PDF Oxu

Siyasət

  • 294

Ağdam yenidən doğma sakinlərinə qovuşur: Böyük Qayıdışın yeni ünvanında həyat canlanır - ŞƏRH

Ağdam yenidən doğma sakinlərinə qovuşur: Böyük Qayıdışın yeni ünvanında həyat canlanır - ŞƏRH

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən bərpası və doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında Ağdam rayonunun xüsusi yeri vardır. Vaxtilə Ermənistanın işğalı nəticəsində böyük dağıntılara məruz qalmış, xarabalığa çevrilmiş Ağdam bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur və öz sakinlərini qarşılayır. Şəhərdə və rayonun kəndlərində davam edən məskunlaşma prosesi tarixi ədalətin bərpasının, dövlətimizin quruculuq əzminin və xalqımızın doğma torpaqlara bağlılığının parlaq ifadəsidir.

Ağdamın keçdiyi tarixi yol xalqımızın yaddaşında həm ağır sınaqların, həm də sarsılmaz iradənin nümunəsi kimi yaşayır. Uzun illər doğma yurd həsrəti ilə yaşayan ağdamlılar üçün öz evlərinə qayıtmaq sadəcə yaşayış yerini dəyişmək deyil, uşaqlıq xatirələrinə, ailə ocaqlarına, ata-baba yurduna yenidən qovuşmaq deməkdir. Məhz buna görə də Ağdamda aparılan bərpa və məskunlaşma işlərinin mənəvi əhəmiyyəti olduqca böyükdür. Burada tikilən hər bir yaşayış binası, salınan hər bir küçə və istifadəyə verilən hər bir sosial obyekt gələcəyə uzanan yeni həyatın təməlini təşkil edir.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı Ağdamda da ardıcıl şəkildə icra olunur. 2025-ci il martın 27-də Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu prosesdə mühüm mərhələ oldu. Həmin tarixdən etibarən ailələr mərhələli şəkildə doğma şəhərə köçürülür, yeni mənzillərdə məskunlaşaraq gündəlik həyatlarını yenidən qururlar. Ağdamın küçələrində insanların görünməsi, uşaqların səsinin eşidilməsi, ailələrin öz evlərində məskunlaşması şəhərin dirçəlişinin ən aydın göstəricilərindəndir.

Ağdamda görülən işlər yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Şəhərin uzunmüddətli inkişafını təmin etmək məqsədilə nəqliyyat, enerji, su təchizatı, təhsil, səhiyyə və digər sahələri əhatə edən genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni yolların salınması, mühəndis-kommunikasiya xətlərinin çəkilməsi və ictimai xidmətlərin təşkili insanların rahat və təhlükəsiz yaşayışı üçün zəruri imkanlar yaradır. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam dəmir yolu və avtovağzal kompleksinin, eləcə də elektrik yarımstansiyasının istifadəyə verilməsi şəhərin nəqliyyat və enerji təminatının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müasir Ağdamın inkişaf modelində sosial rifah məsələsi də əsas istiqamətlərdən biridir. Çünki doğma yurda qayıdışın əsas nəticəsi insanların burada daimi yaşayış qurması, işləməsi, övladlarını təhsil müəssisələrinə göndərməsi və gələcəyə inamla baxmasıdır. Bu baxımdan məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni yaşayış mühitinin formalaşdırılması ilə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsi, sahibkarlığın inkişafı və iqtisadi fəallığın artırılması da diqqət mərkəzində saxlanılır.

Ağdamda məskunlaşmanın genişlənməsi rayonun gələcək inkişaf perspektivlərini də artırır. Hər yeni ailənin doğma yurda qayıtması şəhərin və kəndlərin sosial həyatına yeni dinamika gətirir. Artan əhali sayı təhsil, səhiyyə, xidmət və ticarət sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına və iqtisadi fəallığın yüksəlməsinə şərait yaradır. Bu baxımdan məskunlaşma yalnız köç prosesindən ibarət deyil, bütöv bir bölgənin yenidən həyata qayıtmasını təmin edən çoxşaxəli inkişaf mərhələsidir.

Ağdam şəhərinin və kəndlərinin məskunlaşmasının davam etməsi Azərbaycanın Böyük Qayıdış strategiyasının real nəticələrini əks etdirir. Bu proses təkcə keçmiş məcburi köçkünlərin doğma ünvanlarına qaytarılması deyil, bütöv bir bölgənin sosial, iqtisadi və mədəni həyatının yenidən canlandırılması deməkdir. Ağdam artıq yalnız keçmişin ağrılı xatirələri ilə deyil, bugünkü quruculuq mənzərəsi və gələcəyə yönəlmiş inkişaf perspektivləri ilə diqqət çəkir. Əminliklə demək olar ki, hər yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi və hər bir ailənin doğma ocağına qayıtması Ağdamın gələcəyinə verilən mühüm töhfədir. Vaxtilə səssizliyə qərq edilmiş bu torpaqlarda həyat yenidən öz axarına düşür. Ağdam dirçəlir, sakinlərinə qovuşur və Azərbaycanın gələcək inkişafında layiqli yerini möhkəmləndirir.

Xavər Ələsgərli
Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, partiya fəalı

Digər xəbərlər