PDF Oxu

Siyasət

  • 642

Ağdamın Nəmirli kəndində yeni həyatın təməli qoyulur - ŞƏRH

Ağdamın Nəmirli kəndində yeni həyatın təməli qoyulur - ŞƏRH

Ağdam rayonunun Nəmirli kəndində təməlqoyma mərasiminin keçirilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin mühüm hadisələrindən biridir. Bu mərasim yalnız yeni yaşayış məntəqəsinin tikintisinə başlanılması deyil, həm də doğma torpaqlarına qayıtmağı illərlə gözləyən insanların arzularının gerçəkləşməsi, kənd həyatının yenidən canlanması və Qarabağda yeni inkişaf mərhələsinin başlanması baxımından böyük əhəmiyyət daşıyır.
Ağdam Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə seçilən qədim yaşayış məskənlərindən biridir. Uzun illər işğal altında qalan rayonun yaşayış məntəqələri dağıntılara məruz qalmış, insanların doğma evlərinə qayıtmaq hüququ pozulmuşdur. Lakin Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlamışdır. Bu gün Ağdamda aparılan tikinti və abadlıq işləri dövlətimizin gücünü, xalqımızın iradəsini və gələcəyə inamını nümayiş etdirir.
Nəmirli kəndinin təməlqoyma mərasimi də məhz bu böyük quruculuq prosesinin tərkib hissəsidir. Kəndin yenidən qurulması zamanı müasir şəhərsalma prinsiplərinin, rahat yaşayış şəraitinin və müasir infrastrukturun yaradılmasının əsas götürülməsi xüsusi əhəmiyyət daşıyır. Məqsəd sakinlərin doğma kəndlərinə qayıtdıqdan sonra rahat, təhlükəsiz və firavan həyat sürmələri üçün hər cür şəraitin təmin edilməsidir.
Nəmirli kəndinin layihələndirilən ümumi ərazisi 211 hektara yaxındır. Burada ümumilikdə 3036 nəfərin məskunlaşması, 759 fərdi yaşayış evinin tikilməsi nəzərdə tutulub. Layihə kəndin gələcək inkişafını və sakinlərin sosial ehtiyaclarını nəzərə alan geniş plan əsasında hazırlanıb. Birinci mərhələdə 50,22 hektar ərazidə 179 fərdi evin inşası planlaşdırılıb. Bu evlər ailələrin tərkibinə uyğun olaraq iki, üç, dörd və beşotaqlı olacaq.
Kənddə yaradılacaq sosial infrastruktur da xüsusi əhəmiyyət daşıyır. Layihəyə əsasən, 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, ticarət mərkəzi və idman-sağlamlıq mərkəzi inşa ediləcək. Bununla yanaşı, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, idman meydançası və bazar kompleksi də yaradılacaq. Bütün bunlar kənd sakinlərinin təhsil, səhiyyə, istirahət və gündəlik yaşayış ehtiyaclarının təmin olunmasına xidmət edəcək.
Nəmirli kəndinin keçmişi onun gələcək inkişafı üçün mühüm əsasdır. İşğaldan əvvəl burada əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, baramaçılıq və heyvandarlıq olub. Kənddə müxtəlif sosial və iqtisadi obyektlər, o cümlədən məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana, üzüm emalı zavodu və heyvandarlıq ferması fəaliyyət göstərib. Yeni layihənin həyata keçirilməsi kəndin ənənəvi təsərrüfat həyatının yenidən canlanmasına və iqtisadi imkanlarının genişlənməsinə şərait yaradacaq.
Kəndin bərpasında məşğulluq məsələsi də diqqət mərkəzindədir. Əhalinin kənd təsərrüfatı, istehsal, xidmət və digər iqtisadi sahələrdə fəaliyyət göstərməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Müasir infrastrukturun qurulması, yeni müəssisələrin və sosial obyektlərin istifadəyə verilməsi Nəmirlinin iqtisadi potensialının artırılmasına kömək edəcək. Bu proses eyni zamanda bölgədə sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və yerli iqtisadi fəallığın yüksəlməsinə töhfə verə bilər.
Nəmirli kəndinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biridir. Doğma torpaqlarına qayıdan insanların rahat yaşayışı üçün evlərin tikilməsi ilə yanaşı, məktəblərin, tibb müəssisələrinin, yolların və digər zəruri infrastrukturun yaradılması əsas prioritetlərdəndir. Çünki ərazilərin həqiqi dirçəlişi yalnız binaların tikilməsi ilə deyil, burada davamlı həyatın, sosial münasibətlərin və iqtisadi fəaliyyətin bərpası ilə mümkündür.
28 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfəri çərçivəsində Nəmirli kəndinin təməlini qoyması bu baxımdan mühüm tarixi hadisədir. Həmin gün Ağdam rayonunun bir neçə kəndində də təməlqoyma mərasimlərinin keçirilməsi Qarabağda genişmiqyaslı quruculuq işlərinin ardıcıl şəkildə davam etdirildiyini göstərirdi.
Bu gün Nəmirlinin yenidən qurulması doğma yurda bağlılığın, milli həmrəyliyin və dövlət-xalq birliyinin təcəssümüdür. Uzun illər öz kəndinə qayıtmaq arzusu ilə yaşayan insanlar üçün bu layihə yeni ümidlər və gələcəyə inam yaradır. Kəndin əvvəlki həyatının bərpası, tarixi yaddaşının qorunması və müasir yaşayış məntəqəsinə çevrilməsi gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyır.

İslamzadə Günel
YAP Ordubad rayon təşkilatının fəalı

Digər xəbərlər