PDF Oxu

MİA

  • 1 364

Kirpik qaynağının görünməyən üzü və ya mikroskopik təhlükə

image

Gözəllik məqsədilə geniş yayılan kirpik uzatma, başqa sözlə qaynaq proseduru ilə bağlı yeni aparılan araşdırma maraqlı nəticələr aşkarlayıb. Mütəxəssislər xüsusilə bu proseduru müntəzəm və uzun müddət etdirən şəxslərdə göz ətrafında bakteriya və parazitlərin toplanması üçün əlverişli mühit yarana biləcəyini bildirirlər.

Araşdırmanın nəticələrinə görə, kirpik uzatmaları yalnız estetik görünüşə təsir etmir, göz ətrafının gigiyenası və göz qapaqlarının sağlamlığı ilə bağlı müəyyən risklər də yarada bilər.

Kirpik diblərində mikroskopik gənələr

Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri Demodex adlı mikroskopik gənələrdir. Bu canlılar normalda insan dərisində yaşayır və əksər insanlarda heç bir problem yaratmır. Lakin onların sayı həddindən artıq artdıqda və göz ətrafında toplandıqda müxtəlif narahatlıqlara səbəb ola bilər.

Kirpik uzatma zamanı süni liflər xüsusi yapışdırıcı vasitəsilə təbii kirpiklərə bərkidilir. Bu zaman yaranan struktur ölü dəri hüceyrələrinin, yağın və tökülmüş hüceyrələrin kirpik dibində toplanmasına şərait yarada bilər. Demodex gənələri isə həmin yığıntılardan qidalanaraq çoxala bilər. Bundan başqa, kirpik uzatmaları ölmüş gənələrin və digər qalıqların təbii şəkildə kirpiklərdən uzaqlaşmasını da çətinləşdirə bilər.

345 qadın araşdırmaya cəlb edilib

Ukraynanın Piroqov adına Milli Memorial Tibb Universitetinin göz həkimi, doktor Tetiana Zhmud və həmkarlarının apardığı araşdırmada 16-28 yaş aralığında olan 345 qadının kirpik uzatma vərdişləri araşdırılıb.

İştirakçıların təxminən yarısı proseduru hər 3-4 həftədən bir etdirdiyini bildirib. Bu isə ildə təxminən 17 prosedur deməkdir. Araşdırmaya qatılan qadınların 48 faizi kirpik uzatmadan sonra müxtəlif şikayətlərlə üzləşdiyini bildirib. Ən çox rast gəlinən problemlər arasında gözlərdə narahatlıq, qızartı və qaşınma olub. Tədqiqatçılar daha sonra göz qapaqlarının altında yerləşən və gözlərin nəmliyinin qorunmasına kömək edən yağ vəzilərini xüsusi görüntüləmə üsulu olan meiboqrafiya vasitəsilə araşdırıblar.

10 və daha çox prosedur keçirənlərdə təhlükə

Nəticələrə görə, ən azı 10 dəfə kirpik uzatma proseduru etdirən qadınların 85 faizində göz yaşının buxarlanmasının qarşısını almağa kömək edən yağın istehsalına cavabdeh vəzilərin tutulduğu və ya funksiyasını itirdiyi müəyyən edilib.

Araşdırmanın daha diqqətçəkən hissəsində isə müntəzəm olaraq kirpik uzatma etdirən 25 qadından götürülmüş kirpik nümunələri mikroskop altında araşdırılıb. Onlardan 24-də, yəni 96 faizində Demodex gənələri aşkarlanıb.

Gənələrin aşkarlandığı qadınların əksəriyyətində müxtəlif göz və dəri problemləri də müşahidə olunub. 18 qadında qaşınma, qıcıqlanma, qızartı, şişkinlik, qabıqlanma və kirpiklərin bir-birinə yapışması kimi əlamətlər qeydə alınıb.

Mütəxəssislər vurğulayırlar ki, Demodex gənələrinin mövcudluğu öz-özlüyündə xəstəlik demək deyil. Lakin onların həddindən artıq çoxalması və göz ətrafında toplanması iltihab, göz qapağı problemləri və ağrılı göz infeksiyalarının yaranmasına şərait yarada bilər.

Gənələri aşkar etmək çətindir

Mütəxəssislərin diqqət çəkdiyi digər məqam isə kirpik qaynağının yalnız gənələrin çoxalması üçün əlverişli şərait yaratması deyil, onların mövcudluğunun müəyyən edilməsini də çətinləşdirməsidir.

ESCRS Kornea Komitəsinin sədri, professor Sorcha Ni Dhubhghaill bildirib ki, Demodex gənələri adətən kirpiklərin ətrafında buraxdıqları xarakterik qalıqlar vasitəsilə aşkar edilə bilir. Bu qalıqlar ölü gənələrin, onların ifrazatlarının və yumurtalarının dəri və yağla qarışması nəticəsində yaranan mumabənzər halqalar şəklində görünür.

Lakin kirpik qaynağı zamanı istifadə olunan yapışdırıcının təbii kirpiklərin dibinə tətbiq edilməsi həmin nahiyənin müayinəsini və gənələrin aşkar edilməsini çətinləşdirə bilər.

Mütəxəssislər “gigiyena şərtdir” deyir

Araşdırmanın rəhbəri doktor Tetiana Zhmud əldə olunan nəticələrin kirpik qaynağı prosedurundan istifadə edən şəxslərin göz ətrafının gigiyenasına daha ciddi diqqət yetirməli olduğunu göstərdiyini bildirib. Xüsusilə qaşınma, qızartı, şişkinlik, qabıqlanma, qıcıqlanma və ya bulanıq görmə kimi əlamətlər yaranarsa, təcili göz həkiminə müraciət etmək lazımdır. Kirpik qaynağından istifadə edən qadınlara göz qapaqlarını gündə iki dəfə göz ətrafı üçün nəzərdə tutulmuş yumşaq təmizləyici vasitə və kirpik fırçası ilə ehtiyatla təmizləmək məsləhət görülür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər