PDF Oxu

MİA

  • 895

Dünya enerji keçidində yeni mərhələyə hazırdırmı?

Dünya enerji keçidində yeni mərhələyə hazırdırmı?

Dünyada iqlim dəyişikliyi ilə mübarizə və istixana qazlarının atmosferə buraxılmasının azaldılması istiqamətində yeni tendensiya müşahidə olunur. Proqnozlara əsasən, 2026-cı ildə fosil yanacaqlardan – neft, kömür və təbii qazdan qaynaqlanan qlobal karbon qazı (CO₂) emissiyaları azala bilər. Bu, son illərdə enerji sektorunda baş verən dəyişikliklərin və bərpaolunan enerji mənbələrinə keçidin nəticəsi kimi qiymətləndirilir.

Qlobal Karbon Layihəsinin proqnozlarına görə, fosil yanacaqlardan qaynaqlanan karbon emissiyalarının 2026-cı ildə təxminən 0,4 faiz azalaraq 38,2 milyard tona enəcəyi gözlənilir. Bu, 2020-ci ildən sonra ilk illik azalma ola bilər. Qlobal Karbon Layihəsinin araşdırmasında qeyd olunur ki, bu azalmanın əsas səbəblərindən biri günəş və külək enerjisinin sürətlə genişlənməsi, elektrik avtomobillərinin istifadəsinin artmasıdır. Qlobal enerji tələbatı yüksəlməkdə davam etsə də, 2026-cı ildə tələbat artımının təxminən üçdə ikisi günəş və külək enerjisi, eləcə də elektrik nəqliyyatı hesabına qarşılanıb.

Bununla yanaşı, Yaxın Şərqdəki münaqişə nəticəsində neft və qaz təchizatında yaranan problemlər də fosil yanacaqların istehlakının azalmasına təsir göstərib. Hesabata əsasən, neftdən qaynaqlanan emissiyaların 1,9 faiz, təbii qazdan yaranan emissiyaların isə 0,3 faiz azalacağı gözlənilir. Kömürdən qaynaqlanan emissiyaların isə əksinə, 0,6 faiz artacağı proqnozlaşdırılır. Qlobal Karbon Layihəsinin proqnozlarına görə, dünyanın ən böyük iqtisadiyyatlarından Çin, ABŞ və Avropada fosil yanacaqlardan qaynaqlanan karbon emissiyalarının azalması gözlənilir.

Çində emissiyaların 0,9 faiz, ABŞ-da 1,3 faiz, Avropada isə 1,5 faiz azalacağı ehtimal olunur. Çində bu tendensiya bərpaolunan enerji mənbələrinin genişlənməsi, nəqliyyatın elektrikləşdirilməsi, polad və sement istehsalına tələbatın dəyişməsi ilə əlaqələndirilir. ABŞ-da kömürdən təbii qaza keçid emissiyaların azalmasına təsir edən amillərdən biridir. Avropada isə enerji istehlakının dəyişməsi və alternativ enerji mənbələrinin inkişafı bu prosesdə rol oynayır. Hindistanda isə fərqli mənzərə müşahidə olunur. Ölkədə iqtisadi artım və infrastruktur layihələrinin genişlənməsi ilə əlaqədar karbon emissiyalarının 4,4 faiz artacağı proqnozlaşdırılır.

Fosil yanacaqlardan yaranan emissiyaların azalmasına baxmayaraq, qlobal ekoloji vəziyyətlə bağlı narahatlıqlar qalmaqdadır. Xüsusilə meşələrin qırılması, torpaqdan istifadənin dəyişdirilməsi və meşə yanğınları atmosferə əlavə karbon qazının buraxılmasına səbəb olur.

Qlobal Karbon Layihəsinin məlumatına əsasən, torpaq istifadəsindəki dəyişikliklər də nəzərə alındıqda, 2026-cı ildə ümumi karbon emissiyalarının 43,3 milyard tona çatacağı gözlənilir. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 42,8 milyard ton olub.

İndoneziyada El-Ninyo hadisəsi ilə əlaqəli meşə yanğınlarının da emissiyaların artmasına təsir göstərəcəyi bildirilir. Braziliya, Konqo Demokratik Respublikası və İndoneziyada meşələrin qırılması isə qlobal karbon balansı üçün ciddi problem olaraq qalır. Alimlərin diqqət çəkdiyi əsas məsələlərdən biri qlobal istiləşməni sənayedən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırmaq üçün qalan karbon büdcəsidir.

Qlobal Karbon Layihəsinin hesablamalarına görə, bu həddin aşılmaması üçün atmosferə buraxıla biləcək CO₂ miqdarı təxminən 150 milyard ton təşkil edir. Bu isə hazırkı emissiya sürəti ilə dörd ildən az müddətə bərabərdir. Mütəxəssislər hesab edirlər ki, günəş və külək enerjisinin, enerji saxlama batareyalarının və elektrik avtomobillərinin istehsalı və istifadəsi daha sürətlə genişləndirilməlidir. Əks halda, 2026-cı ildə gözlənilən cüzi azalma uzunmüddətli ekoloji dönüşə çevrilməyə bilər.

2026-cı ildə fosil yanacaqlardan qaynaqlanan karbon emissiyalarının azalması dünya üçün müsbət siqnal olsa da, bu, iqlim böhranının aradan qalxdığı mənasını vermir. Əsas məsələ bu tendensiyanın müvəqqəti deyil, davamlı prosesə çevrilməsidir. Bunun üçün dövlətlərin alternativ enerji sahəsinə yatırımları artırması, sənaye istehsalını ekoloji tələblərə uyğunlaşdırması və meşələrin qorunması istiqamətində daha ciddi tədbirlər görməsi vacibdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər