Viza məhdudiyyətləri ABŞ universitetlərinə daha az beynəlxalq tələbənin qəbul edilməsinə səbəb olur
Tramp administrasiyası tələbə vizalarının verilməsini məhdudlaşdıran siyasət dəyişiklikləri həyata keçirdikcə, bu payız Minnesota ştatındakı kollec və universitetlərə qəbul edilən beynəlxalq tələbələrin sayı kəskin azalıb. Bu vəziyyət digər ölkələrdən olan tələbələrin ABŞ-da təhsil almasını daha da çətinləşdirir.
Beynəlxalq tələbələrlə işləyən kollec administratorları tələbə vizalarından imtina hallarının artdığını bildirirlər. Onların sözlərinə görə, bir çox potensial tələbə öz ölkələrindəki ABŞ konsulluqlarında viza müsahibəsinə vaxt təyin etməkdə də çətinlik çəkir. Bundan əlavə, sentyabrın 15-dən etibarən federal hökumət beynəlxalq tələbələrin tələbə vizası ilə ABŞ-da nə qədər qala biləcəklərinə dair yeni məhdudiyyətlər tətbiq edəcək.
ABŞ-da artıq təhsil alan bir çox beynəlxalq tələbə isə təhsillərinin gələcəyi və burada təhsillərini başa çatdırıb-baçatdıra bilməyəcəkləri barədə narahatlıq keçirir. 21 yaşlı Kelma Nqva Amambua Qərbi Afrikadakı kiçik Qambiya dövlətindən olan ikinci kurs tələbəsidir. O, hazırda Mankatodakı Bethany Lutheran Kollecində bioinformatika üzrə təhsil alır.
“Mən həmçinin Amerikada magistratura və ya doktorantura təhsili almağı səbirsizliklə gözləyirdim. Amma bu proses də getdikcə çətinləşib”, – deyə Amambua yayın sonlarında kampusda olarkən bildirib. Amambua MPR News-a açıqlamasında ali təhsil təcrübəsi ilə bağlı yaranan şübhələrin hazırda onun təhsilinə təsir etməməsinə çalışdığını deyib.
“Zaman keçdikcə gələcəyimlə bağlı qeyri-müəyyənlik və narahatlıq artdı. Başa düşürəm ki, hadisələrin bu şəkildə inkişaf etməsinin müəyyən səbəbləri var. Qəbul edirəm ki, bu, yeni qaydadır və çox güman ki, dərəcəmi bitirdikdən dərhal sonra buradan köçməli olacağam. Amma mən həm də optimistəm ki, zaman keçdikcə vəziyyət dəyişə bilər”, – deyə o bildirib.
Beynəlxalq tələbələrin sayında azalma
Bethany Lutheran Kollecinə beynəlxalq tələbə qəbulu ötən il rekord həddə çatıb. Kiçik, özəl liberal incəsənət kollecinə qəbul və marketinq üzrə vitse-prezident Jeff Lemke bildirib ki, beynəlxalq tələbələr Bethany-dəki bütün tələbələrin təxminən 20 faizini təşkil edir.
Onun sözlərinə görə, bu göstəricinin yüksək olmasının səbəblərindən biri kollecin tələbələrə və onların ailələrinə mürəkkəb viza prosesində kömək etmək və onlarla daim əlaqə saxlamaq üçün göstərdiyi səydir. Lakin Lemke bildirib ki, hazırda tələbə vizası almaq 2025-ci illə müqayisədə daha çətindir. “Keçən illə müqayisədə viza müraciətlərinin rədd edilməsi hallarının təxminən 30 faiz artdığını müşahidə etdik. Bu da ilin əvvəlində bizə qoşula biləcək tələbələrin sayına real təsir göstərib”, – deyə o bildirib.
Təxminən iki mil məsafədə yerləşən Minnesota Dövlət Universitetinin Mankato kampusunda da beynəlxalq tələbələrin sayının təxminən 10 faiz azalması bu payız semestrində daha az xarici tələbənin kampusa gəlməsi ilə nəticələnib. Mankato şəhərindəki Minnesota Dövlət Universitetinin Qlobal Təhsil üzrə dekanı Uill Koqil-Behrends bildirib ki, beynəlxalq tələbələrin sayının azalması universitetin büdcəsinə ciddi təsir göstərir. Bunun səbəblərindən biri beynəlxalq tələbələrin adətən yerli tələbələrlə müqayisədə daha yüksək təhsil haqqı ödəməsidir.
“Beynəlxalq tələbələrin sayında yaşadığımız bu geriləmənin növbəti üç-dörd semestrində milyonlarla dollar itki olacaq”, – deyə Koqil-Behrends bildirib. Onun sözlərinə görə, beynəlxalq tələbələrin sayının azalmasının universitet üçün yeganə mənfi nəticəsi gəlir itkisi deyil.
“Biz tələbələrimizi getdikcə daha qlobal xarakter alan dünyaya və gələcəyə hazırlamaq üçün əlimizdən gələni edirik. Onların bir-birindən öyrənmək və birlikdə təhsil almaq imkanları gələcək karyeralarında daha yaxşı və hazırlıqlı mütəxəssis olmalarına kömək edən mühüm vasitələrdən biridir”, – deyə o bildirib.
ABŞ iqtisadiyyatına da təsir edir
Beynəlxalq Təhsil Mütəxəssisləri Assosiasiyası – NAFSA-nın proqnozuna görə, 2026–2027-ci tədris ilində ABŞ-da beynəlxalq tələbə qəbulunun ötən illə müqayisədə təxminən 18 faiz azalacağı gözlənilir. Assosiasiyanın hesablamalarına görə, bu azalma ölkə üzrə universitet şəhərlərinin və ətraf icmaların iqtisadiyyatına təxminən 3,4 milyard dollara başa gələ bilər.
Minnesota ştatında payız semestri üzrə dövlət və özəl kolleclərin yekun qəbul rəqəmləri hələ açıqlanmayıb. Bununla belə, əksər təhsil müəssisələri bu payız kampuslarında beynəlxalq tələbələrin sayının əhəmiyyətli dərəcədə azalacağını və bunun ştat iqtisadiyyatına bu il 40 milyon dollardan çox itkiyə səbəb ola biləcəyini bildirirlər.
ABŞ-da beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı NAFSA-nın baş direktoru Fanta Au hesab edir ki, məsələ yalnız maliyyə itkiləri ilə məhdudlaşmır. Onun sözlərinə görə, beynəlxalq tələbələrin azalması kollec və universitet kampuslarında formalaşan intellektual və mədəni mübadilənin də zəifləməsinə səbəb olur.
Au həmçinin ABŞ-ın digər ölkələrə göndərdiyi mesajdan narahat olduğunu bildirib. O, “hazırda dünyanın qalan hissəsində ABŞ-a qarşı böyük bir etimad çatışmazlığı var”, – deyə bildirib.
Lalə Mehralı