25 noyabr – Kəlbəcər Şəhəri Günüdür. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər zəngin tarixi, təbii sərvətləri və strateji coğrafi mövqeyi ilə ölkəmizin mühüm bölgələrindən biridir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər ağır humanitar fəlakətlə üzləşdi. Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Belə ki, Kəlbəcərin işğalı çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratdı və beləliklə, digər torpaqlarımızın işğalına yol açdı.
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etsə də, bu qərar uzun illər icra edilmədi. 27 ildən sonra, 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Əslində
Kəlbəcəri hərbi yolla azad etmək böyük itkilərlə nəticələnə bilərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, “O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi və ona görə də biz böyük itkilər verə bilərdik”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad edilməsinin vacibliyini bəyan edərək bildirmişdi ki, “Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin azad olunması ilə erməni silahlı qüvvələrinin hərəkətləri bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırıldı və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər”.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, 27 illik işğala son qoyuldu. İşğalçı qüvvələrin ərazini tərk edərkən yaşayış evlərini və meşələri yandırması, infrastrukturu dağıtması isə erməni vandalizminin növbəti təzahürü idi.
Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcərdə Dövlət bayrağını ucaltdı. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə 524 ailəlik yaşayış kompleksinin inşası da Böyük Qayıdışın mühüm mərhələsidir.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə köçən sakinlərlə görüşündə də bəyan etdiyi kimi, “biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır”.
Bu gün rayonun Yanşaq, Zallar və Zar kəndlərində də geniş quruculuq işləri aparılır. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun, Murovdağ tunelinin inşası, kiçik su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması bölgənin iqtisadi potensialını artırır. “İstisu” mineral su zavodunun fəaliyyəti, Müalicə-İstirahət Kompleksinin tikintisi isə Kəlbəcərin gələcəkdə mühüm turizm və sağlamlıq mərkəzinə çevrilməsinə zəmin yaradır.
Hazırda Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı Kəlbəcərin iqtisadi, sosial və mədəni həyatını yenidən canlandırır. Dövlət başçımızın da söylədiyi kimi, “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.”
Nigar Məmmədova
Milli Məclisin deputatı