Qlobal bazar 2 ayda yarım milyard barel neft itirib. Yaxın aylarda böhranın davam edəcəyi proqnozlaşdırılır
Röyters agentliyinin məlumatına görə, ABŞ və İsrailin İrana hücumundan sonra bazar təxminən 50 milyard dollar dəyərində xam neft itirib. Agentlik bunun nəticələrinin bir çox aylar və hətta illər ərzində hiss olunacağını proqnozlaşdırır.
Müharibə başlayandan bəri qlobal bazardan 500 milyon bareldən çox neft və kondensat yoxa çıxıb ki, bu da müasir tarixdə enerji təchizatında ən böyük pozuntudur.
Bu həcmdə neftin itirilməsi qlobal hava səyahətinə tələbatın 10 həftəlik azalmasına, 11 gün ərzində bütün yol hərəkətinin tamamilə dayandırılmasına və qlobal iqtisadiyyat üçün 5 günlük neft çatışmazlığına bərabərdir.
Bu həcm, həmçinin ABŞ-da təxminən 1 aylıq neft istehlakını və ya bütün Avropa üçün 1 aydan çox, ABŞ ordusu tərəfindən təxminən 6 illik yanacaq sərfini və dünya üzrə təxminən 4 aylıq beynəlxalq daşımaları təmsil edir.
Neftin qiymətləri orta hesabla bir barel üçün 100 dollar civarında olduğu üçün bu itirilmiş həcmlər təxminən 50 milyard dollar itirilmiş gəlir deməkdir ki, bu da Almaniyanın illik ÜDM-nin təxminən 1 faiz azalmasına bərabərdir və ya Latviya və ya Estoniya kimi ölkələrin ÜDM-i ilə müqayisə edilə bilər.
Küveyt və İraqdakı iri neft yataqlarının normal fəaliyyətə qayıtması 4-5 ay çəkə bilər ki, bu da yay boyunca təchizat çatışmazlığına səbəb olacaq.
Neft emalı zavodlarına və Qətərin Ras Laffan mayeləşdirilmiş təbii qaz kompleksinə dəyən ziyan o deməkdir ki, regional enerji infrastrukturunun tam bərpası illər çəkə bilər.
Bəzi analitiklər proqnozlaşdırırlar ki, ABŞ və İran sabah razılığa gəlsələr belə, bazarların normal vəziyyətə qayıtması üçün daha 4 ay vaxt lazım olacaq.
Münaqişənin təsirlənmədiyi digər ölkələrdəki istehsalçılar itirilmiş neft və qaz həcmlərini kompensasiya etmək üçün hasilatı kifayət qədər tez artırmaqda çətinlik çəkəcəklər.
Buna görə də, proqnozlara görə, 2026-cı ildə planlaşdırılan qlobal neft hasilatı təxminən 3 faizi azalacaq.
Qaza gəldikdə isə, Ras Laffan yatağında hər ay baş verən fasilələr təxminən 7 milyon ton mayeləşdirilmiş təbii qaz itkisinə səbəb olur. Bu, proqnozlaşdırılan illik tədarükün təxminən 2 milyon tonudur.
Qətər bu gün hasilata başlasa belə, istehsal tələbdən 4 faiz aşağı olacaq. Lakin bu ehtimal əsasən nəzəri xarakter daşıyır. Qətərin zədələnmiş qaz infrastrukturunun təmiri 5 ilə qədər çəkə bilər. Bu müddət ərzində Hörmüz boğazında nəqliyyatın tam bərpa olunmasına baxmayaraq, qlobal bazarda qaz çatışmazlığı davam edə bilər.
Lakin boğazda nəqliyyatın nə vaxt bərpa olunacağı məlum deyil. Cümə günü İranın xarici işlər naziri Abbas Əraqçi boğazdan nəqliyyatın hərəkətinin yenidən açıldığını açıqladı.
Buna dərhal ABŞ prezidenti Donald Tramp cavab verdi. O, İrana təşəkkür etdi və... İran limanlarının blokadasının davam etdiriləcəyini elan etdi.
Bundan sonra Tehran elan etdi ki, əgər belə olsa, Hörmüz boğazından gəmilərin keçidinin yenidən bağlanacağı gözlənilir.
Bütün bunlar bir neçə saat çəkdi və nəticədə boğaza doğru gedən gəmilər geri dönmək məcburiyyətində qaldılar.
Buna görə də boğazın nə vaxt açılacağını proqnozlaşdırmaq tamamilə qeyri-realdır.

Beynəlxalq Enerji Agentliyi hesab edir ki, yanacaq qiymətlərinin kəskin artmasına hazırlaşmalıyıq. Fevral ayında tankerlərə yüklənən Yaxın Şərq nefti artıq alıcılara çatdığı və mart ayında heç bir daşınma olmadığı üçün BEA direktoru Fatih Birol bildirib ki, hərbi münaqişə səbəbindən Yaxın Şərqdə itirilən istehsal həcmlərini bərpa etmək təxminən 2 il çəkəcək.
Lakin bu qiymətləndirmələr konkret ölkədən asılı olaraq çox dəyişəcək. Birol hesab edir ki, məsələn, İraqın bərpası Səudiyyə Ərəbistanınınkından xeyli uzun çəkəcək.
Onu da əlavə etmək lazımdır ki, bu, cari proqnozdur. Məsələn, münaqişə uzanarsa, bu qiymətləndirmələr dəyişə bilər.
BEA rəhbərinin sözlərinə görə, bazar iştirakçıları hazırda Hörmüz boğazının uzun müddətli bağlanmasının təsirinin miqyasını az qiymətləndirirlər. O qeyd edib ki, İranda hərbi əməliyyatlar başlamazdan əvvəl göndərilən və yolda olan neft və qaz daşımaları artıq təyinat yerlərinə çatıb və bu da çatışmazlığın şiddətini müvəqqəti olaraq azaldıb.
Lakin mart ayından bəri Yaxın Şərqdən yeni tankerlərin Asiya bazarlarına daxil olması faktiki olaraq dayandırılıb və xam neft, qaz və yanacaq daşınması dayandırılıb.
"Bu təchizat çatışmazlığı getdikcə daha aydın görünür. Hörmüz boğazı bağlı qalsa, enerji qiymətlərinin kəskin artmasına hazırlaşmalıyıq",- "Oil and Capital" nəşri BEA rəhbərinin sözlərinə istinadən yazır.
Neft ehtiyatlarının daha da azad edilməsi ehtimalı ilə bağlı suala cavab olaraq Birol BEA-nın tez bir zamanda hərəkətə keçməyə hazır olduğunu bildirib.
"Hələ ki, son qərar verməmişik, amma bu variant mütləq araşdırılır",- o bildirib.
Mart ayında BEA İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyatlarından 400 milyon barel neftin azad edilməsini təsdiqləyib.
Bu rəqəm təsirli görünə bilər, amma əslində bu, təxminən 4 günlük qlobal istehlaka bərabərdir. Beləliklə, bu, vəziyyəti kökündən dəyişdirməyəcək.
Əlavə etmək lazımdır ki, İraq hakimiyyəti əvvəllər şirkətlərin münaqişə başlamazdan əvvəlki neft hasilatı həcmini bərpa etməsi üçün 1 həftəyə ehtiyac duyacağını bildirmişdi.
Lakin, dünyanın 2-ci ən böyük mayeləşdirilmiş təbii qaz tədarükçüsü olan Qətər istehsal gücünün 17 faizini itirib. Bəzi ekspertlərin hesablamalarına görə, onu bərpa etmək üçün 3-5 il vaxt lazım olacaq.
Xatırladaq ki, ABŞ maliyyə naziri Skott Bessent əvvəllər Vaşinqtonun dənizdə tankerlərdə saxlanılan Rusiya neftinin alınmasına icazə verən lisenziyanı yeniləməyəcəyini açıqlamışdı. Bu lisenziya 11 aprelə qədər qüvvədə idi.
Lakin, The Business Standard-ın məlumatına görə, ABŞ Banqladeşə Rusiya neft məhsullarının idxalına müvəqqəti qadağanı 60 gün müddətinə uzatmaq qərarına gəlib.
Banqladeş Energetika Nazirliyindəki bir neçə mənbə aydınlaşdırıb ki, yumşalma 11 apreldə qüvvəyə minib və 9 iyuna qədər qüvvədə qalacaq.
Energetika naziri Bahlil Lahadalianın sözlərinə görə, İndoneziya aprel ayında Rusiya neftini idxal etməyə başlamağı planlaşdırır. O, əlavə edib ki, neft tədarükünün dəqiq həcmləri dəqiqləşdirilir.
Bundan əlavə, Rusiyadan mayeləşdirilmiş təbii qaz idxal etmək imkanı araşdırılır. Lahadalia həmçinin qeyd edib ki, İndoneziyada neft emalı zavodları və saxlama müəssisələrinin tikintisinə Rusiya-İndoneziya birgə investisiyaları ilə bağlı danışıqlar aparılır.
Sazişin yekunlaşdırılması üçün, xüsusən də neft emalı zavodları və saxlama müəssisələri ilə bağlı məsələlər üzrə daha bir və ya iki raund məsləhətləşmələr tələb olunacaq.
Əvvəllər bu ölkələr, bir çox digər Asiya ölkələri kimi, Yaxın Şərqdən enerji idxalına güvənirdilər. Təchizatın kəsilməsindən sonra enerji böhranı onları digər bölgələrdən daha tez vurdu.
Göründüyü kimi, qlobal neft və qaz bazarında böhran getdikcə kəskinləşir və hətta sülh əldə olunacağı təqdirdə belə əvvəlki hasilatın bərpa edilməsi üçün az bir neçə ay vaxt lazım gələcək. Bu isə dünyada enerjinin və istehsal məhsullarının bahalaşmasına səbəb olacaq.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumu başlayandan sonra Azərbaycan nefti də nəzərdə tutulandan 2 dəfə baha satılır. Son 2 ayda Azərbaycan nefti 100-140 dollar arasında satılır, eyni zamanda ixrac olunan qaz da xeyli baha qiymətə satılır.
Yaxın Şərqdəki enerji böhranı neft və qaz istehsa edən digər ölkələrin də gəlirlərini artırıb, neft və qaz idxal edən ölkələrə isə zərər vurub. Rusiya da neft və qazı da əvvəlkindən 2 dəfə baha satılır və ölkənin gəlirləri yüksəlir. Eyni vəziyyət digər ölkələrə də aiddir- ABŞ, Britaniya, Norveç, həmçinin İran özü də neftin və qazın bahalaşmasından gəlirlərini artırır. Neft və qaz ixrac edən ölkələr (Avropa, Yaponiya, Cənubi Koreya və s) isə xeyli zərərə düşüb.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb