Müsahibə

  • 4 353

"Paşinyanın dedikləri Ermənistanda təlatümə gətirib çıxaracaq"

image

SİA hərbi ekspert Ədalət Verdiyevin müsahibəsini təqdim edir:
- Erməni cinayətkarlığının məhkəmə prosesi artıq başlayıb. Bu məhkəmə prosesinin önəmi nədir? Hansı proseslər cərəyan edir?
- Baş verən proses əslində hüquqi bir məsələdir. Lakin bu məhkəmənin Azərbaycan üçün önəmli olan məqamları da var. Yəni biz 30 il erməni işğalına məruz qaldıqdan sonra bu gün qalib ölkə kimi erməni terrorçularını ilk dəfə məhkəmə qarşısında görürük. Bu çox önəmli və əhəmiyyətli məsələdir. Hələ də 4 mindən çox vətəndaşımızın taleyi ilə bağlı Ermənistan tərəfindən məntiqli cavab ala bilmirik. Ümumiyyətlə bu proseslərdə Azərbaycanın məsələyə hüquqi baxımdan daha doğru, ədalətli yanaşdığının şahidi oluruq. Hesab edirəm ki, Azərbaycana vaxtilə silah çevirənlər, öz ərazilərimizdə bizə qarşı təcavüz edənlərin məhkəmə qarşısında ən ağır cəzanı alması həm də Azərbaycanın beynəlxalq hüquq baxımından yanaşmasına xarakterizə edəcək. Bununla belə onlara məhkəmədə vəkil tutulur, onlar terrorçu olsalar belə onların hüquqları qorunur. Düşünmürəm ki, bu kimi nüanslar onların cəzalarının yumşaldılmasına təsir göstərsin. Ümumilikdə isə bu kimi tədbirlərin keçirilməsi maksimalist düşüncələrə qapılan erməni kilsəsinin, "Daşnaksütyun" kimi partiyaların, revanşist qüvvələrin təsiri altında Azərbaycan ərazilərinə müdaxilə etməkdən bu gün də çəkinməyən ermənilərə konkret bir nümunə olacaq. Ərazimizə sərhədlərimizin tam bərpası, delimitiasiyası, demarkasiyası bitmədən hansısa bir şəkildə daxil ola bilər. Lakin bu sonda bu gün davam edən məhkəmə prosesləri ilə nəticələnəcək. Bu baxımdan bu kimi prpseslərin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır.
- Bir müddətdir ki, davam edən Azərbaycan-Ermənistan sərhədlərində gərginlik nə ilə nəticələnəcək?
- Ermənistan tərəfindən ardı-arası kəsilməyən təxribatlar, həm Kəlbəcər, həm də Laçın istiqamətində davam edir. Atəşkəsin pozulması kimi hadisələrə isə ilk dəfə Şuşa yaxınlığında rast gəldik. Baş verən proseslər göstərir ki, Ermənistanın siyasi rəhbərliyi hazırki, ciddi bir gərginlik yaratmaq arzusunda olmaz. Çünki seçkilərə yaxın bir vaxtda bu kimi gərginlik Ermənistan tərəfinin növbəti dəfə məhkəmə qarşısında daha ciddi cəzalanması ilə yekunlaşa bilər. Bu insanların hər birinə aid olan bəlli bir silahlı qruplaşmalar, qüvvələr və onların maraqlarında fəaliyyət göstərə biləcək erməni silahlıları çoxdur. Bundan başqa Ermənistan ərazisində terror qruplaşmalarının da olduğunu bilirik. Qarabağda “Voman"ın çıxarılmasına dair bizim əlimizdə konkret və dəqiq görüntülər yoxdur. Bu qüvvələrin nə zaman təxribat törədəcəyini heç kim bilə bilməz. Bu təxribatların başında kimin durduğunu son həftələr ərzində Azərbaycan tərəfindən saxlanılan erməni terrorçuları deyəcəklər. Düşünmürəm ki, hüquq-mühafizə orqanlarımız artıq bu barədə müəyyən məlumatlara malikdir. Lakin rəsmi açıqlamalar olmadığına görə, biz bu məsələdə biraz gözləməliyik. Görünən odur ki, Azərbaycan tərəfi həmin ərazilərdə, xüsusilə gərginliyin baş verdiyi ərazilərdə kifayət qədər ciddi imkanlara malik qüvvələri yerləşdiriblər. Onların zərərləşdirilməsi üzrə fəaliyyətlər artıq daha təmkin nümayiş olunmadan həyata keçirilir. Cənab Prezident də artıq təxribatlara son verilməsi ilə bağlı mesajları səsləndirib. Ardınca Müdafiə Nazirliyi sərt və qəti cavabın verilməsi ilə bağlı qoşun-birlik komandanlarına öz göstərişini verib. Ümumilikdə proseslər onu göstərir ki, "Dəmir Yumruğ"un növbəti dəfə zərbəsini almaq istəyən Ermənistanın xahişinə müsbət yanaşa bilərik.
- Erməni tərəfi faktiki olaraq sərhədlərin dəqiqləşdirilməsi məsələsindən qaçır. Bu halda sərhəddəki proses necə tənzimlənəcək?
- Tutaq ki, Ermənistan üçtərəfli bəyanatın şərtlərinə razı oldu. Belə olduqda Azərbaycan təbii ki, sərhədlərini müəyyənləşdirmək üçün mövqelərini irəli çəkəcək. Bu birmənalıdır. İndi seçkilərə gedən zaman Ermənistanın növbəti dəfə qoşunlara geri çəkil əmrini Paşinyanın səsləndirməsi Ermənistanda təlatümə gətirib çıxardacaq. Paşinyanı zatən rəqibləri devirmək, tənqid atəşinə tutmaq üçün dəlil axtarırlar. Paşinyan üçün ən böyük tənqid Azərbaycana qarşı müharibədə məğlub olması, ordunun darmadağın edilməsi və ordu texnikalarının maksimum sayda sıradan çıxmasıdır. Belə bir fonda Ermənistanda Paşinyan hələ də yerində qalıbsa bu onun üçün böyük nailiyyətdir. Bu onların daxili problemləridir. Bizə aidiyyatı yoxdur. Azərbaycan isə həmişə olduğu kimi bu məsələləri atəş gücü ilə deyil, danışıqlarla həllinə üstünlük verir. Amma bu o demək deyil ki, biz erməni təxribatlarına səssiz qalacayıq.
- Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, Ermənistan heç vaxt dəhliz mövzusunu müzakirə etməyib və etməyəcək də. Bu bəyanatı necə izah etmək olar?
- Dünyada məğlub tərəflə çox məsələləri müzakirə etmirlər. Yəqin Mqer unudub ki, onlar məğlub tərəfdir. Əgər bunlar müzakirə olunmayıbsa Paşinyanın imzası olduğu iki bəyanatın mətnini oxumalıdır. Bununla yanaşı, Mqerin gözləri Laçın dəhlizini görmürmü? Biz Laçın dəhlizini onlara vermişik. Məğlub tərəfə dəhliz vermək bizim borcumuz deyildi. Biz onu Zəngəzur dəhlizinin açılması qarşılığında vermişik. Mqer siyasi bir fiqurdur. Onu bəzi havadarların səsləndirdiyi bəyanatlar bir az ruhlandırıb. Amma o bəyanatların heç biri Azərbaycan ərazilərinin Ermənistana qayıtmasını nəzərdə tutmur. Azərbaycan öz ərazilərində müharibə aparıb, öz ərazilərini xilas edib. Üçtərəfli bəyanat isə Azərbaycan sərhədlərinin qorunmasını nəzərdə tutur. Hansı qüvvə bu bəyanatın şərtlərini pozmağa cəhd etməyə çalışsa, Azərbaycan dərhal bu bəyanatı tərk edə bilər və lazımi siyasi hüquqi addımları atar və məsuliyyət tamamilə Ermənistan üzərində qalar. Çünki birgə bəyanatın şərtlərində göstərilib ki, Qarabağdan Ermənistan silahlı qüvvələri çıxarılsın.
- Azərbaycan və Ermənistan arasında yeni sazişə ehtiyac varmı?
- Sazişlər ola bilər. Bu qadağan olunmur. İmzalanan iki bəyanatla hər iki tərəf öz mövqelərini ortaya qoyublar. Bəyanatdakı ana bəndləri qeyd-şərtsiz yerinə yetirməyə məcburdurlar. Burada məcbur olan tərəf Ermənistandır. Hər iki bəyanatın da şərtlərinə Azərbaycan riayət edir. Atəşkəsə riayət edirik. Əgər atəşkəsə əməl etməsəydik ərazimizə keçən həmin minabasdıran erməniləri gülləliyərdik. Yəni nizamnamənin tələbləri əsgərimizdən bunu tələb edirdi. Sadəcə atəşkəs rejimi və münbit şərait olduğuna görə, həmin insanların danışdırılması, məhkəmə qarşısına çıxarılması Azərbaycanın maraqlarına uyğun olduğu üçün doğru addım atıldı. Mən qan tökülməsinin tərəfdarı deyiləm. Amma sən hər gün işğalçı ölkə olaraq başının üstündəki qalib ölkənin bayrağını görməzdən gəlirsənsə mənim səni məhv etmək haqqım var. Amma biz yenə də humanistliyimizi ən çətin vəziyyətdə belə göstəririk. Ermənilər bunu anlamırsa bu onların öz problemləridir. Amma bunun digər mənəvi tərəfi də var ki, Azərbaycan dünyaya öz niyyətini və təcavüz faktının hələ də davam etdiyini bununla göstərəcək.

sia.az

Digər xəbərlər