Dünyada enerji keçidi uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Günəş və külək enerjisi, aşağı karbon emissiyalı yanacaq və ekoloji təmiz sənaye texnologiyalarına yatırımlar təkcə iqlim dəyişikliyi ilə mübarizə vasitəsi deyil, həm də dövlətlərin iqtisadi və geosiyasi nüfuzunu müəyyən edən amilə çevrilir. Bu yarışda isə Çin Qərb ölkələrini qabaqlamağa başlayıb.
Çin təmiz sənaye layihələrinin maliyyələşdirilməsində dünyada ön sıralardadır. Yeni araşdırmalar göstərir ki, ölkə bu sahədə yalnız investisiyaların həcmini artırmır, həm də qlobal istehsal və təchizat zəncirlərində mövqeyini möhkəmləndirir. Mission Possible Partnership (MPP) təşkilatının məlumatına əsasən, son bir ildə dünyada irimiqyaslı 36 təmiz sənaye layihəsi maliyyələşmə əldə edib. Onlardan 23-ü Çinin payına düşüb. Bu layihələrin ümumi dəyəri 40 milyard avrodan çoxdur.
Çinin üstünlüyü yalnız yeni investisiyalarla məhdudlaşmır. Hazırda dünyada fəaliyyət göstərən və ya tikilməkdə olan təmiz sənaye müəssisələrinin 49 faizi bu ölkədə yerləşir. Pekinin mövqeləri alternativ yanacaq və ekoloji təmiz sənaye istehsalında xüsusilə güclüdür. Çin aşağı emissiyalı metanol istehsalı üzrə dünya gücünün 90 faizindən çoxuna, daha təmiz alüminium istehsalı gücünün isə 40 faizindən çoxuna sahibdir.
Ölkənin texnoloji təsiri öz sərhədlərindən kənara da yayılır. Məsələn, Laosda fəaliyyətə başlayan Cənub-Şərqi Asiyanın ən böyük külək elektrik stansiyasında Çin istehsalı olan 133 turbindən istifadə edilir. Bu stansiya Vyetnamın sənaye sektorunu elektrik enerjisi ilə təmin edir.
Ekspertlərin fikrincə, enerji idxalından asılılığını azaltmaq istəyən ölkələr üçün Çin getdikcə daha mühüm təmiz texnologiya təchizatçısına çevrilir. Bu isə Pekinin xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadi və geosiyasi təsir imkanlarını genişləndirə bilər. Yaşıl enerji sənayesində irəliləyiş əldə edən yeganə ölkə Çin deyil. Afrika, Asiya və Latın Amerikasının bir sıra dövlətləri də bərpaolunan enerji potensialından istifadə edərək yeni sənaye müəssisələri yaratmağa çalışır.
MPP-nin məlumatına görə, son bir ildə inkişaf etməkdə olan ölkələrdə daha altı layihə 4,7 milyard avro investisiya cəlb edib. Müqayisə üçün, inkişaf etmiş ölkələrdə bu göstərici 4,3 milyard avro olub. Keniyada geotermal enerji ilə işləyən yaşıl gübrə zavodunun yaradılması planlaşdırılır. Müəssisənin ildə 200-300 min ton gübrə istehsal etməsi nəzərdə tutulur. Paraqvayda daha təmiz texnologiyalarla gübrə istehsalı layihəsi maliyyələşdirilib. Cənubi Afrikada isə karbon qazı və bərpaolunan elektrik enerjisi əsasında sintetik aviasiya yanacağının istehsalı layihəsinə investisiya ayrılıb.
Beləliklə, təmiz enerji resursları zəngin olan ölkələr artıq yalnız xammal ixracatçısı deyil, həm də yeni sənaye və istehsal mərkəzləri olmaq imkanı qazanırlar. Çinin sürətli inkişafı Avropa İttifaqını da hərəkətə gətirir. Aİ 2025-ci ilin fevralında qəbul etdiyi Təmiz Sənaye Sazişi çərçivəsində Avropada ekoloji təmiz istehsalı dəstəkləmək, enerji xərclərini azaltmaq və polad, kimya kimi sənaye sahələrinin emissiyalarını aşağı salmaq üçün 100 milyard avrodan çox vəsait səfərbər etməyi öhdəsinə götürüb.
Bundan başqa, Avropada yeni zavodların tikintisini sürətləndirmək və yerli istehsal olan aşağı karbonlu məhsullara tələbatı artırmaq məqsədilə Sənaye Sürətləndiricisi Aktı müzakirə olunur. Bununla belə, Avropanın da müəyyən üstünlükləri qalır. Mütəxəssislərin qiymətləndirməsinə görə, Avropa hər il daxili tələbatından təxminən iki dəfə çox elektrik avtomobili və külək turbini, təxminən üç dəfə çox istilik nasosu istehsal etmək gücünə malikdir.
Əsas problem isə investisiyaların davamlılığını və layihələrin real istehsal müəssisələrinə çevrilməsini təmin etməkdir. MPP-nin izlədiyi məlumatlara əsasən, dünyada 800-dən çox təmiz sənaye layihəsi hələ maliyyələşmə gözləyir. Onların potensial investisiya dəyəri təxminən 4,3 trilyon avrodur.
Məsələnin əhəmiyyəti yalnız ekoloji göstəricilərlə ölçülmür. Təmiz enerji sənayesinə yatırılan investisiyalar gələcəkdə zavodların hansı ölkələrdə tikiləcəyini, yeni iş yerlərinin harada yaranacağını, alternativ yanacaq və texnologiyaların kim tərəfindən istehsal ediləcəyini müəyyənləşdirə bilər.
Ümumiyyətlə, Çin yalnız enerji texnologiyalarının istehsalçısı kimi deyil, gələcəyin sənaye və iqtisadi münasibətlərinə təsir göstərə biləcək güc mərkəzi kimi də önə çıxır. Bu proses dünya iqtisadiyyatında və beynəlxalq güc balansında yeni dəyişikliklərin əsasını qoyur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb