"Ümumiyyətlə, Azərbaycanın ticarət tərəfdaşları ilə bağlı iqtisadi balans məsələsinə baxdıqda, qeyd etmək lazımdır ki, burada əsas göstəricilərdən biri ticarət balansıdır. Ticarət balansı ölkənin xarici ticarət dövriyyəsini, yəni ixrac və idxal münasibətlərini əks etdirir və ölkənin iqtisadi dayanıqlığını qiymətləndirmək üçün mühüm göstərici hesab olunur".Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.Onun sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsində, hər zaman olduğu kimi, ötən il də müsbət saldo müşahidə olunub ki, bu da ölkəmizin ixrac imkanlarının idxaldan daha üstün olduğunu göstərir: "Eyni zamanda, yalnız ticarət dövriyyəsində deyil, cari əməliyyatlar balansında da ölkəmizdə müsbət göstəricilər müşahidə olunur. Bu, Azərbaycan iqtisadiyyatının xarici iqtisadi əlaqələrdə dayanıqlı olduğunu və ölkəyə daxil olan vəsaitlərin xaricə çıxan vəsaitlərdən çox olduğunu göstərir. Azərbaycanın əsas ticarət tərəfdaşları arasında birinci yerdə İtaliya, ikinci yerdə Türkiyə, üçüncü yerdə isə Rusiya qərar tutur. Daha sonrakı yerlərdə isə Çin və Avropa İttifaqı ticarət dövriyyəsində önəmli paya malikdir. Bu ardıcıllıq ölkəmizin müxtəlif coğrafi və iqtisadi əlaqələrini əks etdirir və strateji tərəfdaşlıq baxımından mühüm rol oynayır.Düşünürəm ki, qarşıdakı bir neçə il ərzində bu ardıcıllıq əsasən qorunub saxlanacaq. Lakin zaman keçdikcə müəyyən dəyişikliklərin baş verməsi də mümkündür. Məsələn, yaxın üç-dörd il ərzində Çin ilə aparılan ticarət əməliyyatlarının artması nəticəsində Çin ticarət dövriyyəsinə görə Rusiyanı üstələyə bilər. Bu isə Azərbaycanın iqtisadi tərəfdaşlıq strategiyasında dəyişikliklər etməsini və yeni bazarlara diqqəti artırmasını tələb edə bilər.Ümumilikdə, Azərbaycanın ticarət balansının müsbət olması və əsas tərəfdaşlarla davamlı iqtisadi əlaqələrin mövcudluğu ölkəmizin iqtisadi inkişafına və xarici ticarət siyasətinə mühüm töhfə verir. Bu göstəricilər həmçinin investorlar üçün də etibarlı bir siqnal hesab olunur və ölkənin iqtisadi sabitliyinə dair ümumi mənzərəni gücləndirir".
Müəllif: Günel Fərzəliyeva
Sənaye yüz milyardlarla ziyan içindədir...