Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Qarabağın mərkəzində yerləşən, qədim yaşayış ənənələri, zəngin mədəni irsi, münbit torpaqları və özünəməxsus həyat tərzi ilə seçilən Ağdam uzun illər Ermənistanın hərbi təcavüzünün ağır nəticələri ilə üzləşmişdir. Şəhərin dağıdılması, yaşayış məntəqələrinin talan edilməsi, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Lakin Azərbaycanın güclü dövlətçilik iradəsi, Vətən müharibəsində qazandığı tarixi Zəfər və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq Ağdamın taleyini dəyişdi.
1993-cü il iyulun 23-də Ağdam rayonunun böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması bölgənin tarixində ən ağır səhifələrdən biridir. 42 gün davam edən döyüşlər nəticəsində rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kənd işğal altında qaldı. 128 min nəfər öz evlərini, torpaqlarını, gündəlik həyatını və doğmalarının xatirələri ilə bağlı məkanları tərk edərək məcburi köçkün həyatı yaşamağa başladı. Ağdam uğrunda mübarizədə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı.
2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər bölgənin taleyində dönüş nöqtəsi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində işğalın sona çatması, ərazilərimizin azad edilməsi və dövlət suverenliyinin bərpası istiqamətində mühüm tarixi nəticələr əldə olundu.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam Azərbaycana təhvil verildi. Bu tarix uzun illər doğma yurdlarından ayrı düşmüş ağdamlıların qayıdış ümidlərini gerçəyə çevirməyə başladı. Ağdamın azad olunması təkcə əraziyə nəzarətin bərpası deyil, həm də tarixi ədalətin təmin olunması, milli qürurun yüksəlişi və gələcək nəsillər üçün yeni həyatın qurulması demək idi.
Azadlığın hərbi və siyasi əhəmiyyəti ilə yanaşı, Ağdamın yenidən qurulması qarşıya böyük vəzifələr qoydu. Dağıdılmış şəhərin bərpası, kəndlərin yenidən salınması, insanların təhlükəsiz yaşayış şəraitinin təmin olunması, iqtisadi fəaliyyətin canlandırılması və sosial infrastrukturun yaradılması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi.
Ağdamın azad olunmasına görə hərbi qulluqçuların təltif edilməsi də bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirdi. 2020-ci il noyabrın 26-da təsis edilən “Ağdamın azad olunmasına görə” medalı ilə Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında 5 790 hərbi qulluqçu təltif olundu. Onların qəhrəmanlığı və fədakarlığı Ağdamın azadlığına aparan yolda Azərbaycan xalqının mübarizə tarixinin şərəfli səhifəsinə çevrildi.
Ağdamın bərpası Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin ən mühüm layihələrindən biridir. 2022-ci il avqustun 16-da təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək simasını müəyyənləşdirən fundamental sənəd olmaqla, müasir urbanistik yanaşmaların tətbiqini, dayanıqlı inkişafı, ekoloji mühitin qorunmasını və sosial infrastrukturun kompleks şəkildə qurulmasını nəzərdə tutur.
Yeni Ağdamın salınması zamanı yaşayış məhəllələri, parklar, ictimai məkanlar, məktəblər, səhiyyə müəssisələri, xidmət obyektləri və nəqliyyat infrastrukturu vahid plan əsasında yaradılır. Şəhərin beş yaşayış məhəlləsinə bölünməsi, müasir mühəndis-kommunikasiya sistemlərinin qurulması, yaşıllıq sahələrinin genişləndirilməsi və rahat yaşayış mühitinin təmin edilməsi gələcək inkişafın əsas istiqamətləridir. Planlaşdırmaya görə, Ağdamın əhalisinin 100 min nəfərə çatması nəzərdə tutulur.
Bu gün Ağdamda aparılan işlər dağıntıların aradan qaldırılmasından daha geniş məna daşıyır. Burada yeni həyatın təməli qoyulur, şəhər müasir tələblərə uyğun formalaşdırılır, gələcək nəsillər üçün təhlükəsiz, rahat və inkişaf etmiş yaşayış məkanı yaradılır. Ərazilərin minalardan təmizlənməsi, yolların çəkilməsi, elektrik, su, qaz və digər kommunikasiya sistemlərinin qurulması bərpa prosesinin mühüm mərhələləridir. Kəndlərin yenidən qurulması da bu siyasətin ayrılmaz hissəsidir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində həyata keçirilən layihələr nəticəsində sakinlərin doğma torpaqlarına qayıdışı təmin olunub. Digər yaşayış məntəqələrində də tikinti və bərpa işləri davam etdirilir. Bu proses Ağdamın kənd təsərrüfatı potensialının yenidən reallaşdırılması, kənd həyatının canlandırılması və bölgədə sosial-iqtisadi fəallığın artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Ağdamın iqtisadi dirçəlişi, həmçinin kənd təsərrüfatı sahəsində geniş imkanlarla bağlıdır. Rayonun münbit torpaqları, əlverişli coğrafi mövqeyi və tarixən formalaşmış təsərrüfat ənənələri aqrar istehsalın inkişafına şərait yaradır. Müasir texnologiyaların tətbiqi, emal müəssisələrinin yaradılması, məhsulların bazarlara çıxarılması və logistika imkanlarının genişləndirilməsi bölgənin iqtisadi həyatına yeni dinamika qazandıracaqdır.
Ağdamın yenidən qurulması prosesində nəqliyyat infrastrukturu mühüm istiqamətlərdən biridir. Bərdə-Ağdam dəmir yolu xəttinin inkişafı, avtomobil yollarının çəkilməsi və yeni nəqliyyat qovşaqlarının yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqələrinin gücləndirilməsinə xidmət edir.
20 Noyabr – Ağdam şəhəri günü xalqımız üçün azadlığın, qayıdışın, tarixi ədalətin və quruculuq əzminin rəmzidir. Bu gün Ağdamda yüksələn yeni binalar, salınan yollar, fəaliyyətə başlayan müəssisələr və doğma yurda qayıdan insanlar Azərbaycanın qələbə ruhunun, sülh və inkişaf naminə qətiyyətli siyasətinin təcəssümüdür.