Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan “Heydər Əliyev məktəbi” layihəsinin dördüncü mərhələsinin - qış məktəbinin açılış mərasimi keçirilib.Əvvəlcə Gəncə şəhərində müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub.
Gəncə İdman Sarayında “Milli dövlətçilik və gənclər siyasəti: tarixi irsdən müasir hədəflərə” mövzusunda təşkil olunan layihənin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva “Heydər Əliyev məktəbi” layihəsinin növbəti mərhələsi olan qış məktəbinin Nizami yurdu Gəncədə keçirilməsinin tarixi ənənələrə sadiqlik, zəngin mədəni irsin təbliği və gənclərin dövlətçilik ruhunda maarifləndirilməsi baxımından rəmzi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, layihə gənclərin intellektual potensialının artırılmasına, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, şəhərsalma və infrastruktur quruculuğu sahəsindəki fəaliyyətinin, eləcə də mədəni irsin qorunması istiqamətindəki xidmətlərinin gənclərə tanıdılmasına, həmçinin onların “Böyük Qayıdış” prosesində rolunun gücləndirilməsinə və partiya ətrafında daha sıx birləşməsinə töhfə verəcək. Diqqətə çatdırıb ki, qış məktəbi çərçivəsində iştirakçılar nəzəri panel müzakirələrində, praktiki memarlıq seminarlarında, ideya təqdimatlarında və intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar.
YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov vurğulayıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı, yüksək intellektual səviyyəyə və vətənpərvərlik ruhuna malik şəxsiyyətlər kimi formalaşması üçün geniş imkanlar yaradır.
B.Aslanov Gəncənin zəngin tarixi-memarlıq irsindən, son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərindən bəhs edərək bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, onların şəhərsalma və memarlıq sahəsinə marağının təşviq edilməsi ölkənin gələcək inkişafına mühüm töhfədir.
O, həmçinin qeyd edib ki, “Heydər Əliyev məktəbi” kimi maarifləndirici layihələr gənclərin milli-mənəvi dəyərlərə və dövlətçilik ideyalarına bağlılığının möhkəmləndirilməsində, eləcə də onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təşviqində mühüm əhəmiyyət daşıyır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev belə bir maarifləndirici proqramın Gəncədə təşkil olunmasını yüksək qiymətləndirib və qış məktəbinin şəhərin ictimai-mədəni həyatına töhfə verəcəyini bildirib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Gəncənin sosial-iqtisadi inkişafına, şəhərin tarixi-memarlıq simasının qorunub saxlanılmasına, eləcə də gənclərin keyfiyyətli təhsil alaraq ölkənin ictimai həyatında və inkişaf proseslərində fəal iştirak etməsinə daim xüsusi diqqət yetirib.
S.Tomuyev qış məktəbinin işinə uğurlar arzulayaraq iştirakçıları proqram çərçivəsində əldə edəcəkləri bilik və təcrübədən ölkəmizin inkişafı və tərəqqisi naminə səmərəli istifadə etməyə çağırıb.
YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxışında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, eləcə də nəsillər arasında tarixi varisliyin qorunmasının əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideologiyasının gənc nəslə aşılanması, milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə bağlılığın gücləndirilməsi müstəqil Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Arif Rəhimzadə qeyd edib ki, “Heydər Əliyev məktəbi” layihəsi gənclərin dövlətçilik düşüncəsinin formalaşmasına və möhkəmləndirilməsinə, onların fəal vətəndaş mövqeyinə malik, cəmiyyətin inkişafında yaxından iştirak edən şəxsiyyətlər kimi yetişməsinə töhfə verir.
YAP Mərkəzi Aparatının rəhbərinin müavini Ramilə Bədəlova “Heydər Əliyev məktəbi” layihəsinin artıq ənənəvi xarakter aldığını və gənclər tərəfindən böyük maraqla qarşılandığını bildirib.
O qeyd edib ki, layihə gənclərin yalnız nəzəri biliklərinin artırılmasına deyil, həm də onların liderlik keyfiyyətlərinin inkişafına, komanda şəklində işləmək bacarıqlarının formalaşdırılmasına, müasir çağırışlara uyğun təşəbbüs və ideyalar irəli sürmələrinə xidmət edən mühüm platformadır.
R.Bədəlova “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan qış məktəbinin iştirakçıların yaradıcı potensialının üzə çıxarılmasına, onların yeni bilik və təcrübə qazanmalarına, eləcə də gələcək fəaliyyətlərində uğur əldə etmələrinə geniş imkanlar yaradacağına əminliyini ifadə edib.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov çıxışında gənclərin partiya fəaliyyətində fəal iştirakının və onların təşkilati bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyası gənclərin təşəbbüslərinin dəstəklənməsinə, onların müasir idarəçilik prinsiplərinə yiyələnməsinə və ictimai fəallığının artırılmasına xüsusi önəm verir.
R.Gülməmmədov qeyd edib ki, müxtəlif bölgələri təmsil edən gəncləri bir araya gətirən qış məktəbi iştirakçılar arasında təcrübə mübadiləsinin genişlənməsi, yeni dostluq və əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də ümummilli məqsədlər naminə birgə fəaliyyət vərdişlərinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Daha sonra qış məktəbinin proqramına uyğun olaraq iştirakçılar üçün müxtəlif mədəni-əyləncəli tədbirlər təşkil olunub.
Eyni zamanda, Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan “44” bədii filmi nümayiş etdirilib.