Panama kanalında tarixin ən ağır quraqlığının yaratdığı böhrandan cəmi iki il sonra təbii su yolu yenidən ciddi təhlükə ilə üzləşib. Güclənən El Nino iqlim hadisəsi kanalı qidalandıran yağışların azalmasına və su anbarlarında ehtiyatların tükənməsinə səbəb ola bilər. Qeyd edək ki, El Nino Sakit okeanın ekvatorial hissəsində dəniz suyunun səth temperaturunun qeyri-adi şəkildə isinməsi ilə bağlı böyük iqlim hadisəsidir.
Reuters Agentliyi yazır ki, dünyanın ən mühüm su yollarından biri hesab olunan Panama kanalında mümkün məhdudiyyətlər artıq gəmiçilik şirkətlərini alternativ marşrutlara yönəldir. Bəzi gəmilər Panama kanalından keçmək əvəzinə Afrika ətrafından daha uzun yol qət etməyə başlayıb. Panama Kanalı İdarəsi əvvəlcə El Nino mövsümünün uzanmasına baxmayaraq tranzitlərin məhdudlaşdırılmayacağını bildirsə də, daha sonra bu mövqeyini dəyişib. İdarə sentyabr ayından etibarən kanaldan keçən gəmilərin sayını azaltmağı planlaşdırır.
Kanalın fəaliyyəti sudan asılıdır
Misirdəki Süveyş kanalından fərqli olaraq, Panama kanalı fəaliyyətini əsasən şirin su ehtiyatları hesabına həyata keçirir. Təxminən 80 km uzunluğunda olan su yolu Atlantik və Sakit okeanları birləşdirir və gəmilərin hərəkəti üçün üç dəst şlüzdən istifadə olunur. Məlumat üçün qeyd edək ki, şlüz su kanalında və ya çayda gəmiləri müxtəlif hündürlükdəki su səviyyələri arasından keçirmək üçün istifadə olunan xüsusi qurğudur. Məsələn, Panama kanalında gəmi okeandan kanala daxil olur. Şlüzün qapıları bağlanır, suyun səviyyəsi qaldırılır və gəmi yuxarı səviyyəyə çıxır. Sonra başqa şlüz vasitəsilə aşağı salınaraq digər okeana keçir.
Şlüzlərin işləməsi üçün əsas su mənbələri Qatun və Alajuela su anbarlarıdır. Hər gəminin kanaldan keçidi zamanı milyonlarla litr su sərf olunur. Buna görə də yağıntıların azalması və su anbarlarının səviyyəsinin aşağı düşməsi birbaşa kanalın buraxılış qabiliyyətinə təsir göstərir. Şimal-Şərq Universitetinin mülki və ətraf mühit mühəndisliyi üzrə dosenti Samuel Munozun sözlərinə görə, su ehtiyatları azaldıqda kanal rəhbərliyi suya qənaət etmək üçün keçidinə icazə verilən gəmilərin sayını azaltmalı olur. Bu isə qlobal gəmiçilik sistemində zəncirvari problemlərə səbəb ola bilər.
İsti hava və yağıntı çatışmazlığı nələrə səbəb olur?
Panamada iqlim göstəriciləri də vəziyyətin mürəkkəb olduğunu göstərir. Smithsonian Tropik Tədqiqat İnstitutunun monitorinq şəbəkəsinin məlumatına görə, may ayından etibarən ölkədə müşahidələrin başladığı dövrdən bəri ən yüksək hava temperaturlarından bəziləri qeydə alınıb. May, iyun və iyul aylarında temperatur göstəriciləri rekord və ya rekorda yaxın səviyyələrə çatıb. Bununla yanaşı, həmin dövrdə Panamanın əksər hissəsində yağıntılar orta göstəricidən xeyli aşağı olub. Monitorinq şəbəkəsinin rəhbəri Stiven Paton bildirib ki, xüsusilə kanal ətrafındakı bəzi müşahidə məntəqələrində yağıntı səviyyəsi rekord və ya rekorda yaxın minimum göstəricilərə düşüb.
Panama Kanalı İdarəsi 4 sentyabrdan etibarən gündəlik tranzitlərin sayını 34 gəmi, 15 sentyabrdan isə 32 gəmi ilə məhdudlaşdırmağı planlaşdırır. Bu göstəricilər 2023-2024-cü illərdəki quraqlıq dövründə tətbiq edilən tədbirləri xatırladır. Həmin vaxt kanaldan gündəlik keçən gəmilərin sayı bəzi dövrlərdə 22-yə qədər azaldılmışdı. 2026-cı ildə isə kanalda orta hesabla gündə 34-35 tranzit qeydə alınıb. Lakin El Nino güclənməkdə davam edərsə, su səviyyəsinin daha da aşağı düşməsi və məhdudiyyətlərin sərtləşdirilməsi ehtimalı var.
Tranzit üçün milyonlarla dollar ödənilir
Kanalda məhdud sayda keçid yeri olması gəmiçilik şirkətləri arasında ciddi rəqabət yaradıb. Bəzi şirkətlərin prioritet keçid əldə etmək üçün milyonlarla dollar ödədiyi bildirilir. Panama Kanalı İdarəsi yaxın vaxtlarda bəzi gəmilərin xüsusi bazar ehtiyaclarını qarşılamaq məqsədilə hərraclarda 1 milyon dollardan çox vəsait ödədiyini təsdiqləyib. Qeyd edək ki, daha əvvəl isə bir tankerin prioritet keçid üçün 4 milyon dollardan çox haqq ödədiyi barədə məlumat yayılmışdı.
Panama kanalında keçid imkanlarının məhdudlaşması gəmiçilik şirkətlərini daha uzun alternativ marşrutlara yönəldir. Vortexa şirkətinin baş neft bazarı analitiki Rohit Rathodun sözlərinə görə, uzunmüddətli keçid paketlərinə və böyük hərrac büdcələrinə malik olmayan bir çox yükdaşıyıcı Afrikanın cənubundan keçən marşrutu, yəni Ümid burnunu seçir. Onun sözlərinə görə, 2026-cı ilin avqustunda Asiyaya istiqamətlənən qaz daşıyıcılarının təxminən yarısı Panama kanalı əvəzinə Ümid burnundan keçib. Bu, son on ilin ən yüksək göstəricisidir.
Marşrutlar arasındakı fərq də kifayət qədər böyükdür. Məsələn, Hyustondan Yaponiyaya gedən böyük qaz tankerinin Panama kanalından keçməklə səfəri təxminən 26 gün, Ümid burnu ətrafından keçdikdə isə 45 gün çəkir. Bu isə yanacaq xərclərinin, sığorta və logistika xərclərinin, eləcə də yükdaşıma müddətinin artmasına səbəb ola bilər.
Həll yolu varmı?
Panama kanalın gələcəkdə su çatışmazlığı ilə üzləşməməsi üçün daha uzunmüddətli həll yolları üzərində də işləyir. Panama Kanalı İdarəsinin planına əsasən, Rio İndio ərazisində yeni su anbarının yaradılması nəzərdən keçirilir. Layihənin məqsədi həm yaxınlıqdakı icmaların su təminatını yaxşılaşdırmaq, həm də əhalinin yarıdan çoxunun və kanalın fəaliyyətinin növbəti 50 il ərzində su ilə təmin olunmasına kömək etməkdir. Lakin layihəyə qarşı çıxan ekoloji fəallar da var. Onlar yeni su anbarının zəruri olmadığını düşünür və alternativ olaraq Bayano gölü kimi mövcud su mənbələrindən istifadəni təklif edirlər.
Bütün bu hadisələr fonunda ABŞ Milli Okean və Atmosfer Administrasiyasının İqlim Proqnozlaşdırma Mərkəzi son proqnozunda El Nino hadisəsinin gücləndiyini bildirib. Qurumun qiymətləndirməsinə görə, 2026-2027-ci illərin payız və qışında Şimal yarımkürəsində daha güclü El Nino hadisəsinin baş vermə ehtimalı 90 faizdən yüksəkdir. Norveçin gəmiçilik, dəniz nəqliyyatı, enerji və maliyyə bazarları üzrə ixtisaslaşmış investisiya bankı və analitik şirkəti Clarksons Securities isə öz son araşdırmasında El Ninonun artıq Yaxın Şərqdəki tutum məhdudiyyətləri və geosiyasi gərginliklərlə üzləşən gəmiçilik sektoru üçün əsas risklərdən birinə çevrildiyini qeyd edib.
Beləliklə, nəticə etibarilə, El Nino yalnız iqlim hadisəsi kimi deyil, qlobal ticarət və logistika üçün ciddi iqtisadi risk kimi də təhlükə ehtiva edir. Panama kanalında su çatışmazlığının yenidən dərinləşməsi gəmi marşrutlarının uzanmasına, daşınma xərclərinin artmasına və nəticə etibarilə müxtəlif məhsulların dünya bazarındakı qiymətlərinə təsir göstərə bilər. Bu da özlüyündə dünya iqtisadiyyatı üçün yeni dövrün başlanğıcı deməkdır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi ” istiqaməti çərçivəsində hazırlanıb