Çinin avtomobil sənayesi xarici bazarlarda sürətlə irəliləyir. Çin şirkətləri Avropadan Cənub-Şərqi Asiyaya qədər müxtəlif bazarlara daxil olaraq Toyota Motor və Volkswagen kimi uzun illərdir bazarda mövqeyini qoruyan avtomobil istehsalçılarına təzyiqi artırır.
Lakin Çinin daxilində vəziyyət fərqlidir. Dünyanın ən böyük avtomobil bazarında satışlar ötən ilin sonlarından etibarən davamlı şəkildə azalır. İstehlakçı tələbinin zəifləməsi və illərdir davam edən kəskin qiymət rəqabəti ölkənin avtomobil bazarında artıq istehsal gücünün yaranmasına səbəb olub.
Analitiklər və sənaye nümayəndələri bildirirlər ki, BYD, Geely və Chery kimi böyük Çin avtomobil şirkətləri uzun müddətdir qlobal miqyasda aparıcı istehsalçılara çevrilməyə çalışırlar. Lakin hazırda sənayenin sürətli xaricə genişlənməsini təkcə bu ambisiya deyil, həm də iqtisadi zərurət şərtləndirir.
Reuters Agentliyi yazır ki, Çində daxili tələbin zəifləməsi avtomobil istehsalçılarını artıq başlanmış xarici bazarlara çıxış strategiyasını daha da sürətləndirməyə vadar edir. Bu isə Çin şirkətlərinin texnoloji baxımdan inkişaf etmiş və daha aşağı qiymətli elektrik avtomobilləri ilə rəqabət aparmaqda çətinlik çəkən Avropa və Yaponiya istehsalçılarına əlavə təzyiq yaradır.
Şanxayda yerləşən Automobility məsləhət şirkətinin baş direktoru Bill Russo bildirib ki, Çin avtomobil istehsalçılarının artıq istehsal gücü, yüksək rəqabət qabiliyyətli təchizat zəncirləri, getdikcə təkmilləşən məhsulları və Çindən kənarda böyümək üçün güclü iqtisadi motivasiyası var.Onun sözlərinə görə, qlobal bazara çıxmaq Çinin aparıcı avtomobil istehsalçıları üçün strateji zərurətə çevrilir.
Çin Minik Avtomobilləri Assosiasiyasının açıqladığı məlumatlara görə, ölkədə avtomobil satışları iyul ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 20% azalaraq 1,47 milyon avtomobilə düşüb. Bu, satışların ardıcıl 10-cu aydır ki azalması deməkdir. Eyni zamanda avtomobil ixracı 88% artaraq 923 min avtomobilə çatıb.
Bu göstəricilərə Çində istehsal olunan xarici markalar da daxil olsa da, ümumi tendensiya yerli avtomobil istehsalçıları arasında da müşahidə olunur: daxili satışlarda ikirəqəmli azalma, ixracda isə ikirəqəmli artım qeydə alınır. Assosiasiyanın rəhbəri Cui Dongshu son zəifləməni yüksək yanacaq qiymətlərinin benzinlə işləyən avtomobillərə tələbi azaltması və daha aşağı qiymət seqmentində sedanlara tələbin davamlı zəifliyi ilə əlaqələndirib.
Daha geniş mənzərədə isə avtomobil sənayesində baş verənlər dünyanın ikinci ən böyük iqtisadiyyatında müşahidə olunan ümumi prosesləri əks etdirir. Artan istehsal və ixrac iqtisadi artımı dəstəkləyir, lakin zəif daşınmaz əmlak bazarı və istehlak xərclərinin azalması daxili tələbi məhdudlaşdırır. Çin hökuməti ölkədə istehsal olunan məhsulların daxili bazarda satıla biləcəyindən daha çox olduğu bir iqtisadiyyatla mübarizə aparır. Avtomobil istehsalçıları üçün isə xarici bazarlar getdikcə daha mühüm satış istiqamətinə çevrilir.
Bu ilin ilk yarısında Çində daxili avtomobil satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon avtomobil, yəni 20% azalıb.
Bu, dünyanın dördüncü ən böyük avtomobil bazarı olan Yaponiyada həmin dövrdə qeydə alınan bütün yeni avtomobil qeydiyyatlarının ümumi sayına bərabərdir. Eyni zamanda Çinin avtomobil ixracı ilin ilk yarısında 71% artıb.
Böyük Britaniyanın beynəlxalq bank və maliyyə şirkəti HSBC analitiki Yuqian Ding hesab edir ki, daxili avtomobil tələbi sabitləşə və avqustun sonundan sentyabr ayına qədər yeni modellərin bazara çıxmasının sürətlənməsi fonunda bərpa olunmağa başlaya bilər. Bununla belə, onun fikrincə, kəskin və sürətli bərpa ehtimalı azdır.
Məsələn, BYD ilin ilk yeddi ayında Çində satışlarının 35% azalmasını xaricdə satışların 79% artması hesabına kompensasiya edib. 2026-cı ildə Braziliya və Böyük Britaniya Çindən kənarda BYD-nin ən böyük ayrı-ayrı bazarlarına çevrilib. Çinin xarici bazarlardakı artan mövcudluğu xüsusilə Yaponiya üçün ciddi çağırış yaradır. 2023-cü ildən etibarən Çin dünyanın ən böyük avtomobil ixracatçısıdır. Bu titul uzun müddət onun Asiyadakı rəqibi Yaponiyaya məxsus olub.
Russonun sözlərinə görə, Yaponiyanın avtomobil ixracatçısı kimi yüksəlişi istehsal səmərəliliyi, keyfiyyət və yanacaq qənaəti üzərində qurulmuşdu. Bu gün isə Çinin üstünlüyü daha genişdir. Buraya elektrikləşdirmə, batareyalar, proqram təminatı, ağıllı funksiyalar, geniş təchizat zənciri və məhsulların çox sürətlə hazırlanması daxildir. Onun fikrincə, bütün bu amillərin birləşməsi Çinin qlobal avtomobil bazarına çıxışını daha böyük təsirə malik edə bilər.
Çin və Yaponiya bazar payı uğrunda mübarizə aparır. Çin şirkətlərinin təzyiqi artıq əsas xarici bazarlarda da görünür. Qlobal texnologiya və bazar araşdırmaları şirkəti Counterpoint Research-in məlumatına görə, 2026-cı ilin ilk rübündə Yaponiya avtomobil istehsalçılarının Avropanın minik avtomobilləri bazarındakı payı təxminən 12% olub. Bu göstərici dörd il əvvəlki səviyyə ilə müqayisədə ciddi dəyişməyib.
Eyni dövrdə Çin avtomobil istehsalçılarının Avropa bazarındakı payı isə 3%-dən 16%-ə yüksəlib. Avtomobil qeydiyyatı məlumatları bu artımın bəzi Avropa, Cənubi Koreya və ABŞ istehsalçılarının bazar payı hesabına baş verdiyini göstərir. Fərq elektrik avtomobilləri bazarında daha aydın görünür. Çin markaları Avropadakı elektrik avtomobillərinin tədarükünün təxminən dörddə birini təşkil edir. Yaponiya avtomobil istehsalçılarının payı isə 5%-dən bir qədər aşağıdır.
Counterpoint Research-in analitiki Abhilash Gupta bildirib:“Əsas fərq elektrik avtomobillərindədir. Bu, sadəcə qiymət məsələsi deyil, elektrikləşdirmə sahəsindəki fərqdir. Getdikcə daha çox Çin avtomobil istehsalçısı yalnız avtomobil ixracı ilə kifayətlənmir, Avropada zavodlar tikərək yerli istehsala da başlayır. 2030-cu ilə qədər Çin avtomobil markaları Avropanın ümumi minik avtomobilləri bazarının 20%-dən çoxuna, elektrik avtomobilləri bazarının isə 29%-nə sahib ola bilər. Gömrük tarifləri bu artım tempini yavaşlada bilər, lakin onu geri çəkilməyə məcbur edə bilməyəcək."
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb