Homeopatiya alternativ təbabətin bir formasıdır. Bu müalicə üsulunda orqanizmin təbii sağalma mexanizmlərini hərəkətə gətirmək məqsədilə xəstələrə yüksək dərəcədə durulaşdırılmış maddələr verilir. XVIII əsrdə Samuel Haneman tərəfindən yaradılan homeopatiyanın prinsipləri, xüsusilə də suyun yaddaşına dair nəzəriyyə, uzun müddətdir mübahisə və müzakirə mövzusudur.
Oxşar oxşarı müalicə edir
Homeopatiyanın əsas prinsipi “oxşar oxşarı müalicə edir” anlayışıdır. Bu, həmçinin “Oxşarlıq qanunu” kimi tanınır. Həmin qanuna görə, sağlam insanda müəyyən simptomlar yaradan maddə xəstə insana çox kiçik dozada verildikdə oxşar simptomları müalicə edə bilər. Homeopatlar bitkilərdən və minerallardan tutmuş heyvan mənşəli məhsullara qədər müxtəlif maddələrdən istifadə edirlər. Bu maddələr potensiyalaşdırma adlanan proses vasitəsilə hazırlanır.
Potensiyalaşdırma ilkin maddənin su və ya spirtdə dəfələrlə durulaşdırılmasını, ardınca isə sukussiya adlanan güclü çalxalama prosesini əhatə edir. Durulaşdırma o qədər yüksək səviyyədə aparılır ki, bəzən hazırlanmış məhlulda ilkin maddənin bircə molekulu belə qalmır.
Buna baxmayaraq, homeopatlar bu vasitələrin insan orqanizminə təsir göstərə biləcəyini iddia edirlər. Bu iddianın əsasını mübahisəli “suyun yaddaşı” anlayışı təşkil edir.
Mübahisəli nəzəriyyələr nə deyir?
Suyun yaddaşı nəzəriyyəsi ilk dəfə fransız immunoloq Jak Benvenist tərəfindən 1988-ci ildə "Nature" jurnalında dərc olunan məqalədə irəli sürülüb. Benvenist və onun komandası suyun tərkibində əvvəllər həll edilmiş maddələrin yaddaşını saxlaya bildiyini iddia edirdilər. Onların fikrincə, bu yaddaş hətta ilkin maddənin molekullarının artıq qalmadığı Avogadro həddini aşan təkrar durulaşdırmalardan sonra da qorunub saxlanıla bilərdi.
Tədqiqatçılar apardıqları təcrübələrdə belə yüksək dərəcədə durulaşdırılmış məhlulların insanın ağ qan hüceyrələrində ilkin maddənin təsirinə bənzər reaksiya yarada bildiyini irəli sürürdülər. Təklif olunan izaha görə, su molekulları hansısa yolla əvvəlki maddənin izini və ya yaddaşını saxlayırdı. Bu isə homeopatik vasitələrin iddia edilən müalicəvi təsirinin əsasını təşkil edə bilərdi.
Tədqiqatın nəticələrinin dərc olunması elmi dairələrdə ciddi mübahisələrə səbəb oldu. Digər alimlər araşdırmanın metodologiyasını tənqid etdilər və nəticələri təkrar əldə edə bilmədilər. Bundan əlavə, nəzəriyyə kimya və fizikanın qəbul edilmiş qanunlarına zidd görünürdü. Çünki bu yanaşmaya əsasən, içdiyimiz su onun indiyədək təmasda olduğu bütün maddələrin xüsusiyyətlərini özündə saxlaya bilərdi.
İlkin mübahisələrə baxmayaraq, Benvenistin araşdırmalarından sonra suyun yaddaşı ilə bağlı tədqiqatlar dayanmadı. Müxtəlif alimlər bu anlayışı təsdiqləməyə çalışaraq maraqlı nəticələr əldə etdiklərini bildirdilər. Məsələn, Nobel mükafatı laureatı Lük Montanye 2009-cu ildə dərc etdiyi mübahisəli tədqiqatında DNT ardıcıllıqlarının öz xüsusiyyətlərini suya köçürə bildiyini və bu xüsusiyyətlərin həddindən artıq yüksək durulaşdırmadan sonra belə qorunub saxlanıldığını iddia etdi.
Digər tədqiqatçılar isə nüvə maqnit rezonansı görüntüləməsindən istifadə edərək suyun sabit strukturlar və ya qruplar yarada biləcəyini, bu strukturların isə maddələrin izlərini saxlaya biləcəyini irəli sürdülər. Lakin bu tədqiqatlar da geniş skeptisizmlə qarşılandı. Tənqidçilər müşahidə edilən təsirlərin eksperimental səhvlər və ya qərəzli yanaşmalarla bağlı ola biləcəyini bildirdilər.
Homeopatiyanın dünya üzrə çoxsaylı tərəfdarları və istifadəçiləri olsa da, bir çox alim bu müalicə üsulunun təsirini "plasebo effekti" ilə izah edir. "Plasebo effekti" xəstənin müalicəyə inamı nəticəsində vəziyyətində yaxşılaşma hiss etməsi, lakin bu yaxşılaşmanın müalicə vasitəsinin özünün təsiri ilə deyil, həmin inamla əlaqəli olmasıdır. Homeopatiya üzrə aparılmış klinik sınaqların bir sıra sistematik icmalları və meta-analizləri bu yanaşmanı dəstəkləyib. Həmin araşdırmalara əsasən, homeopatik vasitələr plasebodan daha təsirli deyil. Homeopatiyanın tərəfdarları bu tədqiqatların qüsurlu olduğunu və homeopatiyanın plasebo effektindən kənar təsirə malik olduğunu iddia edirlər.
Suyun yaddaşı və homeopatiyanın gələcəyi
Suyun yaddaşı anlayışı dövrümüzdə də ciddi mübahisə mövzusudur. Bir çox alim təkrarlana bilən elmi sübutların olmaması və nəzəriyyənin mövcud elmi prinsiplərlə ziddiyyət təşkil etməsi səbəbindən onun etibarlılığını şübhəlı hesab edir. Bununla yanaşı, homeopatiya bir çox insan tərəfindən tətbiq olunmağa və qəbul edilməyə davam edir. Bu da inamın davamlı gücünü, eləcə də sağlamlıq və tibbdə subyektiv təcrübələrin əhəmiyyətini nümayiş etdirir.
Elm inkişaf etdikcə və yeni tədqiqat alətləri, metodologiyalar yarandıqca bu mübahisəli sahələrə dair yeni məlumatların əldə edilməsi mümkündür. Hələlik isə suyun saxladığı iddia edilən yaddaşın mövcudluğu elmi baxımdan sübuta yetirilməyib və homeopatiyanın effektivliyi müzakirə mövzusu olaraq qalır. Elmi skeptisizmlə şəxsi inam arasındakı bu ziddiyyət alternativ və ənənəvi təbabətin anlaşılması və inteqrasiyası ilə bağlı davam edən çətinlikləri və mürəkkəbliyi göstərir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb