınması ilə mümkün deyil, kompleks və sistemli mexanizmlərin tətbiqini tələb edir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.Onun sözlərinə görə, ilk növbədə yol infrastrukturunun idarə edilməsində ağıllı nəqliyyat sistemlərinin (ITS) tətbiqi genişləndirilməlidir: "Adaptiv svetoforlar, real vaxt rejimində nəqliyyat axınının monitorinqi, marşrutların yüklənməsinə uyğun tənzimlənən hərəkət sxemləri sıxlığın azalmasına real təsir göstərir. Bu yanaşma mövcud yolların buraxılış qabiliyyətini artırır və əlavə infrastruktur xərclərinə ehtiyacı azaldır. Digər mühüm mexanizm şəxsi avtomobildən istifadənin tənzimlənməsidir. Şəhər mərkəzlərində parklanmanın mərhələli şəkildə ödənişli edilməsi, bəzi zonalarda avtomobil girişinin məhdudlaşdırılması, pik saatlarda diferensial yol istifadə haqlarının tətbiqi və “park et–get” (park and ride) sistemlərinin qurulması avtomobil axınının azalmasına səbəb ola bilər. Beynəlxalq təcrübə göstərir ki, bu cür iqtisadi və inzibati alətlər insanların nəqliyyat davranışını dəyişməkdə kifayət qədər effektivdir. Bu prosesdə ictimai nəqliyyatın rolu həlledici əhəmiyyət daşıyır. İctimai nəqliyyat rəqabətqabiliyyətli alternativə çevrilmədən sıxlığın azaldılması mümkün deyil. Bunun üçün avtobus zolaqlarının sayının artırılması, onların fiziki olaraq digər hərəkət zolaqlarından ayrılması, avtobusların qrafik üzrə dəqiq işləməsi və sürətinin artırılması əsas şərtlərdəndir. Metropoliten xətlərinin genişləndirilməsi, mövcud stansiyalarda sərnişin axınının rahat idarə olunması da ictimai nəqliyyatın cəlbediciliyini yüksəldir.Eyni zamanda, vahid ödəniş və tarif sisteminin tətbiqi, marşrutlar arasında rahat keçid imkanlarının yaradılması, avtobus, metro və digər nəqliyyat növlərinin inteqrasiyası sərnişin üçün vaxt və xərc baxımından üstünlük formalaşdırır. Rahat, təhlükəsiz və proqnozlaşdırılan ictimai nəqliyyat sistemi şəxsi avtomobildən könüllü imtinanı stimullaşdıran əsas faktordur. Nəqliyyat sıxlığının azaldılması üçün əsas yanaşma “daha çox yol” yox, “daha səmərəli idarəetmə və daha güclü ictimai nəqliyyat” prinsipi üzərində qurulmalıdır. Şəxsi avtomobil istifadəsini tənzimləyən mexanizmlərlə paralel olaraq ictimai nəqliyyata real üstünlüklər verildikdə, həm yol infrastrukturu üzərindəki yük azalacaq, həm də şəhər mühitinin keyfiyyəti və insanların gündəlik həyat rahatlığı əhəmiyyətli dərəcədə yaxşılaşacaq".
Müəllif: Ziya Hikmətoğlu