PDF Oxu

Əsas

  • 1 063

Danışır və göstərir Bakı: 6 noyabr tarixinə baxış

Danışır və göstərir Bakı: 6 noyabr tarixinə baxış

İctimai həyatımızda, milli tariximizdə dərin iz buraxaraq fenomenə çevrilən, "Danışır Bakı"dan "Göstərir Bakı"ya qədər uzun bir yol qət edən, yayımı, proqramı ilə milyonların sevgisini qazanan bir tarixə boylanacağıq bu yazıda.

1926-cı il noyabrın 6-da Azərbaycan paytaxtının küçələrində reproduktorlar tanış olmayan bir səs yaydı: "Danışır Bakı". İnsanlar təəccüb içində, maraqla, diqqətlə o səsi dinlədi, çünki bu hadisə o vaxtkı Azərbaycan xalqının ictimai və mədəni həyatında böyük bir yenilik idi. Radionun ilk azərbaycanlı kişi diktoru, ilk "Danışır Bakı" sözlərini deyən səsin sahibi isə Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov idi. Radionun ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq–iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub.

Hələ xüsusi diktorluq məktəbi olmadığı üçün radioya aydın diksiyası və savadı olan gənclər cəlb edilirdi. Namizədlər seçilərkən onların Azərbaycan və rus dillərində təmiz, aydın danışa bilməsi, səs tembri və efir məsuliyyəti əsas meyar kimi götürülürdü. İlk verilişlərin və diktor heyətinin formalaşmasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və Cəfər Cabbarlı kimi görkəmli mədəniyyət xadimləri yaxından iştirak edərək hələ yolun başında olan gənclərə istiqamət verirdilər.

Teleradio milli sərvətdir, o milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir. Bakıda Şərqin ilk radio verilişləri stansiyasının fəaliyyət başlamasından düz 30 il sonra- 1956-cı il fevralın 14-də Bakıda televiziya studiyası da fəaliyyətə başladı. Bu televiziya da Şərqdə ilk idi.

Azərbaycan Televiziyası yaranandan sonra 6 noyabr tarixi təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada unudulmaz “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

İlk rəhbəri Ənvər Əlibəyli olan Bakı televiziya studiyası SSRİ-də ən inkişaf etmiş televiziyalardan sayılırdı. Doğma televiziyamız 80-ci illərdə zəngin proqram tərtibatı ilə Mərkəzi Televiziyadakı çıxışlarına görə ittifaqda 4-cü yeri tuturdu. 1981-ci ildə tikilməsinə başlanan 310 metrlik teleqüllə dünyada ən hündür qüllələrdən biridir. İndi Azərbaycan televiziyasının yaydığı verilişlərə peyk və internet vasitəsilə dünyanın bütün ərazilərində baxmaq mümkündür.

1991-ci ildən sonra Azərbaycanda özəl telekompaniyalar yaranmağa başladı. Hazırda respublikada ümumrespublika yayımı olan telekanalların sayı 10-dan çoxdur. Lakin Azərbaycan Dövlət Televiziyasının yeri hamımız üçün bir başqadır. Azərbaycan Televiziyası ölkəmizin, xalqımızın mədəniyyət məbədidir, vizual xəzinəsidir. Onun arxivlərində sayı-hesabı bilinməyən veriliş, kino, milli və dünya klassik kinomatoqrafiyası inciləri və s. teleistehsallar yatır. Televiziyanın zəngin "Qızıl Fond"unda milli mədəniyyətimizin , incəsənətimizin inkişafında xüsusi xidmətləri olan insanlar haqqında xeyli lent yazıları, görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanır. Həmin arxivin çox hissəsi yeni texnologiya ilə elektron daşıyıcılara köçürürüb qorunur. Onlardan bəziləri AzTV-nin rəsmi vebsaytında, internetdə, sosial şəbəkələrdə paylaşılır. Cağdaş nəsil bu paylaşımlara olduqca maraqla baxır, klassik nümunələri həvəslə dinləyirlər.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC 3 telekanaldan (AzTV, Mədəniyyət, İdman) və 2 radio kanaldan (Azərbaycan radiosu, Beynəlxalq radio) yayım həyata keçirir. QSC-nin tərkibində Televiziya Akademiyası fəaliyyət göstərir ki, burada da ölkə teleməkanı üçün peşəkar kadrlar yetişdirilir.

Doğma televiziyamızın xalqın maarifləndirilməsi, onların bədii-estetik zövqünün yüksək səviyyədə formalaşması, bilik və dünyagörüşünün artırılması, milli və bəzəri dəyərlərin qorunması və dövlətçiliyin təbliğ edilməsini özündə ehtiva edən proqram siyasəti var. Xüsusilə qeyd etmək yerinə düşər ki, AzTV-nin nəzdində yaradılmış və tamaşaçıların sevimli kanalına çevrilmiş “Mədəniyyət” kanalı estetik, bədii, mədəni zövqümüzün formalaşmasında böyük rol oynayır. 15 il əvvəl- AzTV-nin 55-ci il dönümündə yaradılmış Mədəniyyət kanalı əsl milli televiziya ünvanına layiqdir. Mədəniyyət Televiziyası tele-dünyamızın mədəni keçikçisidir desək, yanılmarıq.

Biz dövlət televiziyasını, milli radiomuzu həm də efirindəki unudulmaz simaların, səslərin sayəsində çox sevmişik. Həm Azərbaycan televiziyasının, həm də radiosunun aparıcılarının yüksək efir mədəniyyəti, mülayim, həlim, aydın səs tonu, səlis nitq qabiliyyəti, sadə xarici görünüşü onları hər zaman fərqləndirib. Keçdiyi uzun bir yolda xalqımızın zəngin mədəniyyətinin dünyaya çatdırılması, cəmiyyətin maarifləndirilməsi, elmin, təhsilin, humanist dəyərlərin təbliği üçün böyük əmək sərf edən həm televiziyanın, həm də radionun texniki heyətinin, görünməyən qəhrəmanlarının da əməyi danılmazdır.

Hazırda doğma televiziyamıza AzTV məktəbini keçmiş, böyük sənətkarlardan dərs almış, əməkdar jurnalist Rövşən Məmmədov rəhbərlik edir. O, Prezident İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Rəhbərlik etdiyi müddətdə həm telekanalların, həm də radiokanalların efir siyasətində, proqram keyfiyyətində ciddi irəliləyişlər əldə olunub.

Qeyd etmək yerinə düşər ki, televiziyanın xəbər siyasəti son vaxtlar daha yüksək səviyyədədir - daha operativ, daha peşəkar, daha məzmunlu və daha baxımlıdır. Televiziya rəhbərinin yalnız texniki işlərlə məşğul olmayaraq həm də efirdə olması, daim aktual, siyasi-ictimai mövzularda şərhlər verməsi doğma telekanalı daha da baxımlı edir. Məhz bu səbəbdən televiziyanın sosial şəbəkə kanallarında da böyük sayda izləyici kütləsi var. Azərbaycan Televiziyası və Radiosu Günündə tele-radionun bütün əməkdaşlarını təbrik edir, hər zaman xoş xəbərlər paylaşmaqlarını arzu edirik.

Lalə Mehralı

Digər xəbərlər