Yeni araşdırma autizm spektr pozuntusu (ASP) olan insanlarda beyin fəaliyyətinin fərdi xüsusiyyətlərinin daha geniş dəyişkənlik göstərdiyini ortaya qoyub. Xüsusilə sosial beyin sistemində müşahidə edilən bu fərqlər autizmin daha dərindən öyrənilməsinə və fərdi dəstək yanaşmalarının hazırlanmasına kömək edə bilər.
ABŞ-ın Ayova Universitetinin tədqiqatçıları autizm spektr pozuntusu olan və olmayan şəxslərin beyin fəaliyyətini müqayisə edən araşdırmaya rəhbərlik ediblər. Tədqiqatçılar İndiana Universiteti və Kaliforniya Texnologiya İnstitutunda daha əvvəl toplanmış məlumatları təhlil ediblər.
Araşdırmada iştirak edən yetkin şəxslərin beyin fəaliyyəti müxtəlif filmlərə baxdıqları zaman qeydə alınıb. Animasiya, döyüş filmləri, romantik komediyalar və trillerlər daxil olmaqla fərqli janrlı ekran əsərləri iştirakçıların mürəkkəb vizual və sosial situasiyalara reaksiyalarını öyrənmək üçün istifadə olunub.
Alimlər görüntüləmə məlumatları əsasında hesablama modeli hazırlayıblar. Model filmlərdəki səslər, vizual təsvirlər və sosial məzmun kimi xüsusiyyətlərlə beyin fəaliyyəti arasındakı əlaqələri müəyyənləşdirib. Təlimdən sonra model beynin müxtəlif sistemlərindəki aktivliyi dəqiq proqnozlaşdıra bilib.
Tədqiqatın aparıcı müəlliflərindən Dorit Klimann bildirib ki, bu yanaşma mürəkkəb və dinamik situasiyaların müxtəlif aspektlərinə beynin verdiyi reaksiyaları daha əhatəli şəkildə öyrənməyə imkan yaradıb.
Araşdırmanın maraqlı nəticələrindən biri qruplar üzrə orta göstəricilərin müqayisəsində ortaya çıxıb. Model autizm spektr pozuntusu olan və olmayan yetkinlərin beyin fəaliyyətini ümumi səviyyədə oxşar dəqiqliklə proqnozlaşdırıb. Lakin ayrı-ayrı iştirakçıların nəticələri müqayisə edildikdə, autizmli şəxslərdə göstəricilərin qrup ortalamasından daha çox fərqləndiyi müəyyən olunub.
Bu dəyişkənlik tədqiq edilən beyin sistemlərinin demək olar ki, hamısında müşahidə edilsə də, ən aydın fərq sosial beyin sistemində qeydə alınıb. Tədqiqatçılar hesab edirlər ki, autizmin öyrənilməsi və dəstəklənməsi üçün yalnız qrupların orta göstəricilərinə əsaslanmaq kifayət deyil. Fərdi beyin reaksiyalarının araşdırılması daha əhəmiyyətli nəticələr verə bilər.
Araşdırmanın həmmüəllifi Ceyms Treyer bildirib ki, qrupların orta göstəriciləri arasındakı oxşarlıq onları təəccübləndirib. Onun sözlərinə görə, nəticələr fərdi beyin reaksiyalarına daha çox diqqət yetirilməsinin vacibliyini göstərir.
Dorit Klimann isə fərdi fərqlərin səbəblərinin araşdırılmasının autizm spektri daxilində müxtəlif alt qrupların müəyyənləşdirilməsinə və hər bir şəxsin ehtiyacına uyğun dəstək üsullarının hazırlanmasına kömək edə biləcəyini vurğulayıb.
Tədqiqat qrupu bundan sonra beyin fəaliyyətindəki dəyişkənliyin autizmə xas davranış fərqləri ilə necə, harada və hansı şəraitdə əlaqələndiyini araşdırmağı planlaşdırır. Alimlərin fikrincə, bu istiqamətdə aparılacaq əlavə tədqiqatlar autizmin vahid model əsasında deyil, fərdi xüsusiyyətlər nəzərə alınmaqla öyrənilməsinə töhfə verə bilər.