PDF Oxu

Siyasət

  • 1 062

Kəlbəcər: Zəfər tariximizin qürurlu səhifəsi

Kəlbəcər: Zəfər tariximizin qürurlu səhifəsi

“Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilərək 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər əbədiləşdirildi. Bu Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Döyüş meydanında əldə edilən Qələbə siyasi və diplomatik müstəvidə də öz təsdiqini tapdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Kəlbəcər və Laçın rayonları, eləcə də Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu hadisə doğma yurdundan ayrı düşmüş kəlbəcərlilərin Böyük Qayıdışının, genişmiqyaslı bərpa, quruculuq və dirçəliş prosesinin başlanğıcına çevrildi. Torpaqlarımızın azad edildikləri tarixlərlə yanaşı, işğal günlərinin də unudulmaması əsas çağırışlardandır. Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və ya itkin düşüb. İşğal dövründə yaşayış məntəqələrinə, sosial və mədəni obyektlərə ağır ziyan dəyib. Onlarla tarix-mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana, mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, səhiyyə müəssisəsi, inzibati bina və yaşayış evi dağıdılıb və ya talan edilib, əmlak və təbii sərvətlər ərazidən çıxarılıb. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcər boşaldılarkən qeyri-qanuni sakinlərin evləri və bağları yandırması işğalçı vandalizmini bir daha ortaya qoydu. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, altı ildir azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır: “Kəlbəcərdə həyata keçirilən bərpa işləri şəhərin ötən ilin avqust ayında öz sakinlərini qarşılamasını təmin etdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli Qərarı ilə Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilib. İşğala qədərki son Baş planda şəhərin ərazisi 130 hektar, əhalisi isə 7 500 nəfər idisə, 2040-cı ilədək inkişaf konsepsiyasına əsasən bu göstəricilərin iki dəfədən çox artması nəzərdə tutulur. Baş plana əsasən, şəhərin mərkəzi hissəsində ortamərtəbəli çoxmənzilli yaşayış və inzibati binalar, ətraf ərazilərdə isə fərdi evlər tikiləcək. 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması planlaşdırılır. 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq) və 1 reabilitasiya mərkəzi (150 çarpayılıq) inşa ediləcək. İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançaları yaradılacaq. Şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq və yol infrastrukturu müasir standartlara uyğun qurulacaq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi inşa edilir. Birinci mərhələdə buraya 201 ailə köçürülür. Bunun üçün kompleksdə dördmərtəbəli, hər birində 27 mənzil olan 6 bina tikilib. İkinci mərhələdə kompleksə 323 ailənin köçürülməsi nəzərdə tutulur. Ötən il avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksində yaradılan şəraitlə tanış oldular, buraya köçən sakinlərlə görüşdülər. Dövlət başçısı görüşdə vurğuladı ki, Azərbaycan xalqı ədaləti və haqqını bərpa etdi, işğal dövründə inamını itirməyərək bu günü yaxınlaşdırdı.
Hazırda sakinlərinə qovuşan 48 şəhər, kənd və qəsəbə arasında Kəlbəcər şəhəri də var. 6 noyabr 2026-cı il tarixinə olan məlumata əsasən, Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb”.
Malik Həsənov bildirib ki, Prezident İlham Əliyevin son altı ildə Kəlbəcərə səfərləri mühüm sosial və iqtisadi layihələrin icrası, açılış və təməlqoyma mərasimləri ilə yadda qalıb: “Bu layihələr sırasında uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun inşası xüsusi yer tutur. Yolun 56 kilometrini Toğanalı-Kəlbəcər, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Yol üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Layihənin tikintisinin 89 faizi tamamlanıb. Yolun 13,5-ci kilometrliyində inşa edilən və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı olub. Murovdağ tuneli dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birinci ən uzun avtomobil tunellərindən biridir. Bölgənin su-enerji potensialından da səmərəli istifadə olunur. Tərtər çayının sol qolu olan Meydan çayı üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Tərtər çayı üzərində 8,33 meqavatlıq “Çıraq-1” və 5,3 meqavatlıq “Soyuqbulaq”, Qaraarxac çayı üzərində isə 3,6 meqavatlıq “Çıraq-2” kiçik su elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən yenidən qurulub. 8,6 meqavatlıq "Aşağı Vəng", 8,8 meqavatlıq “Nadirxanlı” və 5 meqavatlıq “Çaykənd” kiçik su elektrik stansiyaları tikilib”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər zəngin təbiəti, saf dağ iqlimi və müalicəvi mineral suları – xüsusilə Yuxarı İstisu və Aşağı İstisu yataqları ilə turizm üçün böyük imkanlar açır: “Təməli 26 iyun 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan İstisu mineral su zavodunda işlər 2024-cü ildə başa çatdırılıb. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan və ikinövbəli işləyən müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın sakinləridir. Kəlbəcər həm də qədim tarixi abidələrlə zəngindir. Burada 30 min ildən artıq yaşı olan qədim yaşayış məskənləri, 6 min il əvvələ aid qaya təsvirləri və qədim türk əlifbası nümunələri aşkarlanıb. Rayondakı daş abidələr erkən türklüyün, atəşpərəstliyin, xristianlığın və VII əsrdən yayılan İslamın tarixi izlərini daşıyır. Azad edilmiş hər bir bölgənin iqtisadi potensialından səmərəli istifadə Azərbaycanın dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

Digər xəbərlər