PDF Oxu

MİA

  • 4 627

Mənəviyyat məsələsi: nəyi qorumalı?

image

Cəmiyyətin formalaşmasında maddi ünsürlər qədər milli-mənəvi dəyərlər də önəmlidir, hətta ikinci birincidən daha vacibdir. Sivilizasiyaları yaradan insanlardır. İnsan həm maddi, həm də mənəvi xüsusiyyətləri olan varlıqdır. Fiziki xüsusiyyətlərlə yanaşı, mənəvi xüsusiyyətlərimiz bizi insan edir. Maddi şeylərə önəm verən və mənəviyyatını unudan bir insanın bu dünyada xoşbəxt bir həyat sürməsi mümkün deyilsə, maddi dəyərlərə önəm verildiyi və mənəviyyatın unudulduğu cəmiyyətlərin sivilizasiyanın yaşaması da eyni dərəcədə mümkün deyil, unudulur.

Bütün dünyada zorakılıq və terror aktlarının, xaosun, qətllərin baş verdiyi dövrdə yaşayırıq. Bu mənzərə dünyada yaşayan bütün insanların həyatına maddi və mənəci zərər verir. Bütün ölkələrdə pozulmuş cəmiyyətlərin əvvəlki halına qaytarılması üçün proqramlar işlənir, araşdırılmalar aparılır. İndi dünya əmindir ki, problemlərin öhdəsindən gəlməyin yolu milli-mənəvi dəyərləri qorumaqdan keçir. Əslində bu gün bir çox cəmiyyətlər milli-mənəvi dəyərlərinə qayıtmaqla qurtuluşun mümkün olduğunu qəbul edib. Milli-mənəvi dəyərlər bir milləti millət edən ilkin dəyərlərdir. Vətən, bayraq, mədəniyyət, dil, himn və sairə kimi milli dəyərlərimiz, milli adətlərimiz bizi kökümüzdən qopmağa qoymayan elementlərdir.

Həmçinin, din də bizim mənəvi dəyərlərimizi ifadə edir. Din bu gün bütün cəmiyyətlərin əsas ehtiyacıdır. İnsanlar bu qədər mənəvi böhranın içərisində ikən işıq, nicat yolu axtarırlar, mənəvi dəstəyi dindən alırlar. Həqiqi ruhi bilikləri paylayan din vasitəsi ilə insanlar güvən və cəsarət qazanırlar, səbirli və qətiyyətli olmağı öyrənirlər, həyatın çətinliklərinə müqavimət göstərə bilirlər. Din mərhəmət öyrədir, sevgi, hörmət, ədalət aşılayır. Bu hisslərdən uzaq olan insan özünü boşluqda hiss edir. Tarixin heç bir dövründə dindən, mənəviyyatdan uzaqlaşmış cəmiyyətlər uzun müddətli var ola bilməyiblər.

Həqiqi din insanları həyata hazırlayır, bədbəxt hadisələr zamanı, ölümlər və itkilər olanda təsəlli verir. Həqiqi ruhi biliyi öyrənən insan dünyada mövcud olmağın mənasını dərk edir, maddi asılılıqlardan uzaq olur. Onu yoxdan yaradanı tanıyır, sevir. Mənəviyyatı möhkəmlənən insan həyatın təkcə maddi dünyadan ibarət olmadığını bilir və dünyada itirdiyi maddi şeylərə heyifsilənmir.

Təhsilin məqsədlərindən biri də ümumi cəmiyyət tərəfindən qəbul edilmiş dəyərləri gələcək nəsillərə ötürmək, bu dəyərləri mənimsəmələrini təmin etməkdir. Məktəblərdə “mənəvi dəyərlər” təhsili verilməlidir. Milli təhsil sistemində dəyərlərə, adətlərə köklənmiş öyrətmə metoduna üstünlük verilməlidir. Uşaqlara lap körpə yaşdan dəyərin nə olduğunu, milliliyin nə vəd etdiyini, kimliymizin hansı əhəmiyyəti daşıdığını aşılamaq lazımdır. Əks halda yad və təhlükəli təsirlərə məruz qalmağımız qaçılmazdır. Dünyanın sosial-iqtisadi strukturunda baş verən sürətli dəyişikliklər bütün cəmiyyətlərə təsir edir. Millətlərin, xalqların, ölkələrin milli dəyərləri yad təsirdən zərər görə, dəyişə, transformasiyaya uğraya bilər. Biz öz mədəniyyətimizi qorumaqla, dilimizi, dinimizi, adətlərimizi qorumaqla, əslində, kimliyimizi, kökümüzü qoruyuruq.

Əfsuslar olsun ki, indi biz uşaqlarımızı milli düşüncədə, milli ruhda yetişdirə bilmirik. Onların milli kimliyini, vətənpərvərlik ideallarını düşünməyə vaxtı olmur. Fasiləsiz olaraq imtahana hazırlaşan, durmadan oxuyan, işsizlik girdabında boğulan gənclik milli-mənəvi məsələlərə vaxt ayıra bilmir. Biz hər baxımdan savadlı, yenilikçi, ixtiraçı gənclik yetişdirə bilərik, savadlı kadrlarımız ola bilər, amma mənəvi və milli dəyərlərə malik nəsil yetişdirə bilməyimiz sual altındadır. Gənclər, adətən, problemlərdən xəbərdar olur, maraqlanır və araşdırma aparır, yaradıcı olur və təxəyyülünü inkişaf etdirir, həll yolları fikirləşir. Daha kreativdirlər, daha dinamikdirlər. Dayanmırlar, yorulmurlar, daim axtarışdadırlar. Təşəbbüskar, dəyişikliklərə və inkişafa açıq olan, eyni zamanda dəyərlərinə, milli kimliyinə sadiq olan gənclik yetişdirmək bizim dövlətə və cəmiyyətə ən böyük xidmətimiz olar.

Dini, milli-mənəvi dəyərlər bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir. Xalqımız əsrlər boyu qoruduğu, tarixin bəzi dönəmlərindən talanaraq, məhv edilərək əlindən alınmağa çalışılan adətləri bu günədək gətirib çıxara bilib, bu da milli özünüdərkin formalaşmasına böyük kömək edib. Bu vəziyyəti qoruyub saxlamaqla yanaşı inkişafını da təmin etmək lazımdır. Dəyərlərin gələcək nəsillərə ötürülməsi, gənc nəslin milli, mənəvi tərbiyəsi xalqımızın, dövlətimizin var ola bilməsi üçün şərtdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər