PDF Oxu

MİA

  • 1 371

Dürüstlüyün bioloji siqnalı: qızarmaq

image

Utancaqlıq və buna görə qızarmaq əsrlər boyu alimləri və filosofları çaşdıran unikal insan fenomenləridir. Utananda niyə qızarırıq? Buna cavab vermək üçün utancın bioloji, psixoloji və mədəni aspektlərini araşdıranda məlum olur ki, insan ünsiyyətində bir çox jest və üz ifadələri süni ifadə edilə bilər. Məsələn, bir insan özünü süni şəkildə gülümsər və ya kədərli göstərə bilər və ətrafdakı insanlar bunun fərqinə varmazlar. Qızarmaq yeganə insani ifadədir ki saxta yaradıla bilinmir. Elm qızara bilmə xüsusiyyətini "ən dürüst insan reaksiyası" kimi qəbul edir və onu “dürüstlüyün bioloji siqnalı” kimi təsnifatlandırır.

Qızarma prosesi, qeyri-iradi fəaliyyət göstərən avtonom sinir sistemi tərəfindən idarə olunur. İnsan utanc, günahkarlıq və ya xəcalət hiss etdikdə, bədən bu emosional qarışıqlığı bir növ sosial təhlükə kimi qəbul edir və qavrayır. Bu qavramanın nəticəsi olaraq simpatik sinir sistemi aktivləşir və adrenalin ifraz olunur, üzdəki kapilyarlar genişlənir, bu da həmin bölgəyə daha çox qan vurulmasına səbəb olur və beləcə qızarma meydana çıxır. Bu proses könüllü əzələ hərəkətləri ilə təqlid edilə bilməz və ya fiziki müdaxilə olmadan tamamilə gizlədilə bilməz.

Qızarmaq adətən qeyri-iradi və qısamüddətli olur. Bəzi insanlarda bu reaksiya daha aydın şəkildə özünü göstərə bilər ki, bu da utancaqlıq və özünəinamsızlıqla əlaqələndirilə bilər. Əgər qızarmaq tez-tez baş verirsə və narahatedicidirsə, tibbi vəziyyətin əlaməti ola biləcəyi üçün dermatoloqa müraciət etmək faydalı ola bilər. Utandığınız zaman bədəniniz adrenalin ifraz edir. Bu hormon təbii stimullaşdırıcıdır, sizi təhlükəyə hazırlamaq üçün nəfəs alma və ürək döyüntülərinizi sürətləndirir. Göz bəbəkləriniz böyüyür və bu da mümkün qədər çox vizual məlumat qəbul etməyə imkan verir, həzm prosesi isə enerjini əzələlərinizə yönləndirmək üçün yavaşlayır. Adrenalin həmçinin qan axını və oksigen çatdırılmasını yaxşılaşdırmaq üçün qan damarlarınızın genişlənməsinə səbəb olur. Qızarmaqda da belədir. Bu qızarmış görünüş, bədənin utancverici bir vəziyyətə necə reaksiya verdiyini göstərir.

Bəzi insanlar qızarmaq reaksiyasını məhdudlaşdırmaq üçün tibbi əməliyyat keçirməyi seçirlər. Eritrofobiya qızarmaq qorxusudur və bu, insanın qızarmağı idarə edən onurğasındakı kiçik sinirlərin kəsilməsini seçməsinə səbəb ola bilər. Endotorasik simpatektomiya adlanan bu əməliyyatın qızarmağı məhdudlaşdırdığı bildirilir.

Çarlz Darvin qızarmağı insanları digər heyvanlardan fərqləndirən ən qəribə və ən insani ifadə kimi təsvir edir. Müasir təkamül psixologiyasına görə, qızarma sosial korreksiya mexanizmidir. Səhv etdikdə qızarmaq ətrafımızdakılara bildirir ki, mən sosial qaydanı pozduğumun fərqindəyəm, bunun üçün peşmançılıq hissi keçirirəm. Yəni, üzü qızaran insan emosional vəziyyətini xarici dünyaya bir növ aşkar edir. Bu insanı həssas etsə də, əslində sosial əlaqələri gücləndirir, çünki səmimiyyətin və həqiqi emosional əlaqənin sübutu hesab olunur. Bunun iradəmizdən kənarda baş verməsi bu reaksiyanı idarəolunmaz dürüstlük möhürünə çevirir.

Əslində qlobal cəmiyyət olaraq utanmağı unutmuşuq. Bu vəziyyət isə cəmiyyətdəki mənəvi tənəzzülə, səhv hərəkətlərin normallaşmasına və fərdlərin yaşadığı məsuliyyət itkisinə gətirib çıxarıb. Utanc və qızarmaq hissi əslində özünüdərk və sosial uyğunluğun göstəricisidir. Müasir həyatın yaratdığı emosional darıxdırıcılıq, etinasızlıq səbəbindən qızarmaq kimi təbii reaksiyanın azaldığını da müşahidə edirik. İndi insanlar artıq əvvəlki kimi asanlıqla qızarmağa meylli olmaya bilirlər; başqa sözlə, onlar bu təbii reaksiyanı unutmuş ola bilərlər.

Nəticə etibarilə utanıb qızarmaq hissinin yox olması həm fərdi, həm də ictimai səviyyədə problemlərə işarə edir. Bu hiss, insanın doğrunu yanlışdan ayırd etməsi və sosial nizamın qorunması üçün zəruri olan əsas hisslərdən biridir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər