Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir. Bu prosesdə Qarabağın mühüm yaşayış və iqtisadi mərkəzlərindən biri olan Ağdam şəhəri xüsusi yer tutur. Uzun illər işğalın ağır nəticələri ilə üzləşmiş Ağdam bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, kəndlərin mərhələli şəkildə bərpası, əhalinin doğma yurda qayıdışı və turizm imkanlarının genişləndirilməsi bölgənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
20 Noyabr – Ağdam şəhəri günü bu baxımdan yalnız tarixi hadisənin qeyd edilməsi deyil, həm də şəhərin keçmişdən gələcəyə uzanan inkişaf yolunun qiymətləndirilməsi üçün əlamətdar tarixdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu gün Ağdamın azad olunmasının tarixi əhəmiyyətini və Azərbaycanın quruculuq siyasətində şəhərə verilən önəmi ifadə edir.
Ağdamın yenidən qurulması sistemli şəhərsalma yanaşmasına əsaslanır. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan çərçivəsində yaşayış məhəllələrinin, ictimai məkanların, sosial obyektlərin, istehsal sahələrinin və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər aparılır. Burada əsas məqsəd yalnız dağıdılmış tikililərin əvəzinə yeni binalar inşa etmək deyil, müasir həyat tələblərinə cavab verən, ekoloji tarazlığı qoruyan və insanların rahat yaşayışını təmin edən şəhər mühiti formalaşdırmaqdır.
Bu quruculuq prosesinin ən mühüm istiqamətlərindən biri Böyük Qayıdış proqramının həyata keçirilməsidir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş ağdamlıların öz evlərinə qayıtması şəhərin sosial həyatının bərpasında həlledici əhəmiyyət daşıyır. 2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Şəhərdə və kəndlərdə yaşayış üçün zəruri şəraitin yaradılması, yeni mənzillərin istifadəyə verilməsi, kommunal xidmətlərin təşkili və sosial infrastrukturun qurulması bu prosesin əsas tərkib hissələridir. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində məskunlaşmanın həyata keçirilməsi də doğma yurdların yenidən canlanmasının mühüm göstəricilərindəndir.
Ağdamın gələcək inkişafında turizm sektorunun da mühüm potensialı var. Şəhərin zəngin tarixi, mədəni irsi, memarlıq nümunələri və Qarabağın özünəməxsus təbiəti burada turizmin müxtəlif istiqamətlərinin inkişafı üçün əlverişli imkanlar yaradır. Xüsusilə tarixi-mədəni turizmin, daxili turizmin, ailəvi istirahətin və işgüzar səfərlərin təşviqi Ağdamın iqtisadi həyatına yeni dinamika verə bilər.
Turizmin inkişafı ilə bağlı əsas məsələlərdən biri Ağdamın tarixi simasının qorunması ilə müasir şəhər mühitinin uzlaşdırılmasıdır. İmarət kompleksi, tarixi məkanlar, dini və mədəni irs nümunələri gələcək turizm marşrutlarının mühüm dayanacaqlarına çevrilə bilər. Bununla yanaşı, xidmət sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviqi və yerli məhsulların tanıdılması turizmin iqtisadi səmərəsini artıracaq.
Bu gün Ağdamın simasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa strategiyasının mühüm nəticələrini görürük. Dağıntıların yerində müasir yaşayış məkanlarının yaradılması, kəndlərin yenidən məskunlaşdırılması, tarixi irsin qorunması və turizm infrastrukturunun formalaşdırılması şəhərin gələcək inkişafına möhkəm zəmin yaradır.
Ağdam qarşıdakı illərdə Qarabağın mühüm iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilmək üçün geniş imkanlara malikdir. 20 Noyabr – Ağdam şəhəri günü isə bizə bir daha xatırladır ki, bu torpaqların azadlığı qədər onların dirçəldilməsi, qorunması və gələcək nəsillərə inkişaf etmiş şəkildə ötürülməsi də böyük əhəmiyyət daşıyır. Ağdamın yenidən qurulan hər küçəsi, məskunlaşan hər kəndi və yaradılan hər yeni müəssisəsi Azərbaycanın gələcəyə yönəlmiş inkişaf yolunun bir parçasıdır.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı