Ölümcül hantavirus epidemiyası səbəbindən qəfildən qlobal xəbərə çevrilən və həftəsonu Kanar adalarının Tenerife bölgəsindəki Granadilla de Abona limanına lövbər salan MV Hondius gəmisində yoluxma halları artmaqdadır. Hantavirus epidemiyası ilə üzləşən MV Hondius kruiz gəmisindən daha iki sərnişinin test nəticəsi müsbət çıxıb. Gəmi təxliyələr başa çatdıqdan sonra Rotterdama gedəcək və sərnişinlər karantində qalacaqlar. Təxminən 150 sərnişinin təxliyə əməliyyatı zamanı gəmidən düşən iki nəfərin - Fransa və ABŞ vətəndaşının test nəticəsi müsbət çıxıb. Dünən təxliyələr başa çatdıqdan sonra gəmi Rotterdama yola düşüb. Gəmidən düşən son 27 sərnişin Hollandiyaya getmək üçün iki təyyarəyə minib.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, gəmidən təxliyə edilən bir Fransa vətəndaşının hantavirus test nəticəsi müsbət çıxıb, digər dörd nəfərin test nəticəsi isə mənfi çıxıb. Yoluxmuş sərnişinlə eyni təyyarədə səyahət edən səkkiz nəfərlə yanaşı, beş nəfər də karantinə alınıb. ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti evakuasiya edilən 17 ABŞ vətəndaşından ikisinin müşahidə altında olduğunu, bir sərnişinin testinin müsbət, digərinin isə yüngül simptomlar göstərdiyini açıqlayıb.
Dörd Almaniya vətəndaşı heç bir simptom göstərməməsinə baxmayaraq, Frankfurt Universitet Xəstəxanasında müşahidə altındadır. İyirmi Britaniya sərnişini Mançester Hava Limanına çatdıqdan sonra Merseysidedəki Arrowe Park Xəstəxanasında karantinə alındı. Cənubi Afrikanın Yohannesburq şəhərində hantavirus səbəbindən vəfat edən hollandiyalı qadınla eyni uçuşda səyahət edən dörd İtaliya vətəndaşı da ehtiyat tədbiri olaraq karantindədir. ÜST karantin müddətinin altı həftə olduğunu açıqladı. 1 apreldə Argentinanın Uşuaya şəhərindən yola düşən gəmidəki üç sərnişin isə bu virus səbəbindən ölüb.
Səhiyyə Nazirliyi hantavirus hallarının aşkarlandığı gəmidən evakuasiya edilən üç Türkiyə vətəndaşından götürülən nümunələrin mənfi olduğunu açıqlayıb. Səhiyyə Nazirliyi mətbuat açıqlamasında bildirib: "Kruiz gəmisindəki son üç vətəndaşımız təcili yardım təyyarəsi ilə ölkəmizə gətirilib və yaxından monitorinq və təcrid prosesləri başlayıb. Daha əvvəl ölkəyə daxil olan iki şəxsdə olduğu kimi, bu şəxslərdən də lazımi nümunələr götürülüb. Nəticələrin mənfi olduğu aşkarlanıb; onlar tövsiyə olunan müddət ərzində karantində saxlanılacaqlar. İndiyə qədər aparılan monitorinqlər zamanı beş nəfərdən heç birində heç bir klinik əlamət və ya simptom müşahidə edilməyib."
Qeyd edək ki, Hantavirus Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür və tip ştammı ilk dəfə 1978-ci ildə təsvir edilib. Gəmiricilərdə olan bu viruslar onlarda xəstəlik yaratmır. Onların ifrazatları hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə ilk dəfə insandan insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə qeydə alınıb.
Hantavirus, əsasən siçanlar və siçovullar vasitəsilə yayılan və insanlarda ciddi, bəzən ölümcül infeksiyalara səbəb ola bilən zoonotik viruslar qrupudur. Zoonotik heyvandan insana keçən tip viruslardır. Bu viruslar dünyada yeni deyil, uzun illərdir tibbə məlumdur. Hantavirus əsasən ağciyər və ya böyrək funksiyalarına təsir göstərən sindromlara yol açır. Virus gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi vasitəsilə yayılır. İnsanlar, xüsusilə viruslu gəmiricilərin ifrazatlarının quruyub toza qarışması və nəfəs yolu ilə orqanizmə daxil olması nəticəsində yoluxurlar. Birbaşa gəmirici dişləməsi və ya çirklənmiş əşyalarla təmas da infeksiyaya səbəb ola bilər.
Xəstəliyin erkən mərhələdə əlamətləri eynilə qripə yoluxmağa bənzəyir. Yüksək qızdırma, əzələ ağrıları, yorğunluq daha çox müşahidə edilir. Növbəti mərhələlərdə nəfəs darlığı, ya böyrək çatışmazlığı kimi ciddi fəsadlar yarana bilər. Hantavirus infeksiyalarının bəzi növləri 50%-ə qədər ölüm nisbətinə malik ola bilər, lakin bu, virusun ştammından asılıdır. Gəmiricilərin yaşayış yerlərindən uzaq tutulması, təmizlik işləri zamanı toz qaldırmamaq, maska və əlcəkdən istifadə etmək və qida məhsullarının qorunması əsas profilaktik tədbirlərdir. Hantavirusun insandan insana yoluxması çox nadir hallarda baş verir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb