Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SİA-ya müsahibəsi:
- Mübariz müəllim, yeni Milli Məclis artıq öz işinə başladı. Yeni heyəti necə dəyərləndirirsiniz və bu dəfəki heyətin fəaliyyətində nələri gözləyək?
- Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirildi. Bu parlament seçkiləri ölkəmizdə azad, demokratik, ədalətli şəkildə keçirilən seçkilər kimi tariximizə daxil oldu və yeni Milli Məclis formalaşdı. Artıq yeni Milli Məclisin rəhbər heyəti seçildi. Cənab Prezident Milli Məclisdə iştirak etdi, orada böyük nitq söylədi. Ölkə başısı nitqində həm Milli Məclisin qarşısında duran vəzifələr, konkret olaraq ayrı-ayrı deputatların qarşısında duran vəzifələr, eyni zamanda bütövlükdə cəmiyyətimizdə, dünyada gedən hadisələrlə bağlı dəyərli fikirlərini səsləndirdi. Deyərdim ki, Milli Məclis üçün, deputatlar üçün, həm də cəmiyyət, müxtəlif sahələr üçün Azərbaycanın qarşısında duran vəzifələr konkret şəkildə ifadə edilərək bu tövsiyyələri verdi. Hesab edirəm ki, yeni Milli Məclis zamanın tələbinə uyğun olaraq Azərbaycanın qarşısında duran vəzifələrin həllinə, o cümlədən islahatlar xəttinə öz dəyərli töhvəsini verə biləcək.
-Yeni tərkibdə Yeni Azərbaycan Partiyası digər siyasi partiya nümayəndələrinin də Milli Məclisdə yüksək post tutmasında maraqlı oldu. Buna səbəb nə oldu?
-YAP bu seçkilərdə parlamentdə üstünlük əldə etdi. Yəni Milli Məclisdə 70 yer qazanıb. Bundan başqa parlamentdə ayrı-ayrı siyasi partiyaların nümayəndələri də yer qazanıblar. O cümlədən onların arasında heç bir siyasi partiyanın üzvü olmayan deputatlar da vardır. YAP Qanuna, daxili Nizamnaməyə, o cümlədən demokratiyanın tələblərinə görə seçki yolu ilə parlamentdə həm komitə sədrləri, müavinləri, həm də parlamentdə digər seçkili vəzifələri tuta bilərdi. Amma üstünlüyün YAP-da olmasına baxmayaraq, hakim Partiya digər partiyaların, o cümlədən heç bir siyasi partiyanın nümayəndəsi olmayan deputat qrupunun da həmin parlamentə rəhbər vəzifələrində təmsil olunması üçün şərait yaratdı. YAP-ın nümayəndəsi Sahibə Qafarova parlamentin sədri, Əli Hüseynli MM-nin birinci sədr müavini, Adil Əliyev, Fəzail İbrahimli isə sədr müavinləri təyin olundular.
- Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni Milli Məclisin ilk iclasında belə bir fikir bildirdi ki, “Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır və parlamentin rolu burada çox vacibdir. Biz 20 il, 30 il, 50 il sonra hansı dövlətdə yaşamaq istədiyimizi bilməliyik. Biz bilirik və xalq da bilir. Amma bunu təmin etmək lazımdır”. Məhz sizin qurumun, həm də yeni heyətin bununla bağlı görəcəyi hansı işlər var?
- Cənab Prezident çıxışında Azərbaycanda dövlət-din münasibətlərinə, o cümlədən dini radikalizmə qarşı mübarizə məsələlərinə toxundu. Ölkə başçısı xüsusi vurğuladı ki, “biz Azərbaycanın dünyəvi dövlət modelini məxsusi olaraq təşviq etməliyik və bu istiqamətdə əldə etdiyimiz nailiyyətləri daha geniş şəkildə yaymağa çalışmalıyıq”. Bilirsiniz ki, Azərbaycan Konstitusiyaya görə dünyəvi dövlətdir. Azərbaycanın dünyəvi dövlət-din modeli dünyanın ayrı-ayrı qurumları tərəfindən, o cümlədən Azərbaycanın dini baxımdan təmasda olduğu ölkələr tərəfindən çox yüksək səviyyədə dəyərləndirilir. Ötən il Azərbaycanda dünya dini liderlərinin ikinci Bakı Sammiti keçirilərkən burada iştirak edən ayrı-ayrı dini liderlər Azərbaycanın dövlət-din modelinə toxundular və onu yüksək dəyərləndirdilər. İslam Əməkdaşlıq Təşkilatı islam dünyası çərçivəsində də Azərbaycanın dövlət-din modeli hamı üçün bir nümunə kimi qeyd olunur. Ümumiyyətlə dünyada heç bir din radikal deyil. İslam dinində, xüsusilə qeyd edə bilərəm ki, Qurani-Kərimdə bununla bağlı çoxlu ayətlər, hədislər var ki, insanlığı bir-birinə çox səmimi olmağa, qardaşlığa çağırır. İslam dininin özü də elə qardaşlıq dinidir. Yəni bu baxımdan biz dini radikal adlandıra bilmərik. Dindən sui-istifadə edən qruplar, dairələr olur. Onlar öz məqsədlərinə çatmaq üçün din içərisində bu cür təbliğatlar aparırlar. Biz buna din adı altında gizlənən radikal və ekstremist qruplar deyirik. Bu din adı altında gizlənən radikal, ekstremist qruplara qarşı mübarizənin ən gözəl yolu dini olduğu kimi insanlara çatdırmaqdır.
- Necə düşünürsünüz, hazırda bütün dünyanın kabusuna çevrilən koronavirus Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər? Bunun qarşısında dayanıqlı bir iqtisadiyyatımız varmı?
-Ümumiyyətlə bu tipli kütləvi xəstəliklərdən yayınmaq o qədər asan məsələ deyil. Bu gün dünyanın 120-dən çox ölkəsinə bu virus yayılıb. Bəşəriyyət tarixində çoxlu bu cür kütləvi xəstəliklərlə müşaiyət olunan və böyük insan qırğınına gətirib çıxaran xəstəliklər mövcud olub. Bu cür qrip xəstəlikləri fonunda olan viruslar vardır. Hətta mütəxəssislər bildirirlər ki, bu tipli 4 mindən çox viruslar vardır. Onlar ayrı-ayrı dövrlərdə təzahür ediblər. Hətta vaxtilə ispan qripi deyilən bir qrip olub. O da xeyli insanın həyatdan getməsinə gətirib çıxarıb. Bununla belə statistika göstərir ki, sadə saydımız qripin özündən də vəfat edənlərin sayı kifayət qədər çox olur. Koronavirus deyilən virusla bağlı problem ondan ibarətdir ki, hələlik bu virusun qarşısını almaq üçün lazımi səviyyədə tibb ona qarşı dərmanı yaratmayıb. Doğrudur bu müalicə olunur. Artıq Çində bu virusa yoluxanların müalicə aldığını və sağaldığını statistikalar da göstərir. Orada aparılan profilaktik tədbirlər nəticəsində yoluxmanın genişlənmədiyi də göstərilir. Artıq Dünya Səhiyyə Təşkilatı bu virusu pandemiya kimi elan etdi. Çinin özündə də sakit dayanmayıblar və bu mübarizə davam edir. Bu virusların ən problemli cəhəti ondan ibarətdir ki, bunlar mutasiyaya uğrayır. Biz ümidsiz olmalı deyilik və dünya səhiyyəsində çox böyük yeniliklər meydana gəlib.
Əlbəttə ki, dünya iqtisadiyyatına bu virus təsirsiz ötüşməyib. Heç şübhəsiz ki, bizim ölkəmizə də müəyyən təsiri olacaq. Bu gün neftin qiymətinə də məhz elə bu koronovirus təsir göstərib. Amma əminəm ki, Azərbaycan iqtisadiyyatı bu cür təlatümlərə davamlıdır və bunu aradan qaldırmağa qadirdir. Bizim iqtisadiyyatı üzrə həm mütəxəssislərimiz, həm də rəhbər işçilərimiz Azərbaycanda qabaqlayıcı tədbirlərlə bağlı fikirlər səsləndiriblər. Vətəndaşlarımız da bu məsələdə həmrəylik nümayiş etdirməlidir.
- Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu müxtəlif layihələr həyata keçirir. Qadın hüquqları ilə bağlı məsələlər də bu səpkidəndir. Sizin fikrinicə özlərini “feminist” adlandıranların keçirdiyi aksiyanın qadın hüquqları ilə əlaqəsi var? Əslində Azərbaycan qadını özünü necə təqdim etməlidir?
- Ümumiyyətlə “feminist” hərəkatı Qərbdə meydana gəlib. Qərb dünyasında “feminist” hərəkatının meydana gəlməsinin əsasında qadınların seçki hüququ əldə etməsi, qadınların iş yerlərində bərabər kişilərlə bərabər hüquqlar əldə etməsi, əməkhaqqı məsələləri və s. çox geniş bir mövzudur. Amma Azərbaycan qadını həmişə azad olub. Biz müsəlman dünyasının bir parçasıyıq, İslamı qəbul etmişik amma bizim ənənəvi olaraq tarixən Azərbaycan türk xalqına məxsus dünyagörüşümüz, ənənələrimiz olub. Dədə-Qorqud dastanlarından başlayaraq nağıllarımızı, dastanlarımızı, folklorumuzu götürsək görərik ki, Azərbaycan qadını hər zaman azad olub. Yəni Azərbaycanda “feminist” hərəkatının mahiyyətində nə dayanır? Azərbaycan qadınının ailədə bərabərliyimi? Bizdə monoqam ailədir. Bizdə ailədə bir qadın bir kişi mövcud olub. Eyni zamanda Azərbaycanda hər zaman qadın ailədə böyük hörmət sahibi olub. Əgər biz “feminizm”ə baxsaq qərbdən öncə Azərbaycanda qadına seçmək və seçilmək hüququ verilib. Yəni 1918-ci il AXC Azərbaycan qadınına seçib-seçilmək verəndə qərb ölkələrinin bəzilərində bu yox idi. Ölkəmizdə seçki ilə bağlı, peşə seçimi ilə bağlı və s. qadınla kişi arasında qanunvericiliyimizdə, fəaliyyətimizdə bir fərq varmı? Təbii ki, yoxdur. “Feminist” hərəkatı davam edə bilər. “Feminizmin” müasir dövrə aid hansısa məsələlərlə bağlı fikirləri ola bilər. Məsələn, qadına şiddət və s. Bu gün qadına şiddət dünyanın hər yerində var. Qadına şiddətlə bağlı qərbdə, ən qabaqcıl ölkələrdə, ABŞ-da kinoxronikalar və sənədli filmlər var. Ona baxdıqda adam dəhşətə gəlir. Amma Azərbaycanda “feminizm” adı altında bizim milli-mənəvi dəyərlərimiz, ailə dəyərlərimizə zidd çağırışlar etmək əlbəttə ki, yolverilən və bağışlanan deyil. Əminəm ki, cəmiyyət də buna öz təpkisini göstərib. Biz bunu sosial şəbəkələrdə də görürük.
sia.az