İnteqrativ tibb insanın psixoloji, mənəvi, fiziki, ekoloji, genetik və sosial vəziyyətini araşdıran, insan sağlamlığını pozan bütün amilləri elmi və tamamlayıcı diaqnostik və müalicə üsulları vasitəsilə qiymətləndirən bir yanaşmadır. İnteqrativ tibb elmi məlumatlara əsaslanan akupunktur, fitoterapiya, miyoterapiya, aromaterapiya, Ayurveda və enerji təbabəti kimi elmi metodların və dəstəkləyici müalicələrin birgə tətbiqini əhatə edir. Yəni nə tibbi inkar edir, nə də türkəçarədir. İki sistemi də özündə birləşdirən, bütünləşdirən müalicə metodudur.
İnteqrativ təbabət yanaşmasında xəstəliyin müalicəsi ilə yanaşı, xəstəliyə səbəb olan əsas faktorların müəyyən edilməsi və fərdin daha rahat yaşaya bilməsi üçün onları yaxşılaşdırmaq məqsədi daşıyır. Buna köklü araşdırma, dərindən müalicə də deyə bilərik.
İnteqrativ sağlamlıq təkcə xəstəliyin sağalmasından ibarət deyil. İnteqrativ tibb sağlamlığa yönəlmiş bir yanaşma qəbul edir, yəni bu müalicə metodu xəstəliyə yönəlmir, dayanıqlı, sağlam həyat məqsədi daşıyır. Bu, insanın özünün də xəbərsiz ola biləcəyi və sağlamlığına xələl gətirən əqli, fiziki, ətraf mühit, sosial amilləri yaxşılaşdırmaq üçün addımlar atan və insana tamamilə yeni həyat tərzini mənimsəməyə kömək etməyi hədəfləyən bir yanaşmadır. İnteqrativ Tibb Klinikaları təkcə xəstəlikləri olanlar üçün deyil, həm də həyat keyfiyyətini yaxşılaşdırmaq istəyən insanlar üçündür.
İnteqrativ sağlamlıq, xərçəng, xroniki xəstəlikləri, ümumi yorğunluğu və bir çox başqa xəstəlikləri olan insanlara xəstəlik simptomlarını daha yaxşı idarə etməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək etmək məqsədi daşıyır. İnteqrativ Tibb Klinikasında istifadə olunan akupunktur, nəfəs terapiyası, tibbi məşq, aromaterapiya, fitoterapiya, pəhriz əlavələri, ayurveda, miyoterapiya, enerji təbabəti, meditasiya kimi müalicə üsulları insanı həm fiziki, həm də psixoloji olaraq tamamlamağa xidmət edir.
İnteqrativ Tibb həm tamamlayıcı, həm də ənənəvi müalicə yanaşmalarını əhatə edir və hər ikisinin istifadəsini vahid müalicə planının bir hissəsi kimi əlaqələndirir. İnteqrativ Tibb konsepsiyası təkcə sağlamlıq problemləri olan xəstələrə deyil, həm də həyatı boyu sağlam həyat sürmək istəyən hər kəsə tövsiyə olunur. Astma, xərçəng, xroniki ağrı, xroniki yorğunluq, diabet, baş ağrısı, miqren, sonsuzluq, bağırsaq sindromu, skleroz, asılılıq, həyacan və qorxularını idarə edə bilməmək, diqqət çatışmazlığı, hiperaktivlik pozuqluğu, depressiya, yuxusuzluq, travma sonrası stress pozğunluğu kimi bir çox problemlər inteqrativ tibb üsulları ilə müalicə edilə bilir.
Ənənəvi və tamamlayıcı tibbi müalicə üsullarından istifadə edən inteqrativ tibb bədənin özünü sağaltma və təmir mexanizmlərini aktivləşdirən sistemləri əhatə edir. Müasir tibbin məlumatları və texnoloji imkanları ənənəvi biliklərlə birləşir, bu birləşmədəki məqsəd isə xəstənin ömürlük, davamlı rifahına nail olmaqdır. İnteqrativ tibbdə simptomlar səbəb-nəticə əlaqəsi və ya kökdəki səbəb əsasında müəyyən edilir. Məsələn, piylənmədən əziyyət çəkən bir insanın həddindən artıq yeməsinə səbəb nədir? Piylənmə nə vaxt başlayıb? Hormonal problem və ya psixoloji bir səbəb varmı?
Bu vəziyyətdə əsas diqqət xəstənin qidasını kəsmək, çəkisini azaltmaq yerinə xəstəliyin əsas səbəbini müəyyən etməkdir. Orqanizmin sağlamlığını pozan, onun fəaliyyətini və axınını pozan amillər müəyyən edilir və onların aradan qaldırılması üçün müalicə nəzərdə tutulur. Bu planlaşdırma mərhələsində müalicə üsulları xəstənin anamnezi, fiziki müayinəsi, pəhrizi, bağırsaq keçiriciliyi, stress səviyyəsi, həyat tərzi, vərdişlər və kimyəvi təsir kimi çoxsaylı parametrləri qiymətləndirərək vahid yanaşma ilə müəyyən edilir.
İnteqrativ sağlamlıqda diqqət xəstəliyə deyil, xəstəyə yönəlir. Xəstələr özləri sağalmağı və sağlam həyat tərzini arzulamalıdırlar. Bir çox xəstələr üçün vərdişlərini tərgitmək və yeni həyat tərzinə keçmək ilk vaxtlarda çətin ola bilər. Lakin inteqrativ təbabətdə orqanizmin özünü sağaltmasına köməklik prinsipinə əsaslanan xəstənin qətiyyəti və buna hazır olması müalicənin uğurunu artırır.
İnteqrativ tibbdə xəstə və həkim sağalma prosesində bir-birnə etimad edən tərəfdaşdırlar. Müalicə prosesi inların bir-birinə qarşı dürüstlüyü, inamı ilə daha da effektiv olur. Müalicə başlayanda əvvəlcə sağlamlığa təsir edən, insanı xəstələndirən bütün amillər - bədən, ruh, ağıl, psixologiya, genetika, ətraf mühit, cəmiyyət kimi amillər nəzərə alınmaqla ümumi qiymətləndirmə aparılır. Bədənin təbii sağalma reaksiyasını dəstəkləmək və ona mane olan maneələri aradan qaldırmaq üçün uyğun ənənəvi və alternativ tamamlayıcı üsullar birlikdə istifadə olunur.
İnteqrativ tibbdə mümkün olduqca ən təbii, ən az invaziv üsullara üstünlük verilir, xəstə yüklənmir, yorulmur. Xəstəliklərin müalicəsi ilə yanaşı, əsas konsepsiya sağlamlığın qorunmasını və mühavizə edilməsini ehtiva edir. İnteqrativ təbabət bu sahədə xüsusi təlim keçmiş mütəxəssislər tərəfindən həyata keçirilməlidir, əks halda effektivlik olmaz.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması ” istiqaməti çərçivəsində hazırlanıb.