Müasir dövrdə dövlətlər arasındakı münasibətlər təkcə ənənəvi iqtisadi və ya enerji layihələri ilə məhdudlaşmır. Elm, təhsil və yeni texnologiyalar bu gün əməkdaşlığın ən vacib istiqamətlərinə çevrilib. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında tədqiqat, innovasiya və texnoloji sahədə tərəfdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
İki ölkə arasındakı bu əməkdaşlıq xətti həm kadrların bilik və bacarıqlarının artırılmasına, həm dövlət idarəetməsində şəffaflığın gücləndirilməsinə, həm də cəmiyyətin bütün təbəqələri üçün faydalı olan iqtisadi inkişafa yönəlib.
Xüsusilə süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi böyük imkanlar açır. Böyük Britaniyanın bu sahədəki qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi ölkəmizdə rəqəmsallaşma prosesini daha da sürətləndirəcək, dövlət xidmətlərinin vətəndaşlar üçün daha çevik və şəffaf təşkilinə kömək edəcək.
Bununla yanaşı, əməkdaşlığın əsas dayaqlarından biri də elm və sənaye arasında körpü yaradılmasıdır. Azərbaycan və Böyük Britaniyanın universitetləri, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında qurulan birbaşa tərəfdaşlıq rəqəmsal texnologiyalar, inkişafda olan yeni sahələr və həyat elmləri üzrə birgə layihələrin həyata keçirilməsinə şərait yaradır. Bu cür əlaqələr həm gənc mütəxəssislərin yetişməsinə, həm də elmi yeniliklərin real istehsalata və gündəlik həyata tətbiqinə təkan verir.
Göründüyü kimi, Azərbaycan və Böyük Britaniya arasında innovasiya və texnologiya sahəsində dərinləşən bu tərəfdaşlıq ikitərəfli münasibətləri gələcəyə yönəlmiş daha müasir bir mərhələyə daşıyır. Bu əməkdaşlıq hər iki ölkənin elmi-texniki potensialını gücləndirməklə yanaşı, davamlı inkişaf üçün də möhkəm zəmin yaradır.
Günay Mehdiyeva,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı