MİA

  • 3 937

Avtomobil bazarında nə var, nə yox? - ARAŞDIRMA

image

Azərbaycanda kimlər hansı avtomobillərə üstünlük verir, yeni, yoxsa könhə avtomobillər daha çox satılır, qiymətlər necədir?

Texnologiyanın sürətli inkişafı özünü avtomobillərdə də göstərir, dayanmadan yeni model avtomobillər istelsal olunur və satışa çıxarılır. Son modellər köhnə modellərə nisbətən bahalı olsa da, daha təhlükəsiz, daha komfortludur. Lakin köhnə avtomobillər daha az xərcli, daha dözümlü və keyfiyyətlidirlər. İndi bu avtomobil bolluğunda insanlar hər yaşa, hər cibə, hər zövqə uyğun avtomobil tapa bilirlər. Dünya ölkələrində avtomobillərdən nəqliyyat vasitəsi kimi yararlanırlar. Bəs bizdə necədir?

Kimlər hansı maşına üstünlük verir?

Azərbaycanda avtomobil satışı ilə məşğul olan müxtəlif şirkətlərinin rəsmi distribüterləri arasında apardığımız araşdırma nəticəsində öyrəndik ki, ölkəmizdə daha çox Rusiya, Almaniya, Yaponiya və Cənubi Koreya avtomobilləri alınır.

Orta və yaşlı insanlar əsasən sınaqdan keçmiş, özünü təsdiqləmiş, dözümlü və azxərcli modellərə üstünlük verirlər. Bu seqmentdən “Mercedes”in E və C klass avtomobillərinə, Sovet və Rusiya istehsalı avtomobillərə üstünlük verirlər. Onların da çoxu işlənmiş maşın alırlar. “Mercedes”in ən çox satılan modelləri isə E və C seriyasının 1995-2002-ci illərin buraxılışlarıdır. Bu illərin avtomobillərinin qiyməti 10-20 min manat arasında dəyişir.

Sovet maşınları dözümlülyünə, azxərcli olduğuna və istənilən yol şəraitində hərəkət edə bildiyinə görə əsasən bölgələrdə yaşayanlar tərəfindən alınır. Belə maşınların qiyməti 2-10 min manat arasında dəyişir. Yeni model Rusiya istehsalı maşınların qiymətlərinə gəldikdə, işlənmişləri 10-15 min manat, təzələri isə 20-30 min manat arasında dəyişir.

Azərbaycanda bunlardan sonra Yaponiya, Cənubi Koreya və Çin istehsalı maşınlara üstünlük verirlər. Qənaətcil və orta sinif belə maşınların qiyməti illərinə görə 20-50 min manat arasında dəyişir. İşlənmiş modelləri isə 5-20 min manat arasında dəyişir.

Taksi kimi işlətmək məqsədilə isə insanlar əvvəllər daha çox işlənmiş “Lada”, “Hyunday”, “KİA”, “Şevrolet”, “Daevoo” markalarının ucuz modellərini alırdılar. Son illərdə isə daha çox “Toyota” (Prius) və “Honda”nın köhnə hibrid modellərini. Lakin bu il qəbul olunmuş yeni qaydalara əsasən bu maşınların 80 faizinin istehsal ili tələblərə cavab vermədiyindən artıq onlar taksi fəaliyyəti üçün alınmır. Artıq taksidə işləmək istəyənlər istehsal ili 2015-dən yuxarı olan ucuz modelləri almağa məcburdurlar.

İşlənmiş, yoxsa təzə avtomobil: Seçim necə edilir?

Müşahidələr göstərir ki, hazırda Azərbaycanda maddi cəhətdən azimkanlı və orta təbəqəyə məxsus insanlar heç də yeni maşınlara üstünlük vermirlər. Dünya ölkələrindən fərqli olaraq bizdə avtomobil alanların əksər hissəsi avtosalonlardan daha çox 2-ci əl avtomobil bazarlarına üstünlük verirlər.

Maşın bazarlarında avtomobillərin qiymətləri illərinə, mühərrikin gücünə və çoxfunksiallığına görə dəyişir. Belə ki, 10 min manatdan başlayaraq normal vəziyyətdə olan işlənmiş avtomobil almaq mümkündür. Son vaxtlar yanacağın qiymətinin bahalaşması insanları daha aşağı tutumlu mühərriki olan kompakt maşınlara üstünlük verməyə məcbur edib.

Amma sirr deyil ki, işlənmiş avtomobillərin hamısı eyni olmur. Sumqayıt avtovağzalında yerləşən profilaktoriyada çalışan təcrübəli avtomobil ustası Nəsib Abbasovun sözlərinə görə, işlənmiş maşın alan zaman mümkün qədər diqqətli və ayıq olmaq lazımdır, çünki sizə təklif olunan maşınlar arasında üstü bəzənmiş, amma texniki vəziyyəti bərbad və yararsız maşınlar da ola bilər.

“Maşın bazarlarında oğurluq avtomobillər də satılır, yarı bölünmüş və ya suya batmış maşınlar da. Ona görə də, aldığınız maşının ban və mühərrik nömrəsi ilə sənədindəki nömrələri tutuşdurun ki, sonradan bir problem yaranmasın. Ən yaxşısı odur ki, siz avtomobil almağa bu işdən anlayışı olan biri ilə gedin. İşlənmiş avtomobil alacaqsınızsa, mütləq onun vergi və cərimə borclarını da araşdırın- usta məsləhət verdi.

Bir faktı da qeyd etmək lazımdır ki, qonşu Gürcüstandakı maşın bazarlarında işlənmiş avtomobillərin qiyməti Azərbaycandakı qiymətlərdən ən azı 2 dəfə ucuzdur. Azərbaycanda qəribə tendensiyalardan biri də odur ki, illər keçdikcə köhnə maşınların qiyməti ucuzlaşmaq əvəzinə bahalaşır.

Gömrük rüsumlarının yüksəkliyi vətəndaşların avtomobillərini yeniləməyə imkan vermir. Üstəlik, istehsal ili 10 il ötmüş maşınların ölkəyə gətirilməsi qadağan olunduğuna görə, insanlar ölkə daxilində daha köhnə maşınları istifadə etməyə məcbur olurlar. Halbuki, bu qərar olmasaydı, məsələn 15-20 min manata 20-30 ilin köhnə maşının alan vətəndaş həmin pula qonşu ölkələrdən 11-15 ilin istehsalı olan çox yaxşı vəziyyətdə qalmış premium sinif keyfiyyətli maşınını alıb gətirə bilərdi. Beləliklə, ölkəmizin avtomobil parkı xeyli yenilənmiş olardı. Lakin istehsal ili 10 ildən az olan avtomobilərin xaricdəki qiyməti və əlavə olaraq gömrük vergi rüsumları birlikdə çox baha başa gəldiyinə görə, vətəndaşlar məcbur olur ölkə daxilindən daha ucuz və ili daha köhnə maşın alsınlar.

Kreditlə avtomobil almaq sərf edirmi?

Azərbaycanda fəaliyyət göstərən banklar öz müştərilərinə qısa müddətə avtomobil sahibi olmaq şansı yaradır. 1-5 il müddətinə verilən kreditlər, əsasən, 20-30 faizlə təklif olunur. Amma banklar krediti yalnız dövlət işində və iri özəl şirkətlərdə yüksək maaşla işləyənlərə verir. Məbləğin azı 20-30 faizini öncədən ödəmək lazım gəlir. Yekunda avtomobil az qala 2 qat qiymətə başa gəlir.

Lizinqlə də avtomobillər təklif olunur. Burada ümumi qiymət və şərtlər banklardakından daha sərfəli olsa da, avtomobil borcunu ödəyənədək sənin əmlakın sayılmır. Bu səbəbdən lizinqlə avtomobili ancaq son məcburiyyət halında alırlar.

Sürücü Əhməd Paşayev deyir ki, avtomobil almaqla iş bitmir, əsas problem onu saxlaya bilməkdir: “Son illərdə xərclər daha da artıb. Benzinin qiyməti bahalaşıb, dayanacaq qiymətləri 10 dəfə artıb, ehtiyat hissələrin qiyməti azı 2 dəfə bahalaşıb, texniki baxış və sığorta qiymətləri 2 dəfə bahalaşıb və s. Belə xərclər şəraitində kreditlə avtomobil alanların çoxu ağır vəziyyətə düşür. Əvvəlcə insanlar düşünür ki, bu məbləği rahat ödəyə biləcəklər. Sonra dediyim xərclər çıxanda artıq krediti ödəməyə imkan qalmır. Bu səbəbdən əksəriyyət ucuz və köhnə maşınlar alıb işlərini idarə etməyə çalışır”.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son illərdə Azərbaycanda 50-100 min ədəd arasında çox avtomobil idxal olunur. Hazırda ölkəmizdə nəqliyyat vasitələrinin sayı 1,5 milyonu keçib. Bunların yarıdan çoxu Bakı-Abşeron zonasında istismar olunur.

Avtomobili necə seçmək lazımdır?

Avtomobil almaq fikrinə düşmüsünüzsə, öncə yaxşıca götür-qoy etməyiniz lazımdır. Çünki bu, bizim üçün vacib bir qərardır və səhv etmək peşmançılıq yarada bilər. Məsələn, bəzəyinə, görünüşünə aldanaraq heç də sərfəli olmayan bir avtomobil ala bilərik. Ona görə də, seçim edərkən bunlara diqqət etmək vacibdir.

1. Salonda ailə üzvlərinə yetəcək qədər oturacaq olmalı

2. Baqaj hissə sizi qane etməli

3. Avtomobili şəhər və ya kənd mühitində istifadə edəcəyinizi nəzərə almalı

4. Təhlükə anında sizi maksimum qoruyacaq avtomobilə üstünlük verməli

5. İşlənmiş avtomobil alarkən mütləq təcrübəli ustaya göstərməli,

6. Mümkün qədər az yanacaq işlədən olmasına fikir verməli.

7. Dözümlü olmasına və ehtiyat hissələrinin əlçatanlığına diqqət etməli.

Dünya ölkələrində avtomobillərdən A nöqtəsindən B nöqtəsinə getmək üçün nəqliyyat vasitəsi kimi yararlanırlar. Azərbaycanda isə nəqliyyat vasitəsindən özünün üstünlüyünü göstərmək üçün yaralananlar da az deyil. Hər halda hər şeyi öz təyinatı üzrə istifadə etsək yaxşı olar.

Ümumiyyətlə, avtomobili ancaq böyük ehtiyac duyulduqda almaq lazımdır. Unutmayaq, istənilən avtomobil ciddi xərc tələb edir və biz 1-ci, 2-ci, 3-cü dərəcəli ehtiyaclarımızdan kəsib ona xərcləməli deyilik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər