Mədəniyyət ən vacib istehlakdır, su kimi, çörək kimi. Mədəniyyəti yoxsul olan insan cəmiyyət üçün təhlükədir, hədədir. Cəmiyyət üçün təhlükə yalnız müharibələr, fəalkətlər, aclıq deyil, mədəniyyətsizlik də böyük təhlükədir əslində. Bizi insan edən dəyərlər toplusu - danışıq və ifadə tərzi, davranış formaları, hörmət, empatiya, vicdan, məsuliyyət kimi xüsusiyyətlər həm də mədəni cəmiyyət yaratmağınm şərtidir. Bəs necə mədəni olmaq olmalı, necə mədəniyyətli cəmiyyət formalaşdırmalı, mədəniyyəti haradan mənimsəməli?
Kitab və mədəniyyət – iki yaxın dost
Hər xalqın gələcəyi, mədəni səviyyəsi əhalinin oxuma vərdişi ilə ölçülür. Kitab oxuyan insan intellektli, mədəni, düşünən olur, mütaliə edən insan müqayisə edir və nəticə çıxarır. Mədəni səviyyənin yüksəlişində, mədəniyyət istehlakında kitabların rolu böyükdür. Mədəni cəmiyyət o zaman formalaşır ki, insanlar mütaliə sevir, suallarına cavabı kitabda tapmağa çalışır. Kitab oxumaq təkcə şəxsi seçim deyil, bu həm də mədəni məsuliyyət və ən mədəni istehlakdır. Kitab oxuyan insan təkcə özünü deyil, ətrafını da dəyişdirir, gözəlləşdirir. Mütaliəni sevən insan pis niyyətli, pis düşüncəli, xəbis ruhlu ola bilməz, çünki bütün kitablar insana yaxşılığı, xeyirxahlığı aşılayır.
Xalqlar, millətlər, ölkələr tarixin yaddaşında müxtəlif formada həkk ola bilir: zorakılğı ilə, istilaçı siyasəti ilə, mədəni səviyyəsi ilə və s. Bütün bunları özündə əks etdirən isə kitablardır, çünki biz tarixdə baş verənləri kitablardan öyrənirik. Bu səbəbdəndir ki, tarixin bütün dövrlərində adil hökmdarlar kitaba verdikləri dəyər ilə əbədiləşiblər. Tarix nə elmi, alimləri, kitabxanaları müqəddəsləşdirən hökmdarları unudur, nə də kitabları və kitabxanaları yandıran, alimləri təqib edənləri, asdıranları, dərisini soyanları, diri-diri məzara qoyanları.
Azərbaycan tarixində elm ən çox onun dövründə dəyər görüb, söz ən çox onun tərəzisində ağır gəlib: həm hökmdar, həm də ədib kimi kitablara verdiyi dəyər, alimlərə, şairlərə göstərdiyi hörmətlə yadda qalan hökmdar – Şah İsmayıl Xətainin sarayında elm və ədəbiyyata böyük diqqət göstərilib, şairlər, alimlər, xəttatlar, tarixçilər onun himayəsi altında fəaliyyət göstəriblər. Xətainin adı mədəniyyətlə, kitabla, sözlə qoşa çəkilib həmişə. Ümumiyyətlə, Səfəvilər dövrü yalnız hərbi-siyasi yüksəliş deyil, həm də mədəni dirçəliş dövrü oldu. Tarix Xətaini həm qılıncı, həm də qələmi ilə öz yaddaşına həkk etdi.
İsfahanda kitabxanalar və məktəblər açdıran, şairləri, alimləri, tarixçiləri himayə edən, hakimiyyətdə olduğu dövrdə dövlətiunin mədəni inkişaf və çiçəklənməsinə nail olan Səfəvi hökmdarı II Şah Abbas, fəth etdiyi yerlərdəki kitabxanalardakı kitabları yığıb Səmərqəndə gətirən, alimlərə və sənətkarlara himayədarlıq edib, Səmərqəndi elm mərkəzinə çevirən Əmir Teymur, İstanbulun fəthindən sonra Saray kitabxanası və “Enderun” məktəbini yaradan, fəlsəfə, riyaziyyat, astronomiya, tarix kimi elmləri inkişaf etdirən, bir çox elmi əsərləri türkcəyə tərcümə etdirən Fateh Sultan Mehmed, Nizami Gəncəvini himayə edən, “Xəmsə”nin yaranmasında birbaşa rolu olan Eldəgizlər dövləti, İranda çap mədəniyyətinin əsasını qoyan, Avropa və dünya ədəbiyyatını tərcümə etdirən Qacar şahzadəsi Abbas Mirzə də tarixin yaddaşında mədəniyyətə, kitaba, sözə olan hörməti ilə həkk olunub.
Fəthləri zamanı kitabxanaları və elmi mərkəzləri dağıdan, minlərlə əlyazma yandıran, Bağdad, Buxara, Nişapur kimi şəhərlərdə kitab mədəniyyətinə böyük zərbələr vuran Çingiz Xan, Bağdadı fəth etdikdən sonra “Beytül-hikmə” kitabxanasını məhv etdirən, minlərlə kitabı Dəclə çayına atan, tarixin yaddaşında “elmə vurulan ən ağır zərbələrdən biri”nin müəllifi kimi qalan Hülakü xanı da xatırlayır tarix – mədəniyyətin, ədəbiyyatın, tarixə vurduqları ən böyük mədəni zərərlərin müəllifi kimi.
Mədəniyyət bir xalqın güzgüsüdür, o güzgüdə ən çox kitab görünür. Kitab sadəcə bilik daşıyıcısı deyil – mədəniyyətdir, tarixdir, ənənədir, adətdir. Mədəniyyəti kitablarda axtaran adamlar isə tarix boyu ziyası, savadı, zəkası ilə seçilib. Oxumaq insanın düşüncə sərhədlərini genişləndirir, dünyanı daha dərindən anlamağa kömək edir, fərqli obrazların düşüncəsini tanıyır, empatiya qurur, səyahət edir. Lakin bu gün çoxları üçün kitab artıq mədəniyyət istehlak edilən mənbə deyil, nostaljidir. Rəqəmsal dövrdə insanlar bir cümləlik statuslara, reels videolara daha çox diqqət ayırır, kimsə kitab oxumağı təbliğ etmir, kitab oxuyanların sayı sürətlə azalır. Mədəniyyət forma dəyişdirib, lakin forması dəyişsə də, mədəni ruh hələ də kitablar arasındadır.
Muzeylər, teatrlar, kinolar...
Mədəniyyəti həm də muzeylərdən istehlak edirdik bir zamanlar. Tarixin yaddaşındakı müharibələri, mədəni-tarixi nümunələri muzeylərdən öyrənirdik. Geniş rakursdan düşünməyi öyrənmək, fərqli sivilizasiyaları miniatür də olsa görmək, tanımaq və mədəni zənginliyindən xəbərdar olmaq üçün muzeylər olduqca əhəmiyyətli mədəniyyət ocaqlarıdır. Dünyanın hər yerində insanlar həm yaşadıqları ölkənin, həm də səfər etdikləri ölkəyə gedəndə onun tarixi abidələri, qədim yaşayış məskənləri ilə maraqlanırlar.
Əgər bir alman, bir fransız və yaxud bir ingilis bizim ölkəyə gəlirsə mütləq qədim abidələrimizi görməyə gedəcək. Hər birimiz Qız Qalasına, Atəşgaha, İçəri Şəhərə, Şirvanşahlar Sarayına və oxşar abidələrimizi, muzeyləri ziyarətə gedəndə şahidi oluruq ki, ziyarətçilərin əksəriyyəti xaricilərdir. Bizim mədəni istehlak səbətimizdə muzeylərin rolu ya azdır, ya da heç yoxdur. Bəzilərimiz bunu giriş üçün biletin baha olması ilə əsaslandırır, bəzilərimiz darıxdırıcı və ya maraq cəlb etməyən məkan olması ilə. Bir ətirə, bir çəkməyə 100-200 manat verməyə hazır olan minlərlə insan var ki, muzey üçün 10 manat giriş haqqını baha hesab edir. Hərçənd bir çox muzey üçün giriş haqqı 2-5 manat aralığındadır, ildə bir gün - Mayın 18-i Beynəlxalq Muzeylər Günündə isə bütün muzeylərə giriş ödənişsizdir.
Teatrların məsəni istehlakımızdakı roluna gəlincə isə, teatrlar mədəniyyətin yarandığı ilk ocaqlar olub desək, yanılmarıq. Azərbaycan teatrının banisi Mirzə Fətəli Axundzadənin “teatr həm güldürməli, həm də düşündürməldir” devizi ilə yaratdığı ilk tamaşalardan olan “Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” kimi komediyalar dövrün insanının mədəni səviyyəsini yüksəlmək məqsədi güdürdü. Bu o dövr idi ki, insanlar teatrları əxlaqsızlıq, allaha zidd gedənlərin yığışdığı ünvan kimi görürdü.
Qadın rolunu kişilərin oynadığı, kitab, qəzet oxumayan xalqa teatrın nə olduğunu anlatmağa çalışan teatrlarda mədəni istehlak səviyyəsi də çox zəif idi. Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə Üzeyir Hacıbəyli, Sidqi Ruhulla, Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə kimi simaların əli ilə yoğrulan teatr dövrün bütün çatışmazlıqlarını səhnəyə çıxardı, insanları baxmağa, düşünməyə, nəticə çıxarmağa sövq elədi. Xalq teatra baxa-baxa mədəni istehlak səbətinin çəkisini artırdı.
Zamanla teatrlar mədəniyyət beşiyi oldu, qadın aktrisalar səhnəyə çıxdı, dünya şöhrətli əsərlər səhnələşdirildi, teatrlara axın-axın tamaşaçı gəldi, aktyorlar şəhər-şəhər, kənd-kənd gəzib tamaşalar göstərdilər. Teatra baxa bilmək üçün insanlar uzaq yollardan gəlirdilər, tamaşanı görə bilmək üçün saatlarla zalın qapısında gözləyirdilər. Dövrümüzdə tamaşaya, teatra olan biganəliklə müqayisədə əsrin əvvəlindəki mədəni aclıq tərəziyə qoyulmayacaq qədər təzadlıdır.
İndi teatrlara maraq yalnız yeni il, Novruz bayramı ərəfəsində aktuallaşır – balacalara təşkil olunmuş tamaşalara görə. Bayram münasibəti ilə səhnələşdirilmiş tamaşalardan əlavə nümayişi olan, tamaşaçı istehlakına təqdim edilən teatr nümunələri var, lakin əvvəlki anşlaq yoxdur. Təəssüf ki, qiyməti o qədər də çox olmayan teatr biletlərinə ödəniləcək pula heyfi gələn cəmiyyət formalaşıb. Xüsusilə gənc nəslin teatra marağının getdikcə yox olması mədəni istehlak üçün parlaq vəziyyət deyil. Kinoya olan maraq fərqlidir – reklamı əla hazırlanan, tanıtım tədbirləri keçirilən yeni filmlərə gedənlər çoxdur. Kinoteatrlar xüsusilə gənc nəsil üçün cəlbedicidir.
Televiziya mədəniyyət verirmi?
Hamımız bilirik, televiziya çox təsirli bir təbliğat vasitəsidir. Televiziya cəmiyyətin mədəni səviyyəsini yüksəldə də bilir, azaltmağı da bacarır. Televiziya əxlaqı, ədəbi, ərkanı ən pik həddə də qaldıra bilər, ən dibə endirə də bilər. Televiziya verilişlərinin cəmiyyətə töhfə verdiyi, mədəni səviyyəsini yüksəltdiyi dövrlər çox-çox illər geridə qaldı. İndi mənəvi dəyərlərə uyğun, cəmiyyəti düzgün istiqamətə yönəldən, mədəni istehlakı gücləndirən, ailəlikcə, böyüklü-kiçikli izlədiyimiz efir yoxdur, əvəzində əxlaqdan yoxsul, mədəniyyətdən bixəbər şoular yetərincədir.
Ailə biabırçılıqlarının, məhrəm mövzuların, intim məsələlərin, ensest münasibətlərin müzakirə edildiyi efirdən hansı mədəniyyəti istehlak etmək olar ki? O sosial layihə adı verilən əxlaqsız davranışlar təbliğ edən verilişlərdə nə nümayiş etdirilir: azyaşlı övladlarını atıb başqa kişi ilə qaçan qadınlar, evdən qaçan arvadına yalvaran kişilər, xəyanət üstündə yaxaladığı arvadının video-görüntülərini efirdə nümayiş etdirənlər, ərini işə yola salıb evə başqa kişi salan qadınlar, qardaşının qızını qaçırıb insest münasibət yaşayan evli kişilər... Mədəni istehlak səbətinə onlar nə verə bilər ki? Onları efirdə bir-birinə yalvardan, söydürən telekanallar nə verəcək mədəniyyətə?
Sosial şəbəkələr mədəniyyətimizi pozur?
Lap əvvəllər – hələ internetin həyatımıza yeni girdiyi vaxtlar əksəriyyətimiz ondan mədəni səviyyəmizi yüksəltmək üçün istifadə edirdik – PDF kitab oxuyurduq, sənədli və ya bədii filmlərə baxırdıq, məşhur bloq yazarlarını izləyirdiq, “youtuber”lərin səyahət videoları ilə dünyanı öyrənirdik, fərqli mədəniyyətlər tanıyırdıq. Düzdür, o vaxtlar da tanışlıq üçün “mail.ru” çatında “yatan”lar vardı, amma çoxluq internetin faydasını görürdü, sayəsində mədəni toxluq yaşayırdı.
Dövrümüzdə internet mədəni səviyyəmizi yüksəltmək yerinə mədəniyyətimizi əlimizdən alır. Xüsusilə süzgəc sistemi olmayan sosial şəbəkələrdəki yayımlar, videolar mədəni insanı pozmağı hədəfləyib. Söyüşlə danışanlar, təhqir ilə video çəkənlər, kamera qarşısında ədəbsiz hərəkətlər edib hədiyyə gözləyənlər, onlara baxan milyonlarla insan, hədiyyə göndərən minlərlə yelbeyin – hazırkı mənzərə budur.
Bütün bunların fonunda mədəni səviyyəsini qoruyan, ətrafına mədəniyyət dağıdan, ədəb paylayan paylaşımlar da var, lakin baxış sayı çox az olan kontentləri var. İnsanlar öz mədəni səviyyəsini qaldırmaq istəmir, bayağılaşan, mədəniyyətsizləşən, ədəbsizləşən kütlə hər gün bir az da böyüyür. Bunun fonunda mədəni istehlak da transformasiyaya uğrayır, mədəniyyətsiz istehlak forması meydana çıxır. Mədəni davranış təbliğ edən, mədəniyyət yayan aydınlar sosial şəbəkələrin tələblərinə, təzyiqlərinə dözmürlər, zamanla internetin arxa səhifələrinə köçürlər. Onlara özləri kimi azsaylı aydınlar baxır sadəcə, mədəniyyət alış-verişi etmək üçün.
Mədəni istehlak səbətində kitab, teatr, muzey olan, rüsvayçılıq, ədəbsizlik, mədəniyyətsizlik nümayiş etdirməyən çox az mədəni və tanınmış sima insan var internetdə. Onlar bu vəziyyətə nə qədər tab gətirə biləcəklər, maraqlıdır...
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb