Belə demişdi 44 Günün Sərkərdəsi böyük qələbədən sonra. Dedi ki, 2003-cü ilin oktyabr ayında, o tarixi andı içərkən, o müqəddəs kitaba əl basarkən, xalqına, dövlətinə ədalətli rəhbər olacağına, ali qanunlarımıza riayət edəcəyinə söz verərkən həm xalqımıza, həm də özünə söz vermişdi ki, bir gün buna nail olacağıq: "Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir. Ermənistanda da bunu bilirdilər. Qoy onlar Vətən Müharibəsini unutmasınlar, Antiterror Əməliyyatını unutmasınlar. Biz öz ədalətimizi özümüz bərpa etdik və bu qələbəmizi tarixə yazdıq!"
2023-cü il sentyabrın 19-da başlayan və 20-si başa çatan antiterror əməliyyatı Qarabağ münaqişəsinin tarixində yeni mərhələnin əsasını qoydu. Bir gün davam edən hərbi əməliyyat nəticəsində Azərbaycan öz əzəli torpağı Qarabağda nəzarətini tam bərpa etdi, bölgədəki separatçı rejim fəaliyyətini dayandırdı. Hadisə Cənubi Qafqazda uzun illər davam edən münaqişənin siyasi və təhlükəsizlik çərçivəsini dəyişdirdi, beləliklə, yeni dövrün əsası qoyuldu. O dövrün əsasını qoyan memar Azərbaycan tarixində silinməyəcək iz buraxan sərkərdələrdən oldu.
Bu tarixi hadisə 1991-ci ildən etibarən Azərbaycanın xəritədə tanınmış əraziləri ilə faktiki nəzarət imkanları arasında mövcud olan fərqin aradan qalxması demək idi. Ağdam, Füzuli, Xankəndi, Ağdərə, Xocalı və digər ərazilərdə yaranmış uzunmüddətli status-kvo dəyişdi, təhlükəsizlik mühiti yenidən formalaşdı. 19–20 sentyabr hadisələri beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində oldu. Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri və müxtəlif beynəlxalq bəyanatlar hüquqi müzakirələrdə əsas istinadlar sırasında yer aldı. Dünya Azərbaycanın qələbəsini danışdı.
Əgər İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, 2023-cü il aprelin 23-də ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, Laçın istiqamətində Azərbaycan–Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaratmaqla biz suverenliyimizi tam təmin etdik. 24 saat ərzində keçirilən əməliyyat nəticəsində Ermənistan ordusu Azərbaycan ərazisində qanunsuz məskunlaşmış silahlı qüvvələrini təslim etdi. Bununla da Azərbaycanın şərtlərini qəbul etdi və beləliklə Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Azərbaycan müsətqilliyini bərpa etdikdən sonra bütün bu illər ərzində beynəlxalq hüquq baxımından suveren dövlət kimi tanındı, halbuki ərazilərinin 20 faizi hələ də işğal altında idi. Azərbaycan bu illər ərzində beynəlxalq təşkilatların, BMT-nin, ATƏT-in və digər qurumların qapısını döyərək haqq və ədalət tələb etdi, ərazi bütövlüyünün bərpasını istədi. Dəyirmi masalarda, beynəlxalq konfranslarda hər şey ideal idi: kağız üzərində qətnamələr qəbul edilir, işğal pislənilirdi, lakin 1 milyondan çox qaçqının taleyi heç müzakirə edilmirdi, insanların torpaqsız, evsiz, yurdsuz nə halda olduqları yada salınmırdı. Erməni separatçılarına və işğalçı qüvvələrə müxtəlif yardımlar göstərilir, silah-sursat verilir, bütün bu proseslər beynəlxalq ictimaiyyətin gözü qarşısında, açıq-aşkar baş verirdi.
Xatırlayırsınızsa, öləmizin rəhbəri, tarixi qələbəmizdən 1 il əvvəl, 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının üzv ölkələrinin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə məhz bu məsələni xüsusi qeyd etmişdi. Demişdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Amma bu illər ərzində bu qətnamələrin niyə icra edilməməsinə cavab verən olmamışdı.
Dövlətimizin başçısı bu vəziyyətin ikili standart olmasını, beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunmasının və BMT-nin fəaliyyətində islahatların vacibliyini vurğulamışdı. Məlumdur ki, sözügedən dövrdə Azərbaycan işğaldakı hələ torpaqlarını azad etməmişdi, bizi gözləyən 44 günlük müharibə, 24 saatlıq antiterror əməliyyatı hələ qarşıda idi. Lakin beynəlxalq hüququn bizə sərt, erməniyə yumşaq olan mexanizmlərinin Azərbaycanın ərazi bütövlüyünü faktiki olaraq təmin etməməsi haqlı olaraq ciddi suallar doğururdu.
Azərbaycan beynəlxalq hüquq baxımından, kağız üzərində suveren dövlət idi, lakin öz əzəli torpaqlarının bir hissəsinə faktiki nəzarəti yox idi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi isə vəziyyəti dəyişdi, Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi. 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatı isə Qarabağda suverenliyin tam bərpası ilə nəticələndi. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Beləliklə, müstəqilliyimizin bərpasından 29 il sonra təsis edilən bu gün Azərbaycanın yalnız hüquqi baxımdan deyil, faktiki olaraq da öz ərazisi üzərində tam suverenliyini təmin etməsi deməkdir.
Suverenlik dövlətin mövcudluğunu və müstəqil qərar qəbul etmək imkanını müəyyən edən əsas amillərdən biridir. De-fakto və de-yure suverenlik anlayışını da biz bu prosesdə anladıq. Uzun illər Azərbaycan beynəlxalq hüquq baxımından öz əraziləri üzərində de-yure suverenliyə malik olsa da, həmin ərazilərin bir hissəsində de-fakto nəzarəti 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatından sonra nail oldu.
19–20 sentyabr antiterror əməliyyatından sonra Qarabağda yeni mərhələ – bərpa və qayıdış dövrü başladı. Qarabağda uzunmüddətli münaqişənin hərbi mərhələsinin başa çatması ilə diqqət bərpa, məcburi köçkünlərin qayıdışı, sərhədlərin delimitasiyası və Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması kimi məsələlərə yönəldi. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin qurulması və keçmiş məcburi köçkünlərin qayıdışı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. İndi Qarabağ yenidən dirçəlir, iqtisadiyyatı, ekologiyası, insanları, sosial həyatı əvvəlki axarına düşür.
Lalə Mehralı