Azərbaycanda son illərdə rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılmış, müxtəlif sahələri əhatə edən müasir rəqəmsal platformalar formalaşdırılmışdır”.Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.Onun sözlərinə görə, dövlət idarəetməsində rəqəmsal texnologiyaların tətbiqi idarəetmə proseslərinin səmərəliliyinin artırılmasına, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və innovativ yanaşmaların genişləndirilməsinə imkan yaradır:”Bu baxımdan ölkədə rəqəmsal inkişafın yeni mərhələyə keçidi müşahidə olunur.
Cari ilin fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə bu istiqamətdə aparılan siyasətin sistemli xarakter daşıdığını bir daha nümayiş etdirmişdir. Həmin müşavirədə rəqəmsal idarəetmə sistemlərinin təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının geniş tətbiqi və dövlət xidmətlərinin daha effektiv təşkili ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilmişdir. Bu qərarlar ölkənin sosial-iqtisadi inkişafında rəqəmsal texnologiyaların rolunun daha da artırılmasına xidmət edir.Rəqəmsal transformasiya prosesləri aqrar sektorun inkişafına da mühüm təsir göstərir. Kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və aqrar idarəetmənin daha çevik təşkilinə geniş imkanlar yaradır. Bu texnologiyalar torpaq və iqlim məlumatlarının analizi, məhsuldarlığın proqnozlaşdırılması, suvarma proseslərinin optimallaşdırılması və digər aqrotexniki tədbirlərin planlaşdırılmasında mühüm rol oynayır.Bu məsələlərin müzakirəsi məqsədilə martın 11-də parlamentdə Azərbaycan Respublikasının Milli Məclisinin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilmişdir. Tədbirdə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, mövcud nəticələr və gələcək inkişaf istiqamətləri geniş müzakirə olunmuşdur.Komitə sədri Tahir Rzayev bildirmişdir ki, ictimai dinləmənin keçirilməsində əsas məqsəd bu sahədə mövcud vəziyyəti, əldə olunmuş nəticələri və qarşıda duran vəzifələri müzakirə etmək, mütəxəssislərin, alimlərin və aidiyyəti qurumların təkliflərini dinləməkdir. Onun sözlərinə görə, aparılacaq müzakirələr kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı daha səmərəli yanaşmaların formalaşmasına və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəkdir.Komitə sədri kənd təsərüfatı naziri Məcnun Məmmədovun dinləmədə bu sahə ilə bağlı fikirlərini də diqqətə çatdırdı. Nazir qeyd etdi ki, son illərdə Azərbaycanda aqrar sahədə rəqəmsal transformasiya istiqamətində mühüm layihələr həyata keçirilir, elektron kənd təsərrüfatı informasiya sistemi təkmilləşdirilir və fermerlərin müasir texnologiyalara çıxış imkanları genişləndirilir. Vurğulanmışdır ki, süni intellekt əsaslı həllərin tətbiqi torpaq və bitki monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarma və digər aqrotexniki proseslərin daha səmərəli idarə olunmasına xidmət edir.Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın artıq ikinci mərhələsini həyata keçirir. Aqrar Süni İntellekt layihəsi çərçivəsində qərarvermə proseslərinin daha dəqiq və məlumat əsaslı təşkili məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilmişdir. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər mənbələrdən əldə olunan informasiyaları birləşdirərək həm dövlət səviyyəsində strateji idarəetməyə, həm də fermer təsərrüfatlarında operativ qərarverməyə dəstək verir. Beləliklə, aqrar idarəetmə sistemi ənənəvi təcrübəyə əsaslanan modeldən məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçid mərhələsinə daxil olur.Komitə sədri Tahir Rzayev vurğuladı ki, “kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi fermer fəaliyyətinin daha səmərəli təşkilinə və aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcəkdir. Dövlət tərəfindən bu sahəyə göstərilən dəstək və innovativ texnologiyaların tətbiqi Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir. Aqrar sektorda süni intellekt texnologiyalarının tətbiqi yalnız kənd təsərrüfatının modernləşdirilməsinə deyil, həm də ölkənin davamlı iqtisadi inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edən mühüm strateji istiqamətlərdən biri kimi qiymətləndirilir”.
Müəllif: Günay Hacıyeva
Sənaye yüz milyardlarla ziyan içindədir...