PDF Oxu

MİA

  • 2 050

İtkin - ESSE

image

Lalə Mehralı

Zirzəminin dəmir barmaqlıqlı, qırıq şüşəli kiçik pəncərəsindən süzülən ilıq günəş şüası göz qapaqlarını isitdi. Üstünə uzandığı saman doldurulmuş şiltədən bədəninə sancılan quru otların hiss etdirdiyi diskomfort, boğanaq zirzəmi havası olmasaydı özünü evində, öz otağında zənn edərdi. Axı orada da hər sabah gözünə düşən günəş şüası ilə oyanırdı.

Gözünü açanda yenə o dar, adamboyu hündürlüyü olan nəmli zirzəmini gördü. Başını dikəldib ətrafına baxdı. Tanış divarlar yerində idi, arasından gün işığı süzülən o sınıq-salxaq dəmir qapı da. Təbii ehtiyacı üçün küncdəki köhnə vedrə, nəmişlikdən qaralıb-göyərmiş divarlar, bir zamanlar işığı olan tavandan sallanan lampasız naqil - hamısı dünənki yerində idi.

Hər şey dünənki kimi idi, bəlkə də srağagünkü kimi. Hər şey bəlkə də aylar əvvəlki kimi idi, illər öncə olduğu kimi idi. O bilmirdi. Burada zamanın adı yox idi, günlərin bir-birindən fərqi yox idi, burada səhərin nə vaxt başladığını yalnız pəncərədən gözünə düşən işıqdan bilirdi, axşamın gəldiyini arxasından itələyərək o nəm qoxuyan zirzəmiyə atıldığı zaman anlayırdı.

Neçə gündür burada olduğunu bilmirdi, neçə yaz, neçə payız ötdüyündən də xəbərsiz idi. Əvvəllər saymağa çalışmışdı, öncə barmaqları ilə, barmaqları çatmayanda divara bir mismarla izlər salaraq. Bir gün, iki gün, üç gün... Günlər həftəyə, həftələr aya keçəndə saymağı dayandırmışdı.

O, ən çox evini düşünürdü. Səs-küyündən şikayətləndiyi, səhərlər şirin yuxuda ikən anasının mətbəxdə qab-qacaq səsi salmasını, məktəbə getmək üçün zorakı yatağından çıxdığını, atasının həmişə eyni saatda evdən çıxmasını, könülsüz yediyi o qaynadılmış yumurtanı, qapının ağzından əskik olmayan pişikləri - hamısını düşünürdü.

Bəzən ona elə gəlirdi ki, indi gözlərini yumub yenidən açsa, hər şey əvvəlki kimi olacaq. Yenə öz otağında, öz yatağında olacaq, anası mətbəxdə qab-qacaq cingildədib onu oyadacaq, sonra qapını açıb ona səhər yeməyinin hazır olduğunu, məktəbə gecikdiyini deyəcək. Yenə könülsüz o yumurtanı yeyəcək, atası yenə onun saçlarını qarışdırıb işə gedəcək, özü qapı önündəki pişiklərə həvəssiz-həvəssiz baxıb məktəbə doğru addımlayacaq.

Amma gözlərini hər dəfə açanda qarşısında həmin nəmli divarları görürdü. Onun ölüdən fərqi nəbzinin atması, bir də gün doğandan gün batanadək ağır işlər görməsi idi. Zəif vücudu, çəlimsiz bədəni nə qədər tab gətirəcəkdi, o bilmirdi. Bildiyi tək şey ümidinin hələ ölməməsi idi.

Onun üçün həyat dayanmamışdı, amma orada da, evində də həyat onsuz davam edirdi. Edirdimi? Onlar onun öldüyünü düşünürdülər, yoxsa hələ də yolunu gözləyirdilər? Bəlkə anası daha mətbəxdə qabları cingildətmir? Yenə başını salırmı otağının qapısından hər səhər içəriyə? Yumurta qaynadırmı görəsən yenə səhər yeməyinə?

Görəsən onu gözləyirmi anası? Diksinirmi hər telefon zəngində? Hər qapı döyüləndə qaçırmı ona sarı? Kimsə küçədə onun adında birini səsləyəndə ürəyi sıxılırdımı anasının? Görəsən unudubmu onu ailəsi? Atasının gözləri yol çəkirmi görəsən? Gördüyü kimisə bənzədirmi ona? Kimin saçlarını qarışdırır görəsən atası indi? O pişiklər necə, hələ o qapının önündə idilər?

Ən dəhşətlisi isə bu idi: o, sağ idi, nəfəs alırdı, düşünürdü, xatırlayırdı... Amma dünyada onun harada olduğunu bilən kimsə yox idi. Əvəllər fərqində olmadığı bir dəhşətli gerçəyi o indi anlayırdı: insan bəzən ölmədən də dünyadan yoxa çıxa, silinə bilərmiş. Bitki kimi, ağac kimi fərq edilmədən yaşamaq da varmış taleyində.

O haradan biləydi, bir gün yenə o günəş şüaları gözlərinə düşəndə könülsüz oyanacaq yatağında, könülsüz çıxacaq otağından, könülsüz yeyəcək səhər yeməyində o qaynadılmış yumurtanı, könülsüz evindən çıxıb gedəcək məktəbə və bir də geri qayıtmayacaq. O haradan biləydi ki, o gün baş verənlər baş verə bilər?

Dəhşətli vəziyyətdir, varsan, yaşayırsan, haradasa davam edirsən həyatına, bağlı qapılar arxasında, nəzarət altında, ağır şərtlərlə, amma səni sevənlər üçün artıq yalnız bir sözə çevrilirsən: itkin.

İnsanı ölümdən çox öldürən bir vəziyyət var, o da naməlumluqdur. Ölümün daha dəhşətli olduğunu düşünrsənsə, yanılırsan. Ölən ölür, qalan barışır, həyat bir formada davam edir. Amma itkin ölmür, geridə qalan gözləyir, həyat dayanır. Naməlum olan hər şey ölümdən betərdir.

PS: 30 avqust – Beynəlxalq İtkin Düşmüş Şəxslər Günüdür. İnsanlar yoxa çıxır, itkin düşür, lap elə gedər-gəlməzə gedirlər, amma onların hamısı sadəcə tapılmağı, bir gün geri qayıtmağı gözləyirlər. Və bir insanın tapılması təkcə onun qurtuluşu deyil...

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər