PDF Oxu

Siyasət

  • 358

Ağdamın dirçəlişi Azərbaycanın gücünün, iradəsinin və tarixi Zəfərinin təntənəsidir - ŞƏRH

Ağdamın dirçəlişi Azərbaycanın gücünün, iradəsinin və tarixi Zəfərinin təntənəsidir - ŞƏRH

20 Noyabr – Ağdam Şəhəri Günü məhz bu tarixi ədalətin bərpasını, milli birliyimizin və dövlətçilik əzmimizin təntənəsini ifadə edən əlamətdar tarixdir.

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus milli-mənəvi dəyərlərə malik şəhərlərindən biri olan Ağdam xalqımızın yaddaşında xüsusi yer tutur. Qarabağın mühüm mədəniyyət, iqtisadiyyat və yaşayış mərkəzlərindən biri kimi tanınan bu şəhərin taleyi uzun illər ərzində xalqımızın ən ağrılı səhifələrindən birinə çevrilmişdi. Lakin Azərbaycan xalqının sarsılmaz iradəsi, dövlətimizin qətiyyətli siyasəti və rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində Ağdam yenidən öz sahibinə qovuşdu.
Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhər və rayonun yaşayış məntəqələri uzun illər ərzində dağıntılara məruz qalmışdır. Bir vaxtlar həyatın qaynayıb-daşdığı, insanların qurub-yaratdığı, mədəniyyətin və iqtisadiyyatın inkişaf etdiyi Ağdam işğal dövründə böyük dağıntılarla üzləşmişdir. Tarixi abidələr, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları və digər sosial obyektlər məhv edilmiş, şəhər xarabalığa çevrilmişdir. Lakin Ağdamın fiziki görünüşünə vurulan zərbələr onun mənəvi ruhunu, ağdamlıların doğma torpağa bağlılığını sarsıda bilmədi. Məcburi köçkünlük həyatının bütün çətinliklərinə baxmayaraq, ağdamlılar doğma yurdlarına qayıdacaqlarına olan inamlarını heç vaxt itirmədilər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu hadisə hərbi-siyasi müstəvidə əldə olunmuş tarixi Qələbənin mühüm nəticələrindən biri idi. Ağdamın bir güllə atılmadan, əlavə insan tələfatı olmadan Azərbaycana qaytarılması dövlətimizin hərbi gücünün, siyasi iradəsinin və diplomatik uğurunun göstəricisi idi.
2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər etdilər. Dövlət başçısının şəhərdə Azərbaycan Bayrağını ucaltması tarixi hadisə olmaqla yanaşı, xalqımızın 27 illik həsrətinə son qoyulmasının rəmzinə çevrildi. Ağdam məscidinin qarşısında səsləndirilən fikirlər, şəhərin acınacaqlı mənzərəsi və dağıntıların miqyası bir daha dünyaya Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyətini nümayiş etdirdi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi təsis edildi. Bununla da bu əlamətdar tarix Azərbaycanın dövlətçilik və Zəfər salnaməsində öz layiqli yerini tutdu.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərə münasibətdə müəyyənləşdirdiyi strateji inkişaf siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə Ağdamda müasir şəhərsalma prinsiplərinə əsaslanan yeni infrastruktur yaradılır. Yol-nəqliyyat sisteminin qurulması, sosial obyektlərin inşası, enerji və kommunikasiya təminatının yaxşılaşdırılması, istehsal müəssisələrinin yaradılması şəhərin iqtisadi potensialının bərpasına xidmət edir.
Ağdamın 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir. Ağdam Sənaye Parkının fəaliyyəti, yeni yaşayış komplekslərinin, təhsil və səhiyyə müəssisələrinin, nəqliyyat infrastrukturunun yaradılması şəhərin iqtisadi və sosial həyatında yeni mərhələnin əsasını qoyur. Xüsusilə Ağdamın sənaye potensialının bərpası və genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu şəhər yalnız yaşayış məntəqəsi kimi deyil, həm də Qarabağın iqtisadi inkişafına töhfə verən mühüm sənaye və logistika mərkəzi kimi formalaşır. Burada həyata keçirilən layihələr Azərbaycanın quruculuq imkanlarını, iqtisadi qüdrətini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.
Ağdamın yenidən qurulmasının ən mühüm məqsədlərindən biri uzun illər məcburi köçkün həyatı yaşamış insanların doğma yurdlarına qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tədbirlər görülür. Ağdamda da bu istiqamətdə ardıcıl işlər aparılır. 2025-ci il martın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Ağdam şəhərinə qayıdışına başlanılması tarixi hadisədir. Bu, illərlə davam edən həsrətin sona çatması, ailələrin doğma evlərinə, insanların öz köklərinə və tarixi yaddaşlarına qovuşması deməkdir. Ağdamda yenidən məktəb zənglərinin çalınması, küçələrin insanlarla canlanması, yeni yaşayış məhəllələrinin salınması şəhərin həyatına yeni nəfəs verir. Böyük Qayıdış yalnız insanların doğma torpaqlara köçürülməsi deyil. Bu, həm də milli yaddaşın bərpası, tarixi irsin qorunması, sosial həyatın yenidən qurulması və gələcək nəsillər üçün dayanıqlı inkişaf mühitinin yaradılmasıdır. Bu gün Ağdamda görülən işlər Azərbaycanın öz gücünə, imkanlarına və gələcəyinə inamının bariz nümunəsidir. İşğal dövründə dağıdılmış şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, tarixi-mədəni abidələrin bərpası dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Ağdamın dirçəlişi həm də xalqımızın tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə ehtiramın ifadəsidir. Şəhərin tarixi simasının qorunması, İmarət Kompleksinin və digər mədəni irs nümunələrinin bərpası gələcək nəsillərə milli kimliyimizin və tariximizin çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, sevinc və tarixi yaddaş günüdür. Bu tarix bizə bir daha xatırladır ki, xalqın birliyi, dövlətin gücü və milli iradə qarşısında heç bir maneə dayana bilməz. Ağdam artıq dağıntıların deyil, quruculuğun, ümidsizliyin deyil, inamın, ayrılığın deyil, qovuşmağın rəmzinə çevrilir. Bu gün Ağdamda yüksələn hər bir yeni bina, salınan hər bir yol, açılan hər bir məktəb və müəssisə Azərbaycanın Zəfər tarixinin davamıdır.
Ağdam yenidən qurulur, dirçəlir və gələcəyə inamla addımlayır. Bu dirçəliş Azərbaycanın qüdrətinin, müstəqilliyinin və tarixi qələbəsinin əbədi təcəssümüdür!

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər