"Hazırki qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində inflyasiyanın əhalinin real gəlirlərinə mənfi təsiri demək olar ki, bütün ölkələr üçün əsas çağırışlardan biridir. Qlobal enerji və ərzaq qiymətlərində dalğalanmalar, geosiyasi risklər, tədarük zəncirlərində fasilələr və maliyyə bazarlarında qeyri-sabitlik inflyasiya təzyiqlərini gücləndirərək vətəndaşların alıcılıq qabiliyyətini zəiflədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.Onun sözlərinə görə, bu şəraitdə dövlətin fiskal və monetar siyasəti bir-birini tamamlayan, məqsədli və balanslı şəkildə qurulmalıdır: "Dövlət büdcəsi vasitəsilə aşağı və orta gəlirli əhali qruplarının müdafiəsi gücləndirilməlidir. Sosial müavinətlərin, pensiyaların və minimum əməkhaqqının inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsi real gəlirlərin qorunmasında mühüm rol oynayır. Eyni zamanda, əsas istehlak səbətinə daxil olan ərzaq və kommunal xidmətlər üzrə vergi və rüsumların optimallaşdırılması qiymət artımlarının əhali üzərindəki yükünü azalda bilər. Digər vacib fiskal istiqamət daxili istehsalın və məşğulluğun dəstəklənməsidir. Yerli istehsalçıların stimullaşdırılması, xüsusilə kənd təsərrüfatı və qeyri-neft sektorunda subsidiya və vergi güzəştlərinin tətbiqi idxaldan asılılığı azaldaraq inflyasiya risklərini yumşaldır. Bu yanaşma həm qiymət sabitliyinə, həm də əhalinin uzunmüddətli gəlir imkanlarının genişlənməsinə xidmət edir. Monetar siyasət baxımından isə əsas məqsəd inflyasiya gözləntilərinin idarə olunmasıdır. Mərkəzi Bank uçot dərəcəsini və likvidlik alətlərini iqtisadi aktivliyi boğmadan, lakin qiymət artımlarını cilovlayacaq səviyyədə tənzimləməlidir. Pul kütləsinin nəzarətsiz genişlənməsinin qarşısının alınması inflyasiyanın strukturlaşmasının qarşısını almaq üçün vacibdir. Eyni zamanda, bank sektorunda kreditlərin real sektora yönəldilməsi və istehlak kreditlərinin riskli artımının məhdudlaşdırılması monetar sabitliyə töhfə verə bilər. Valyuta siyasəti də bu kontekstdə mühüm rol oynayır. Kəskin məzənnə dəyişikliklərinin qarşısının alınması idxal inflyasiyasını zəiflədərək əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Bu baxımdan, valyuta bazarında sabitlik yaradan çevik və ehtiyatlı yanaşma dövlətin əsas prioritetlərindən biri olmalıdır. İnflyasiyanın əhalinin real gəlirlərinə təsirini azaltmaq üçün dövlət fiskal və monetar alətləri ayrı-ayrılıqda deyil, kompleks şəkildə tətbiq etməlidir. Sosial ədalət prinsiplərinə əsaslanan fiskal dəstək, istehsal yönümlü iqtisadi siyasət və etibarlı monetar çərçivə birlikdə həyata keçirildikdə həm qısa, həm də orta müddətdə əhalinin rifahının qorunmasına real zəmin yarada bilər".
Müəllif: Ziya Hikmətoğlu