PDF Oxu

Siyasət

  • 289

Kəlbəcərdə Böyük Qayıdış və yeni həyat - ŞƏRH

Kəlbəcərdə Böyük Qayıdış və yeni həyat - ŞƏRH

Kəlbəcərin azadlığı Azərbaycanın müasir tarixində milli iradənin, dövlət qüdrətinin və tarixi ədalətin təntənəsini əks etdirən mühüm hadisələrdən biridir. Uzun illər işğal altında qalan bu qədim diyarın yenidən öz sahibinə qovuşması xalqımızın doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsi olmaqla yanaşı, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan tarixi addım idi. Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri, sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıtması və müasir infrastrukturun yaradılması Azərbaycanın Zəfərdən sonra başladığı böyük bərpa prosesinin mühüm tərkib hissəsidir. Hər il noyabrın 25-də qeyd olunan Kəlbəcər Şəhəri Günü azadlığın, qayıdışın və dirçəlişin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə, füsunkar təbiətə və böyük təbii sərvətlərə malik bölgələrindən biridir. Murovdağın əzəmətli zirvələri, buz bulaqları, sıx meşələri, geniş yaylaqları və şəfalı mineral suları ilə seçilən bu diyar xalqımızın milli-mənəvi yaddaşında xüsusi yer tutur. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun sakinləri doğma yurdlarından didərgin salınıb, yaşayış məntəqələri, tarixi abidələri və infrastrukturu dağıdılıb. Buna baxmayaraq, kəlbəcərlilərin doğma torpağa bağlılığı və qayıdış ümidi heç vaxt sönməyib.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, güclü iqtisadiyyatın və qüdrətli ordunun formalaşdırılması Azərbaycanın tarixi Zəfərinə gedən yolu müəyyənləşdirib. 2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə nəticəsində Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Beləliklə, 27 illik işğala son qoyulub, Azərbaycan Bayrağı doğma Kəlbəcərdə yenidən ucaldılıb.

Ölkə Başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü təsis edilib. Bu qərar rayonun azad edilməsinin tarixi əhəmiyyətinin əbədiləşdirilməsi və xalqımızın Zəfər salnaməsinin mühüm səhifələrindən birinin dövlət səviyyəsində qeyd olunması baxımından xüsusi məna daşıyır.

Kəlbəcərin azad edilməsindən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri rayonun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələri salınır, müasir mənzillər və sosial obyektlər inşa olunur, elektrik enerjisi, su təchizatı, rabitə və digər infrastruktur sistemləri yaradılır. 2025-ci il avqustun 20-dən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu prosesin mühüm mərhələsi olub. Bu gün məskunlaşma davam edir, yeni ailələr doğma yurdlarına qayıdır və şəhərin sosial həyatı tədricən canlanır.

Rayonda həyata keçirilən mühüm layihələrdən biri Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisidir. Ümumi uzunluğu 82 kilometr olan bu yol Kəlbəcərin digər bölgələrlə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və İstisu turizm zonasının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Layihə çərçivəsində körpülər, yol qovşaqları və tunellər inşa edilir. Yolun ən mürəkkəb hissələrindən biri olan 11,7 kilometrlik Murovdağ tuneli nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə imkan yaradacaq. Layihənin tamamlanması rayonun iqtisadi, turizm və sosial inkişafına mühüm töhfə verəcək.

Kəlbəcərin bərpası prosesində Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş rayona səfərləri xüsusi əhəmiyyət daşıyır. Prezidentin 2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfəri zamanı Murovdağ tunelinin təməli qoyulub, Kəlbəcər yarımstansiyasının açılışı olub və şəhərdə Azərbaycan Bayrağı ucaldılıb. Dövlət başçısının 2022-ci il iyunun 26-da baş tutan səfəri zamanı İstisu mineral su zavodunun təməli qoyulub. 2023-cü ildə may, avqust və noyabr aylarında, 2024-cü il sentyabrın 2-də isə Prezident İlham Əliyev müxtəlif infrastruktur və quruculuq layihələrinin gedişi ilə tanış olub. Birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi 2024-cü il səfərində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi diqqət mərkəzində olub.

2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdış prosesinin əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Dövlət başçısı doğma şəhərə qayıdan sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim edib. Bu səfər dövlətin əsas diqqətinin yalnız dağıdılmış infrastrukturun bərpasına deyil, həm də insanların doğma torpaqlarında rahat və layiqli yaşayışının təmin edilməsinə yönəldiyini bir daha nümayiş etdirib.

Kəlbəcərin iqtisadi inkişafında təbii sərvətləri, xüsusilə İstisu mineral suları və turizm imkanları mühüm yer tutur. İstisu mənbələrinin yenidən istifadəsi, müasir istehsal müəssisələrinin yaradılması və turizm infrastrukturunun inkişafı rayonun iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır. Füsunkar təbiəti, dağları, bulaqları və tarixi məkanları Kəlbəcərin gələcəkdə Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.

Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın iqtisadi gücünü, dövlət siyasətinin ardıcıllığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirir. Vaxtilə dağıdılmış yaşayış məntəqələrində yeni evlər tikilir, yollar salınır, sosial obyektlər yaradılır, sakinlər doğma torpaqlarına qayıdırlar. Bütün bunlar 2020-ci ildə qazanılmış tarixi Zəfərin məntiqi davamı olan Böyük Qayıdış prosesinin uğurla həyata keçirildiyini göstərir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında azadlığın, qürurun, milli birliyin və tarixi ədalətin təntənəsi kimi yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Kəlbəcər yenidən qurulur, doğma sakinlərinin qayıdışı ilə canlanır və gələcəyə inamla addımlayır. Əminik ki, bu qədim diyar Azərbaycanın ən abad, inkişaf etmiş və gözəl bölgələrindən birinə çevriləcək, xalqımızın Zəfər tarixinin qürurverici səhifəsi kimi daim yaşayacaq.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər