MİA

  • 3 222

Ürəyimizə görə dünyada birinciyik

image

Dünyada ölümlərin birinci səbəbi olan ürək xəstəlikləri hər gün yüksələn nisbətlə dəyişir. Ürək sağlamlığına uşaq yaşlardan diqqət eləməyin vacib olduğunu deyən kardioloqlar xəstəliyin yayılma səbəbi kimi anormal iqlimi, natural olmayan qidalanmanı, oturaq həyat tərzini və stress dolu iş həyatını səbəb göstərirlər. Təbii ki, irsi faktorları unutmamaq şərti ilə.

29 sentyabr - Ümumdünya Ürək Günü Dünya Ürək Federasiyası tərəfindən yaradılıb və ilk dəfə 2000-ci ildə qeyd olunub. Bu günün təsis edilməsində məqsəd insanların diqqətini ürək xəstəliklərinin və insultun əsas ölüm səbəbləri olduğuna çəkmək, bu xəstəliyin hər il dünyada milyonlarla insanın ölümünə səbəb olduğunu bildirməkdir. Ümumdünya Ürək Federasiyası tütün istifadəsi, qeyri-sağlam qidalanma və fiziki fəaliyyətin olmaması kimi əsas risk faktorlarına nəzarət etməklə ürək xəstəlikləri və insult nəticəsində baş verən vaxtından əvvəl ölümlərin ən azı 80%-nin qarşısının alına biləcəyini bildirir.

Ürək-damar xəstəlikləri adətən həyat tərzi, xüsusilə tütün məmulatlarının istifadəsi, qeyri-sağlam qidalanma vərdişləri, fiziki hərəkətsizlik və stressdən qaynaqlanır. Dünyada hər il qeydə alınan ölüm hallarının 6%-i hərəkətsizlikdən qaynaqlanır. Uşaqlıqda piylənmə, şəkərli diabet və fiziki fəaliyyətin azlığı kimi risk faktorlarının olması yetkinlik dövründə ürək xəstəliyinə tutulma riskini xeyli artırır. Fiziki fəaliyyət insan sağlamlığı üçün ən vacib amildir. Xüsusilə də oturaq işdə işləyən insanlar üçün idman, hərəkət daha vacibdir. Fiziki aktivlik tənbəlləşmiş əzələləri oyadır, ürək və qan dövranı sistemini gücləndirir, bədən elastikliyini artırır və ümumi sağlamlığı və gümrahlığı yaxşılaşdırır.

Siqaret ürək xəstəliklərini yaradan səbəblərdən biridir. Hər iki tütün istifdəçisindən biri onunla əlaqəli xəstəliklərdən ölür. Bu gün təəssüf ki, siqaret çəkən uşaq və gənclərin sayı da getdikcə artır. Hər il 600 mindən çox insan, o cümlədən uşaqlar tütündən istifadə etməsələr də, passiv siqaret istifadəçisi kimi qazandığı xəstəliklərdən dünyasını dəyişir. Körpələrin siqaret tüstüsünə passiv məruz qalması nəticəsində qəfil ölümlər də baş verir. Siqareti tərgitmək və passiv tüstüyə məruz qalmamaq ürək xəstəliyi və insult riskini azaldır.

Ürək xəstəlikləri və insult da daxil olmaqla ürək-damar xəstəlikləri səbəbindən hər il dünyada 17-18 milyon insan ölür. 2030-cu ildə bu rəqəmin 23 milyon olacağı gözlənilir. Ürək xəstəlikləri və insult qarşısı alına bilən xəstəliklərdir. Sağlam qidalanma vərdişləri əldə etməklə, müntəzəm idman etməklə, alkoqoldan və tütündən istifadə etməməklə özünüzü bu xəstəliklərdən qoruya bilərsiniz. Ürək xəstəliyinin və insultun daha çox yaşlı insanlarda və kişilərdə rastlanması da yanlış fikirdir, ürək xəstəliklərinin cinsi və yaşı yoxdur.

Qadınlar arasında bir nömrəli ölüm səbəbi ürək xəstəliyidir ki, hər 3 qadından 1-i bu səbəbdən ölür. Uşaqlar da risk altındadır, qeyri-sağlam qidalanma, hərəkətsizlik bu xəstəliyi yaradan əsas amillərdəndir. Uşaqlar hətta ürək xəstəliyi və insult üçün ikiqat risk altında ola bilərlər. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, ürək-damar xəstəliklərindən ölüm hallarının 4-də 3-nün qarşısı alına bilər, sağlam həyat tərzi və qidalanma, hərəkət vacib şərtlərdəndir.

Qeyd edilən səbəblərə görə ürək xəstəlikləri hazırda bütün dünyada böyük sağlamlıq probleminə çevrilib. İnsanlar normal həyat tərzi keçirmir, normal qidalanmır, stress altında işləyirlər və bunun qarşılığında da həyati funksiyalı orqanını xəstələndirirlər. Lakin unutmaq olmaz ki, bir çox hallarda bu xəstəliklərin qarşısını almaq olar. Sağlam həyat tərzi vərdişləri, balanslı qidalanma, müntəzəm idman, stressdən qorunmaq və siqaret kimi zərərli vərdişlərdən uzaq durmaq kimi tədbirlər ürəyimizin sağlamlığını qorumaq üçün çox vacibdir.

Ötən il Bakı Baş Səhiyyə Mərkəzinin yaydığı məlumatda bildirilirdi ki, ölkəmizdə ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Mərkəzin ötən ilki hesabatına görə, təkcə 2023-cü ilin yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Hər il ölkəmizdə orta hesabla 30 min nəfər ürək, qan dövranı xəstəlikləri səbəbindən dünyasını dəyişir. Ölənlər arasında üstünlüyü qadınlar təşkil edir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

Ötən il ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz dünyada Tacikistandan sonra ikinci yerdə qərarlaşmışdı. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi isə 388.41 olub. Rusiya isə 204.50 reytinq dərəcəsi ilə siyahıda 27-ci yerdə qərarlaşıb və bununla ürək, qan-damar sistmei xəstəliklərinə görə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri hesab edilib. Ən riskli ölkələr sırasında Ukrayna 4-cü, Gürcüstan 24-cü, Ermənistan 28-ci olub.

Əgər siz də ürəyinizin ağrıdığından şübhələnirsinizsə onda bu əlamətləri özünüzdə axtarın: ağrı, tənginəfəslik, yorğunluq və halsızlıq, sürətli döyüntü, ayaqlarda və qarında şişkinlik, öksürək, huşunu itirmək, həzm problemi, hıçqırıq və udqunmaqda çətinlik, baş və ənsə ağrıları, eləcə də göyərmə kimi əlamətləri özünüzdə müşahidə edirsinizsə dərhal həkimə müraciət edin.

Ürəyi qanla təmin edən damarların tıxanması ürək xəstəlikləri arasında ən çox yayılmış formadır. Bu zaman ürək lazımı qədər oksigen ala bilmir və ağrı ilə sahibinə xəbərdarlıq edir. Lakin nəzərə alın ki, sinənizdə hiss etdiyiniz hər ağrı ürək ağrısı deyil. Əzələ, qabırğa, onurğa, yemək borusu, ağciyərə aid xəstəliklər də eynilə ürək sancıları kimi ağrılar yarada bilir. Əgər çox yorulanda və həyəcanlananda ağrı hiss edirsinizsə deməli ürəyə gedən damarda tıxanıqlıq olma ehtimalı çoxdur. Eyni zamanda xroniki nəfəs yetməzliyi həm ürək, həm də ağciyər xəstəliyi ilə əlaqədar ola bilər. Bundan əlavə piylənmə və qocalıq da nəfəs darlığı yaradır. Əgər siz hərəkətsiz dayananda da nəfəs almaqda çətinlik çəkirsinizsə deməli probleminiz ürəyinizlə bağlıdır.

Ürək əzələlərini sağlam saxlamaq, infarkt və insultdan qorunmaq üçün sağlam qidalanma vacib şərtdir. Yulaf ürəyin dostu olan qidalardandır, tərkibi kalium və omeqa-3 turşusu ilə zəngindir. Qızılbalıq ürək üçün ən faydalı balıq növüdür. Belə ki, tərkibində trombların yaranmasının qarşısını alan maddələr var. Avokadonın tərkibindəki yağlar qandakı xolesterinin miqdarını aşağı salır, zeytun yağı da həmçinin. Ürəyimiz üçün badam və qoz da faydalı məhsullar sırasına daxildir, hər ikisi omeqa-3 turşusu ilə zəngindir. Əksər giləmeyvələr ürək üçün faydalıdır, xüsusən çiyələk, qaragilə. Bütün paxlalılar, xüsusən mərci ürəyin dostudur. İspanaq və soya da ürək üçün faydalı qidalardandır.

Soyuducunuzu və ərzaq dolabınızı gözdən keçirin, hazır qidaların hamısını çıxarıb atın, onların yerini meyvə və tərəvəzlə doldurun. Yağdan, duzdan, şəkərli qidalardan uzaq olun, idman edin, mümkün olduğu qədər işə piyada getməyə çalışın, tam olmasa da yolun yarısını piyada gedə bilərsiniz, ictimai nəqliyyatdan istifadə edərək işə çatmağa 2 dayanacaq qalmış enib piyada davam edin. Əgər velosipediniz varsa işə onunla gedin, o, ürəyinizin ən böyük dostudur. Televizor izləmək yerinə həyətdə gəzişin, qonşularınızla söhbətləşin, ev işləri görün. Stressdən uzaq durun, o sizin ürəyinizin ən böyük düşmənidir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər