Dünyada vəhşi heyvan populyasiyalarının orta ölçüsü son yarım əsrdə kəskin azalıb. Ümumdünya Təbiət Fondunun (WWF) yeni “Living Planet Report 2026” hesabatına görə, 1970–2022-ci illər arasında izlənən vəhşi onurğalı heyvan populyasiyalarının orta sayı 73 faiz azalıb.
Hesabat Zooloji Cəmiyyətin (ZSL) hazırladığı Living Planet Index məlumatlarına əsaslanır. Araşdırmaya dünyanın müxtəlif bölgələrindəki 5 790 onurğalı heyvan növünə aid 35 803 populyasiya üzrə müşahidələr daxil edilib. WWF-in məlumatına görə, ən ciddi azalma şirin su ekosistemlərində müşahidə olunub. Buradakı heyvan populyasiyalarının orta göstəricisi 85 faiz aşağı düşüb.
Quruda yaşayan növlərin populyasiyalarında azalma 69 faiz, dəniz canlılarında isə 59 faiz təşkil edib. Regional baxımdan ən böyük geriləmə Latın Amerikası və Karib hövzəsində qeydə alınıb – 95 faiz. Afrikada azalma 80 faiz, Asiya-Sakit okean regionunda isə 49 faiz olub. Hesabatda biomüxtəlifliyin azalmasının əsas səbəblərindən biri kimi kənd təsərrüfatının genişlənməsi nəticəsində heyvanların təbii yaşayış məkanlarının məhv edilməsi və deqradasiyası göstərilir.
Digər əsas amillər arasında həddindən artıq ov və digər istismar formaları, iqlim dəyişikliyi, çirklənmə, invaziv növlər və xəstəliklər qeyd olunur. WWF hesabatındakı 73 faiz göstəricisinin bütün vəhşi heyvanların 73 faizinin məhv olması anlamına gəlmədiyi xüsusi vurğulanır.
Bu rəqəm müşahidə olunan heyvan populyasiyalarının ölçüsündəki orta dəyişimi göstərir. Araşdırmaya daxil edilən populyasiyaların təxminən yarısı ya sabit qalıb, ya da artıb. Lakin azalan populyasiyalardakı geriləmənin miqyası artan populyasiyalardakı yüksəlişdən daha böyük olduğuna görə ümumi indeks mənfi istiqamətdə dəyişib.
Hesabat yalnız mənfi mənzərəni ortaya qoymur. WWF bəzi növlərin qorunması və bərpası istiqamətində əldə olunan nəticələri də nümunə göstərir. Məsələn, vəhşi pələnglərin sayı 2010–2025-ci illər arasında 3 200-dən təxminən 5 700-ə yüksəlib – bu, 70 faizdən çox artım deməkdir. Mavi üzgəcli ton balığı, yaşıl dəniz tısbağaları və bəzi digər növlərdə də bərpa əlamətləri müşahidə olunur.
WWF bildirir ki, biomüxtəlifliyin itirilməsi qaçılmaz proses deyil. Bunun üçün enerji, ərzaq istehsalı və maliyyə sistemlərində dəyişikliklərin sürətləndirilməsi tələb olunur. Təşkilat xüsusilə təmiz və əlçatan enerjinin genişləndirilməsini, təbiətə daha az zərər vuran kənd təsərrüfatının dəstəklənməsini, şirkətlərin ekoloji keçid planlarının gücləndirilməsini və təbiətin bərpasına yönələn investisiyaların artırılmasını vacib hesab edir. Hesabatın əsas mesajı isə budur: vəhşi təbiətin vəziyyəti ciddi şəkildə pisləşsə də, düzgün və uzunmüddətli tədbirlər görüldüyü halda bəzi ekosistemlərin və heyvan populyasiyalarının bərpası mümkündür.
Vəhşi heyvanlar sadəcə təbiətin bir hissəsi deyil, ekosistemlərin işləməsi üçün əsas halqalardan biridir. Onların azalması nəticədə insan həyatına da təsir edir, çünki bu heyvanlar təbiətin tarazlığını qoruyurlar. Yırtıcılar müəyyən heyvanların həddindən artıq çoxalmasının qarşısını alır, ot yeyənlər bitki örtüyünün dövranında iştirak edir.
Tozlanmanı təmin edən arılar, kəpənəklər, quşlar və digər canlılar bir çox bitkinin çoxalmasına kömək edir. Bu proses kənd təsərrüfatı üçün də vacibdir. Həmçinin meşələrin və bitkilərin yayılmasına kömək edirlər. Bir çox heyvan toxumları müxtəlif ərazilərə daşıyaraq bitkilərin yayılmasını təmin edir.
Bu heyvanlar su və torpaq sistemlərinə təsir edirlər. Heyvanların fəaliyyəti qida maddələrinin torpağa qaytarılmasına və ekosistemlərin məhsuldarlığının qorunmasına kömək edir, xəstəliklərin yayılmasına təsir göstərə bilirlər. Ekosistemlərdə növ müxtəlifliyi pozulduqda bəzi xəstəlik daşıyıcılarının üstünlük qazanması riski arta bilər.
Vəziyyət həmçinin insanların ərzaq təhlükəsizliyi ilə əlaqəlidir. Kənd təsərrüfatının məhsuldarlığı sağlam ekosistemlərdən, tozlandırıcılardan, torpaq canlılarından və təbii su dövranından asılıdır. Onlar həmçinin iqlimə qarşı mübarizədə rol oynayır, sağlam meşələr, okeanlar və digər ekosistemlər karbonun saxlanmasında iştirak edirlər.
Təbiətdəki canlılar elmi və tibbi əhəmiyyət daşıyırlar, onların xüsusiyyətləri yeni dərmanların, materialların və texnologiyaların hazırlanması üçün ilham mənbəyi ola bilər. Ən vacibi isə odur ki, bir növün yox olması çox vaxt təkcə həmin növün itkisi deyil. O, qida zəncirində başqa canlılarla əlaqəlidirsə, onun azalması bütöv ekosistemdə dəyişiklik yarada bilər. Məsələn, yırtıcıların azalması müəyyən heyvanların həddindən artıq artması deməkdir, bitki örtüyünün azalması torpağın və su sistemlərinin dəyişməsi kimi zəncirvari nəticələr yarana bilir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb