PDF Oxu

Əsas

  • 1 142

Süni intellekt: müharibə və milli təhlükəsizlik konteksində

Süni intellekt: müharibə və milli təhlükəsizlik konteksində

Texnologiya əsri bizə öyrətdi ki, müasir müharibələr təkcə gözlə görünən silahlarla deyil,həm də yalanlar və alqoritmlərlə aparılır. İndi bir çox hallarda döyüş meydanı virtual zonalar olur, informasiya məkanı istəklər uğrunda mübarizənin ön cəbhəsinə çevrilir. Ən böyük təhlükələr isə insanları aldatmaq, çaşdırmaq və manipulyasiya etmək, onların dünyagörüşünə, seçimlərinə, qərarlarına təsir göstərmək məqsədi daşıyan virtual əməliyyatlardır. Biz son bir neçə ildə bu cür hədələrin, manipulyasiya vasitələrinin insanları necə yanlış yönləndirdiyini, aldatdığını və seçimlərini dəyişdiyini dəfələrlə müşahidə etmişik.

Xüsusi ilə Süni İntellektdən (Sİ) qaynaqlanan informasiya təhlükə və hədələri bəzi qüvvələr tərəfindən getdikcə daha təhlükəli silah kimi istifadə olunur. Daha çox aralarında nifaq olan, isti və ya soyuq müharibə şəraitində olan ölkələr tərəfindən, yaxud bu nifaqdan faydalanan üçüncü tərəfin bu silaha əl atdığı zaman ciddi çaşdırıcı vəziyyətlər meydana çıxır. Süni intellekt alətlərindən yalnız çaşdırıcı məzmun yaratmaq üçün deyil, həm də zərərli narrativləri gücləndirmək məqsədilə istifadə olunur. Həmçinin "deepfake", yəni süni intellekt vasitəsilə yaradılan və ya dəyişdirilən foto, video və audio materiallarla bağlı ciddi narahatlıqlar var. Bu texnologiya ilə bir insanın üzünü başqa şəxsin üzünə dəyişmək, onun səsini təqlid etmək və ya heç vaxt demədiyi sözləri söyləyirmiş kimi göstərmək mümkündür və biz bu saxtakarlığın qurbanlarının sayının artdığının hər gün şahidi oluruq.

Narahatedici tərəfi isə odur ki, bu vəziyyət nəzarətdən çıxmaq üzrədir və yaxın gələcəkdə vəziyyət daha da ağırlaşacaq. Reallığı olmayan saxta videolar bir çox hallarda milyonlarla dəfə izlənir, real və qeyri-real olması artıq arxa planda qalır. Süni şəkildə yaradılmış materialların daxilindəki gerçək olmayan məlumatların çoxsaylı istifadəçilərə çatması insanların real həyatda davranışlarına təsir göstərmək və ictimai rəyi manipulyasiya etmək riski yaradır, necə ki bir çox hallarda biz bunun şahidi oluruq. Bəzən süni şəkildə yaradılmış media materiallarının reallığı araşdırılmadan dövlət rəsmiləri və etibarlı mənbələr tərəfindən də paylaşıldığı üçün həmin materiallarda yer alan narrativlərin daha geniş yayılması və legitimləşdirilməsi riskini də artırır.

Təhlükəli vəziyyətlərdən biri də, Sİ vasitəsilə yaradılmış çaşdırıcı məzmunların hüquq-mühafizə orqanlarının reaksiyasının çətinləşməsinə, dolayısı ilə müdaxilənin gecikməsinə səbəb olmasıdır. Dolayısı ilə, Sİ-nin yalnış əllərdə olması ümumi kommunikasiya infrastrukturumuza, aidiyyatlı orqanların işinin çətinləşməsinə risklər yaradır. Doğrudur, mövcud risklərə baxmayaraq, Sİ texnologiyasından gələcəkdə baş verəcək təhlükələr qarşı qalxan kimi istifadə etmək işimizi asanlaşdırır, lakin, biz onun istifadəçilərinin qanunsuz məzmunlar yaratmasının qarşısını da ala bilmirik. Sİ ətrafında görüləcək işlərdən ən vacibi də zərərli və ya qanunsuz məzmunun viral yayılmadan əvvəl aşkarlanaraq silinməsi, eləcə də çatbot xidmətlərinin doğru məlumatların yayılmasında istifadəsinə nail olmaqdır.

Süni intellektin milli təhlükəsizlik aspekti günümüzdə daha çox aktivdir, onun dövlətlərin müdafiə, informasiya və kibertəhlükəsizlik sistemlərinə təsiri danılmazdır. Sİ texnologiyaları kiberhücumların təşkilində, dezinformasiyanın və saxta xəbərlərin yayılmasında, ictimai rəyin manipulyasiyasında istifadə oluna bilər, hərbi sistemlərdə, kəşfiyyatda və strateji qərarların qəbulunda çaşdırıcı ola bilər. Buna görə də dövlətlər üçün əsas çağırış Sİ-nin yaratdığı imkanlardan təhlükəsizlik məqsədilə istifadə etməklə yanaşı, onun yaratdığı risklərin qarşısını almaqdır.

Süni intellektdən sui-istifadəyə qarşı cəmiyyətin dayanıqlığını gücləndirmək üçün daha aydın, daha savadlı reaksiya protokolları və məlumat mübadiləsi mexanizmləri yaradılmalıdır. İnsanların media savadlılığı hələ möhkəmlənməmiş Sİ savadlılığının qavranılmaması anlaşılandır, lakin virtual dünyadakı müharibələrə tab gətirə bilmək üçün Sİ savadlılığı şərtdir.

Sİ bəzən qarayaxma kampaniyalarında istifadə edildiyi üçün cəmiyyətin təhlükəsizliyi üçün ciddi risk yaratdığı şübhəsizdir. Təhlükə səviyyəsini müəyyənləşdirən monitorinq aparılmalı, dövlət qurumları arasında vəzifə və məsuliyyət bölgüsü aydın şəkildə müəyyən edilməlidir.

Eləcə də, texnologiya şirkətləri son gözlənilməz vəziyyətlər zamanı ortaya çıxan təhlükələrə qarşı mövcud məlumat mübadiləsi mexanizmlərini uyğunlaşdırmalı və süni intellekt çatbotlarının interfeyslərini təkmilləşdirməlidirlər. Əks halda bu texnoloji fenomen çirkli əllərdə qara işlər üçün istifadə ediləcək.

Lalə Mehralı

Digər xəbərlər