Süni intellekt texnologiyalarının sürətli inkişafı bizə bir şeyi öyrətdi: informasiya dünyasında yeni reallıq formalaşır. İndi insanlar heç vaxt söyləmədiyi fikirləri səsləndirə, iştirak etmədiyi hadisələrdə görünə bilir, hətta heç vaxt baş verməmiş hadisələri real görüntü kimi təqdim oluna bilir. Deepfake adlandırılan bu texnologiya informasiya təhlükəsizliyi, jurnalistika və cəmiyyət üçün ciddi problemin əsasını qoyur: reallıq itir.
Bir neçə il əvvəl foto və videolar həlledici məqamlarda hadisələrin təsdiqi üçün əsas sübutlardan biri hesab olunurdu. İndi vəziyyət fərqlidir. Süni intellekt vasitəsilə yaradılan və ya dəyişdirilən görüntülər bəzən o qədər real görünə bilir ki, onları adi baxışla gerçək materialdan fərqləndirmək olduqca çətin olur. Deepfake belə yaranır.
Deepfake termini ingilis dilindəki “deep learning” (dərin öyrənmə) və “fake” (saxta) sözlərinin birləşməsindən yaranıb. Bu texnologiya süni intellektin imkanlarından istifadə etməklə insanın üzünü, səsini, mimikasını və danışıq tərzini təqlid etməyə imkan verir. Nəticədə real insanın iştirakı olmadan onun danışdığı və ya müəyyən hərəkətlər etdiyi təəssüratı yaradıla bilər.
Mütəxəssislər bildirirlər ki, süni intellektlə yaradılmış materialları müəyyənləşdirmək üçün ilk növbədə görüntünün detalları diqqətlə araşdırılmalıdır. Əgər diqqətli baxılarsa fotolarda əllərin və barmaqların quruluşu, gözlərin baxış istiqaməti, dişlərin forması, işıq və kölgələrin uyğunluğu, arxa fondakı yazılar şübhə doğura bilər. Bəzi süni intellekt modelləri bu detalları çox dəqiq, bəziləri isə qeyri-təbii yarada bilir.
Sİ videolarının saxta olub-olmadığını dodaq hərəkətləri ilə səsin uyğunluğu, mimic hərəkətlər, göz qırpma, baş və bədən hərəkətləri, eləcə də kölgə və işıqlandırma dəyişiklikləri ilə anlamaq olur. Lakin texnologiyanın inkişafı ilə bu vizual qüsurlar getdikcə azalır, indi yalnız gözlə müşahidə materialın saxta olub-olmadığını anlamağa yetmir.
İnsanlar rəqəmsal materialların doğruluğunu araşdırmaq üçün sadə üsullardan istifadə edə bilərlər. Bu üsullardan biri Google Lens vasitəsilə fotonun internetdə daha əvvəl yayımlanıb-yayımlanmadığını, hansı kontekstdə istifadə edildiyini araşdırmaqdır. Bu üsul xüsusilə köhnə görüntülərin yeni olmuş hadisə kimi təqdim olunmasının qarşısını almağa kömək edir.
InVID-WeVerify aləti də videoları ayrı-ayrı kadrlara bölmək, görüntülərin ilkin mənbəyini araşdırmaq və materialların yoxlanılması prosesini asanlaşdırmaq imkanı verir. Digər mühüm texnologiya isə Content Credentials (C2PA) sistemidir. Bu sistem rəqəmsal məzmunun mənşəyi və onun üzərində aparılmış dəyişikliklər haqqında məlumatların saxlanmasına imkan yaradır. Beləliklə, uyğun texniki məlumat mövcud olduqda, istifadəçi görüntünün yaradılması və redaktə tarixçəsinə baxaraq görüntünün mənbəyi barədə məlumatlanmış olur. Təəssüf ki, heç bir detektor və ya yoxlama vasitəsi bütün hallarda yüzfaizli nəticə vermir. Faylda metadata məlumatlarının olmaması da onun saxta olduğunu sübut etmir.
Deepfake texnologiyasının yaratdığı ən ciddi problem ictimai rəyə təsir imkanlarının geniş olmasıdır. Dövlət və ictimai xadimlərin adından yayılan saxta bəyanatlar, süni şəkildə hazırlanmış çıxışlar, dini, milli və s. zəmində təxribat xarakterli deepfake görüntüləri cəmiyyətdə çaşqınlıq yarada, insanların qərarlarına və seçimlərinə təsir göstərə bilər. Bu baxımdan xüsusilə jurnalistlərin məsuliyyəti daha da artıb. Artıq hadisəni işıqlandırmaq üçün əldə etdiyimiz görüntünün mövcudluğu kifayət etmir. Onun ilkin mənbəyi, çəkildiyi tarix və məkan, yayılma konteksti, eləcə də başqa etibarlı mənbələrlə təsdiqi araşdırılmalıdır, deepfake olma ehtimalları yoxlanmalıdır.
Digər tərəfdən, real foto və videoların yanlış başlıqla təqdim edilməsi də dezinformasiyanın yayılmasına xidmət edə bilər. Biz bunun bir neçə örnəyini və yol açdığı fəsadları görmüşük. Bəzən dünyanın hər hansı ölkəsində baş vermis real bir hadisədən görüntünü bizim ölkəmizdə baş vermis kimi təqdim edə, insanları yanlış məlumatlandıra və yönləndirə bilirlər. Deməli, problem yalnız süni intellektlə yaradılmış saxta görüntülərlə məhdudlaşmır, problem həm də təqdimetmədəki qeyri-peşəkarlıqda və cəmiyyətdə media savadlılığının az olmasındadır.
Qarşısı alınmazsa süni intellektin imkanları genişləndikcə saxta və həqiqi məzmun arasındakı sərhəd daha da mürəkkəbləşəcək. Qarşısının alınması Sİ-nin məhv edilməsi seçimi olmayacağına görə cəmiyyətin media savadlılığının artırılması, rəqəmsal yoxlama vasitələrindən istifadənin öyrədilməsi və texnologiya şirkətlərinin şəffaflıq mexanizmlərinin gücləndirilməsi üsulları inkişaf etdirilməlidir. Sİ-nin imkanları və riskləri düzgün anlaşılmalıdır. İnformasiya bolluğunun artdığı müasir dünyada həqiqəti müəyyənləşdirmək üçün təkcə görmək yetəli deyil, araşdırmaq, müqayisə etmək və sübut tələb etmək şərtdir. Unutmayaq ki, görüntünün real görünməsi onun həqiqi olması demək deyil.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi ” istiqaməti çərçivəsində hazırlanıb