Bu gün Azərbaycanda Bilik Günüdür, ölkəmizdə minlərlə uşaq üçün yeni tədris ili başlayır. Onların çoxu həyəcanlıdır, kiminin məktəbdə son ili, kiminin isə ilk ili olacaq. Razılaşarsınız ki, bu günün ən böyük həyəcanını, məktəb qapısından ilk dəfə keçən birincilər - məktəbin inciləri yaşayır.

Birincilər üçün məktəb sadəcə yeni bir məkan deyil, hərflərlə, rəqəmlərlə, kitablarla və yeni dostlarla tanışlığın başlanğıcıdır. Rəngbərəng çantaları, səliqəli məktəbli formaları, əllərində ilk müəllimlərinə gətirdikləri gül dəstələri ilə birincilər həyacandan, sevincdən yerlərində dayana bilmirdilər. Axı dünənə kimi bağçaya gedən şirin-şəkər balalar bu gün məktəbli adını qazanırdılar.

Bəziləri məktəb həyətinə valideynlərinin əlindən möhkəm yapışaraq daxil olur, bəziləri isə artıq özlərini böyük hesab edərək çantalarını çiyinlərinə atıb ətrafa maraqla baxırdılar. Kimisinin üzündə təbəssüm, kimisinin gözlərində həyəcan vardı. Hamısının dilindən isə ard-arda suallar yağırdı: “Müəllimim hanı?”, “Dostlarım olacaq?”, “Bu gün dərs keçəcəyik?”, “Məktəbdə nə qədər qalacağıq?”

Birinci sinif şagirdləri üçün bu gün həm də həyatlarında bir çağın qapandığı, digər çağın açıldığı gündür: uşaqlıqdan məktəbli həyatına keçidin ilk səhifəsidir. Bu səhifədə ilk müəllimin adı, ilk sinif yoldaşlarının siması, ilk dərsin həyəcanı və ilk məktəb zəngi yaddaşlara həkk olunacaq. Onlardan kimisi həkim, kimisi müəllim, kimisi polis, kimisi mühəndis olmaq istəyəcək, bəziləri isə hələ qərar verməyib. Amma onların hamısını bir araya gətirən bir arzu var: məktəbdə yaxşı oxumaq və yeni dostlar qazanmaq.

Bu gün valideynlər üçün də fərqli hisslərin bir arada yaşandığı gündür. Bəzimiz ilk, bəzimiz isə ikinci, üçüncü övladını məktəbə gətirib. Ancaq ilk övladı məktəbli olan valideynlər üçün bu günün həyəcanı bir qədər başqadır. Çünki gözlərinin ilk nuru - ilk övladları bu gün ilk dəfə məktəbli formasında qarşılarında dayanması, çiynində çantası, əlində gül dəstəsi ilə məktəb qapısından keçməsi onlar üçün də yeni bir başlanğıcdır.

Müəllimlər üçün də yeni tədris ili yeni bir yolun başlanğıcıdır. Xüsusilə birincilərlə ilk görüş həmişə xüsusi və daha məsuliyyətli olur. Çünki onların qarşısında məktəbin ən kiçik, ən kövrək və ən maraqlı şagirdləri dayanır. Kimisi müəlliməsinə ana deyəcək, kimisi qucağına çıxmaq istəyəcək, tumarlanmaq-sığallanmaq istəyəcək. Bu balaca uşaqların əlindən tutmaq, onları məktəbə və elmə sevdirmək, ilk hərfləri və rəqəmləri öyrətmək müəllimlər üçün böyük məsuliyyətdir.

O müəllimlərdən biri - Qalina Məhərova bu il qucaq açdığı növbəti birincilərini sıraya düzüb, məktəbin nizam-intizamını öyrədir, uşaqlar isə maraqla, həvəslə müəllimlərinin sözünü dinləyirdi. Müəllim üçün hər bir birinci sinif şagirdi yeni bir ümid, yeni bir gələcək deməkdir. Bu balaca uşaqların arasında gələcəyin həkimi, müəllimi, mühəndisi, alimi, jurnalisti, bir sözlə ölkənin layiqli vətəndaşları yetişəcək.

Bu gün məktəbin kandarından keçən bu uşaqlar üçün indi uzun bir yol başlayır. İlk hərfdən ilk cümləyə, ilk "5"dən ilk qalibiyyətə, ilk dostdan ilk uğura, ilk zəngdən son zəngə qədər uzanan elm yolu. Onlar illər sonra bu gün çəkilən fotolarına baxanda bir çoxu həmin həyəcanı xatırlayacaq, bu günü təkrar yaşayacaq.

Bu gün onlar məktəbə ilk addımlarını atdılar, hələ balaca olan dünyaları bir az da böyüdü, genişləndi. Qarşıda isə öyrəniləcək daha böyük bir dünya var. Elm yolunuz uğurlu, savad qapınız taybatay açıq olsun, əziz birincilər!
Lalə Mehralı