Müsahibə

  • 7 138

Qadın “hərbiçilərin” Qarabağa göndərilməsi Ermənistan hakimiyətinin çirkin niyyətinin ifadəsidir

image

Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri üzrə Komitənin sədri, professor Hicran Hüseynova
- Ermənistan silahlı qüvvələri həm hərbi təxribat törədir, həm də humanitar atəşkəs rejimini kobud surətdə pozur. Cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlara raket zərbələri endirir. Sizin fikrinizcə buna səbəb nədir?
- 27 ildir ki, BMT-nin Qətnamələri kağız üzərində qalıb. Bizim sülhsevər xalqımız ötən müddət ərzində aparılan danışıqlara inanır və səbr göstərirdi ki, torpaqlarımız sülh yolu ilə geri qaytarılacaq. Lakin biz danışıqların mənasız olduğunu müşahidə edirdik. Ermənistanın baş nazirinin “Qarabağ Ermənitandır” deməsi isə danışıqların demək olar ki, birtərəfli qaydada dayanmasına səbəb oldu. Xüsusilə də, həmsədr ölkələrdən bəzisinin acıq – aşkar işğalçının tərəfində durması, haqsız olduğu halda onu müdafiə etməsi əlbəttə ki, məsələnin konstruktiv həll ediləcəyinə inamı daha da azaldır. Artıq elə bir vəziyyət yarandı ki, işğalçı Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başladı, bəyanatlar verdi.
Sentyabrın 27-dən başlayaraq Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan ordusunun əks - hücüm əməliyyatı nəticəsində kəndlərimiz, ərazilərimiz, Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, xüsusi strateji əhəmiyyətə malik olan Xudafərin körpüsü, Mincivan və Ağbənd qəsəbələri azad olundu. Döyüş müeydanında uduzan ermənistanın siyasi-hərbi rəhbərliyi silahları dinc əhaliyə, mülki obyektlərə yönəldir. Həmçinin, iki dəfə oktyabrın 10-u və 17-də humanitar atəşkəsin tətbiq olunması ilə bağlı razılığa baxmayaraq, terrorçu ermənistan həm cəbhə boyu yerləşən şəhər, rayon və kəndlərimizi, həm də döyüş bölgəsindən tamamilə kənarda yerləşən ərazilərə, rayon və şəhərlərə (Bərdə, Mingəçevir, Ağcəbədi, Yevlax, Gəncə, Xızı, Qəbələ, Kürdəmir, Siyəzən). Danışıqalar və atəşkəs üçün yalvaran Ermənistan yenə də öz mənfur, çirkin, cinayətkar xislətindən əl çəkmir, silahı dinc əhaliyə, müki və strateji obyektlərə istiqamətləndirir. Bunların sırasında daha dəhşətlisi Gəncədə törədilən vəhşilikdir. Ümumiyyətlə, terror aktlarında həlak olan hər insan şəhiddir! Allah şəhidlərə rəhmət eləsin, onların yaxınlarına baş sağlığı verirəm! Yaralılara isə tezliklə sağalmalarını arzu edirəm! Bu vandalizmdir və Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Erməninin insanlığa sığışmayan, vəhşi hərəkətlərini Qaradağlıda, Ballıqayada, Xocalıda əyani şəkildə görmüşük! Kriminal ermənistan dövləti beynəlxalq hüququn norma və prinsiplərə əməl etmir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir. Düşmən şəhər və kəndlərimizi atəşə tutmaqla, münaqişənin gedişini dəyişmək, onu daha da genişləndirmək istəyir. Ermənictanın baş nazirinin taktikası çox sadədir: o ölkəmizin hətta təmas xəttində yerləşməyən rayon və şəhərlərinə, kəndlərə raket zərbələri yağdırmaqla, dinc əhalini hədəfə almaqla Azərbaycanı Ermənistandakı hərbi hədəflərə cavab zərbəsi vurmasını gözləyir. Bununla da özünü “ qurban”, “yazıq”kimi göstərməklə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Buna görə də Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu terrorçu, heç bir hüquqa məhəl qoymayan Ermənistanın bu qurumda təmsilçiliyinə yenidən baxılmalıdır. Xislətində riyakarlıq, terrorçuluq, dağıdıcılıq kimi mənfi elementlər olan bu ölkə təkcə Azərbaycan deyil, həm də digər ölkələr üçün də hər zaman təhlükəli ola bilər.Ümumiyyətlə, bu təşkilat öz Nizamnaməsini yenidən nəzərədn keçirməli və belə bir bənd əlavə etməlidir ki, üzv dövlətlərdən biri terror aktları həyata keçirirsə, hərbi cinayətlər törədirsə onun təşkilatdan çıxarılmalıdır.
Biz bunu bilirik, lakin bütün dünya ictimaiyyəti bir daha əyani şəkildə görsün ki, kriminal ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki, dövlət siyasətinin əsas mahiyyətini terrorizm təşkil edən Ermənistan region üçün böyük təhlükədir. Qəhrəman Gəncə sakinləri, eləcə də bütün xalqımız ruhdan düşmür, Ali Baş Komandana, dövlətimizə, ordumuza inanır. Bu gün xalqımız hər bir mənada sınaq qarşısındadır, hər birimiz düşmənin məqsədini yaxşı anlayırıq. Hazırda uduzmaqda olan Ermənistan dinc əhalini atəşə tutmaqla xalqımızın inamını, mübarizə əzmini qırmağa çan atırlar. Lakin bu da bir həqiqətdir ki, bizim qələbə əhval-ruhiyyəmizi qıra bilməyəcəklər.
- Qarabağın statusu tarix nə deyir?
- Əgər biz tarixə baxsaq görərik ki, sənədlərə və siyasi hüquqa əsasən artıq Dağlıq Qarabağ Muxtar Vilayəti qurumu artıq arxivdə qalıb. Tarixi sənədlərə əsasə 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır.
1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib. 1987-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tam miqyaslı müharibəyə çevrilmişdir.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi.
Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir. Lakin 1989-cu ilin dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır.
1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb. Bu qanunlar bir daha sübut edir ki, belə bir vilayət yoxdur.
Digər bir fakt isə 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan respublikası da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi kimi tanınmışdır. Lakin buna baxmayaraq bu torpaqlar hələ də işğal altındadır.
1988-1994-cü illər ərzində Qarabağda azərbaycanlı yerli əhaliyə qarşı davam edən etnik təmizləmə prosesi nəticəsində hal-hazırda Qarabağda bir nəfər də azərbaycanlı yaşamır. Bu da bu regionda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə prosesinin ən bariz sübutudur. Statistikaya nəzər yetirsək görərirk ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi təqribən 65 min nəfərdir. Bu, böyük icma deyil. Lakin müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı. Yəni əhalinin 70 faizindən çoxu azərbaycanlı olub.
Keçən bu müddət ərzində Azərbaycan sülh yolu ilə torpaqlarımızın işğaldan azad olunacağını ümid edirdik. Lakin hadisələrin gedişi onu göstərdi ki, qarşı tərəf bu sülhyaratma prosesindən yayınır, prosesə maneələr yaradır. Və bu gün artıq vəziyyət başqadır, hazırda BMT-nin qətnamələrinin icrasını Azərbaycan özü yerinə yetirməyə yetirir. Oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağda refendumun keçirilməsi ilə bağlı cavabı da, çox qətidir : “heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq”. Xalqların öz müqəddəratını təyinetməsi beynəlxalq hüququn mühüm amillərindən biridir. Lakin bu fakt heç bir dövlətin ərazi bütövlüyünü pozmamalıdır.
- Sizin fikrinizcə Azərbaycanı qələbəyə aparan yola nəzər yetirsək, əsas hansı məsələləri qeyd edərdiniz?
- Bu günkü qələbənin əsasında bizim ölkəmizin inkişafı, sabitliyi dayanır. Biz gələcəyə böyük inamla baxırıq, niyə görə? Yaxın tarixə nəzər salsaq, nə görürük? Dağıdılmış, bütün əlaqələri kəsilmiş bir ölkə. Tarixi missiyanı öz üzərinə götürərək Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bütün çətin sınaqlardan şərəflə çıxarmışdır. Təməli o illərdə qoyulmuş siyasət Cənab Prezidentmiz İlham Əliyev tərəfindən daha da gücləndirilmişdir. Ölkəmiz dünya miqyasında iqtisadi cəhətdən ən rəqabətqabiliyyətli ölkələr sırasında 35-ci yerdədir. “Əsrin kontraktı”nın daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, eləcə də, enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbayacan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir. Azərbaycan bütün çətinliklərə baxmayaraq, öz inkişaf tempini qoruyub saxlamaqda davam edir. BMT-nin “Dayanıqlı inkişaf indeksi” ilə bağlı yeni hesabatda Azərbaycan keçən ilə nisbətən irəliləyərək 54-cü yerdə qərarlaşıb. Bu göstəriciyə görə Azərbaycan regionda liderdir.
Prezident İlham Əliyev dəfələrlə və aydın şəkildə deyirdi ki, “Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək”. Bunun üçün ilk növbədə iqtisadi imkanlar artmalı idi. Ölkə başçısı bütün hallarda, hətta dərin iqtisadi böhran dövründə, də bütün gücü iqtisadi inkişafa, sosial və infrastruktur layihələrinə, investisiya proyektlərinə , qeyri-neft sektorunun inkişafına yönəltdi. Həyata keçirilən Düzgün iqtisadi strategiya nəticəsində "İqtisadi inkişafın Azərbaycan modeli" yarandı. Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına səbəb olmuşdur.Ordumuzun maddi-texniki təminatı gücləndirilmişdir. Biz bir sıra ölkələrdən silah almaqla yanaşı, özümüz də silah istehsal edirik. İxtisaslı hərbi kadrlar yetişdirilmişdir. Bu gün dünyanın bir çox tanınmış hərbi ekspertləri ordumuzun əməliyyatlarını yüksək qiymətləndirir. Azərbaycan ordusu MDB məkanında ikinci, dünyada isə dünyada 50 ən güclü ordu sırasındadır. Əlbəttə ki, digər mühüm şərt diplomatik müstəvidə uğur qazanmaqdır. Bununla bağlı, qısa olaraq, qeyd etmək lazımdır ki, Azərbaycan son illər bu sahədə xeyli nailiyyət əldə edtmiş və beynəlxalq nüfuzu artmışdır. İkitərəfli və çoxtərəfli münasibətləri daha da təkmilləşdirmişdir. BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurum sədrlik edir, 5 mühüm layihə icra edir.
Bu gün xalq- dövlət-ordu birliyi var. Bu gün hər kəs yaşından, cinsindən, milli, siyasi, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin ətrafinda sıx birləşib. Hətta ölkədən kənarda yaşayan həmvətənlərimiz, həqiqətin, ədalətin tərəfdarı olan digər ölkələrin tanınmış mütəxəssisləri, politoloqları, tarixçiləri, adi vətəndaşlar da bizi dəstəkləyir. Xüsusilə, gənclərimiz sosial məkanda aktivdirlər, lakin biz bu fəallığı daha da artırmalıyıq. Bu gün hər kəs tam qələbəyə nail olmaq üçün, torpaqlarımızı bu mənfur terrorçulardan azad etmək üçün öz töhfəsini verir. Baxın, cəbhə bölgəsindən çox uzaqda yerləşən şəhərlərimiz, rayonlarımız, kəndlərimiz atəşə tutulur, raket zərbələri nəticəsində dinc əhali həlak olur, yaralanır, evlər, mülki obyektlər dağılır. Lakin bu, insanlarımızı qorxutmur, mübarizə əhval-ruhiyyəsinə mənfi təsir göstərmir. Öz gündəlik həyatlarına davam edirlər, təsərrüfatla məşğul olur, işləyirlər, oxuyurlar- bunun özü də bir töhfədir, mübarizədir. Bu o deməkdir ki, düşmən bizi ruhdan sala bilməz, insanların arasında panika yarada bilməz, psixoloji təsir göstərə bilməz. Əksinə düşmən narahat olmağa başlayır, “hardandır, bu güc?-deyə fikirləşir və sarsılır”. Cavab çox sadədir: Biz bu gücü, bu inamı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan, bütövlükdə dövlətimizdən, ordumuzdan, qəhrəman əsgərlərimizdən, vətən sevgisindən, birliyimizdən!
- Vətən müharibəsi bitdikdən sonra gələcəyi necə təsəvvür edirsiniz, regionu necə görürsünüz?
- Son müsahihələrində cənab Prezident də bu məsələni qeyd edir ki, müharibə bitdikdən sonra yeni siyasi və geosiyasi vəziyyət yaranacaqdır. Hazırda Azərbaycan öz xilaskar missiyası ilə təkcə ölkəmiz üçün yox, həm də Cənubi Qafqaz regionu və qlobal miqyasda yeni tarix yazır. Azərbaycanın regional və qlobal proses və layihələrdə iştirakı daha da artacaqdır. Ölkəmizin iqtisadi imkanları güclənəcəkdir. Biz öz ərazi bütövlüyümüzü təmin etdikdən sonra da çox ehtiyatlı olmalıyıq. Tarix və təcrübə göstərir ki, ermənilər hər an təhlükə yarada bilərlər. Buna görə də bəzi məsələləri diqqətdən qaçırmaq olmaz:
Birincisi,Azərbaycanın sərhədlərində öz hərbi bazalarımızı yaratmalıyıq ki, təhlükəsizliyimiz təmin olunsun, başqa maraqların toqquşmasına imkan verməməliyik;
İkincisi, ermənilər törətdiyi hərbi cinayətlərə və terror aktlarına görə yerli və beynəlxalq səviyyədə məsuliyyət daşımalıdır. Müvafiq milli qanunvericilik aktlarının və beynəlxalq konvensiya və sənədələrin tələblərinə uyğun olaraq,həmçinin "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası və digər sənədlər əsasında cinayətkarlar mühakimə olunmalı, bütün hüquqa zidd əməllərinə görə təzminat ödəməlidir;
Üçüncüsü, bilirik ki, onlar həm ölkədə, həm də ölkədən kənarda yaşayan diplomatik nümayəndələrə, aktiv və tanınmış azərbaycanlılara və bütün soydaşlarımıza qarşı hər hansı terror aktı törədə bilərlər. Bu da tarixi faktlarla sübut olunub ki, onların terror təşkilatları belə cinayətlər edirlər. Bu çox ciddi məsələdir, təhlükəlidir;
Dördüncüsü, birgə yanaşı yaşamaq məsələsi. Əslində belə təcrübə var, lakin biz həmişə oyaq olmalıyıq, diqqət etməliyik. Ermənilərin bizə olan münasibətini hər zaman yadda saxlamalıyıq.
- Ermənistan hakimiyyəti döyüşdə iştirak etmək üçün qadınları səfərbər edir. Sizin erməni qadınlarının müharibədə iştirakına münasibətiniz necədir?
- Bu məsələyə bir neçə aspektdən baxa bilərik:
Birincisi, bu ermənistan üçün böyük bir demoqrafik problem yaradacaq. Onların genefondu daha da zəifləyəcəkdir. Bilirsiniz ki, Ermənistanda demoqrafik vəziyyət olduğca ağırdır, əhalinin sayı artmır, təbii artım ildən-ilə daha da aşağı düşür. Onsuz da az olan ermənilər daha da azalacaqdır.
İkincisi, hərbi əməliyyatlar zamanı yaralanan və ölən qadın hərbiçilərdən öz çirkin məqsədləri üçün istifadə etmək istəyirlər. Həmin qadınların guya dinc əhali olduğunu və Azərbaycan tərəfinin onlara qarşı silahdan istifadə etdiyini deyəcəklər. Bununla da Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək niyyətindədir.
Üçüncüsü, terrorçu ölkənin baş naziri Nikol Paşinyan qadınları səfərbər etməklə həm də Qarabağ cəbhəsində pərən-pərən olmuş erməni ordusunu ruhlandırmaq istəyir. Ancaq əlbəttə ki, bu alınmayacaq, çünki bizim rəşadətli ordumuzun gücünü bütün dünya görür.
Dördüncüsü, bu bir mesajdır, yəni Ermənistanda hətta erməni qadını da başqa ölkənin torpaqlarında vuruşmağa hazırdır. Bəli, tarixdə bir çox nümunələr var ki, qadınlar da əlinə silah alıb, kişilərlə bərabər vuruşublar. Lakin onlar öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıblar, başqa torpaqlara göz dikməyiblər. Bu siyasətə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan başçılıq edir.
- Bu ilin yay aylarında Anna Akopyan 15 erməni qadın hərbi təlimlərdə iştirak ediblər. Harada? Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərində. Kimə qarşı? Dinc əhaliyə, şərti düşmən olan azərbaycanlıya qarşı. Əgər Ermənistanda qadınlar da döyüşə, müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?
- Bir də azərbaycan qadınına baxaq, nə görürük, güclü, qorxmaz ana, sülhsevər qadın. O bilir ki, övladı müharibəyə gedir,yaralana bilər, şəhid ola bilər. Lakin onun övladı doğma torpağını qoruyur, işğaldan azad olunması üçün vuruşur. Onun övladı Vətənin bütövlüyü üçün qəhrəmancasına mübarizə aparır. Mən Sumqayıt şəhərinin millət vəkiliyəm. Vətən müharibəsində şəhidlərin dəfn mərasimində iştirak edirəm.Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbrlə “Vətən sag olsun!” deyirlər. O xalq xoşbəxtdir ki, torpağı uğurunda mübarizə aparmağı, həm qalib gəlməyi, həm də şəhid verməyi bacarır. Balası şəhid olan ana bu itkinin ağır olmasına baxmayaraq, özünü şah tutur, başını dik tutur, çünki oğlu qəhrəmandır, igiddir. Öz Prezidentinə, Ali Baş Komandanına inanır, güvənir. Eləcə də respublikanın Birinci-vitse prezidenti Mehriban Əliyeva hər gün çağırışlar, müraciətlər edir. Erməni terrorçularının törətdiyi dəhşətləri ürək ağrısı ilə qarşılayır, hər bir vətəndaşımıza qayğı ilə yanaşır, həm də bir ümid yaradır. Bu ümid hamımızın yaralarına məlhəmdir.

yap.org.az

Digər xəbərlər