PDF Oxu

Siyasət

  • 196

2 aprel 1993: Kəlbəcər faciəsi və BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi - ŞƏRH

2 aprel 1993: Kəlbəcər faciəsi və BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi - ŞƏRH

Azərbaycan xalqının tarixində elə tarixlər var ki, onlar heç vaxt unudulmur. 1993-cü il 2 aprel belə tarixlərdəndir. Həmin gün Kəlbəcər rayonu Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bu hadisə təkcə bir rayonun itirilməsi deyil, on minlərlə insanın faciəsi, Azərbaycanın suverenliyinə qarşı açıq təcavüz və beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Bu gün, Kəlbəcər şəhəri günü münasibətilə həmin faciəni xatırlamaq, onun səbəblərini və nəticələrini dərk etmək tarixi yaddaşımızın qorunması üçün vacibdir.

Kəlbəcər rayonu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərindən kənarda yerləşirdi. Bu fakt Ermənistanın iddia etdiyi kimi “öz müqəddəratını təyinetmə” arqumentinin tamamilə əsassız olduğunu, əslində məqsədin Azərbaycan torpaqlarını işğal etmək olduğunu açıq şəkildə göstərirdi. Kəlbəcərə hücum Ermənistan ərazisindən və Ağdərə istiqamətindən eyni vaxtda həyata keçirildi. Rayon faktiki olaraq mühasirəyə alındı.

İşğal günlərində Kəlbəcər əhalisi dəhşətli sınaqlarla üz-üzə qaldı. Rayonu xarici dünya ilə birləşdirən yeganə yol Murovdağ aşırımlarından keçirdi. Aprelin əvvəlində dağlarda hələ də qalın qar örtüyü var idi. Qadınlar, uşaqlar, qocalar qarlı-şaxtalı aşırımlardan piyada keçməyə məcbur oldular. Bu yolda çoxlu insan soyuqdan və aclıqdan həyatını itirdi, bir hissəsi isə əsir götürüldü. On minlərlə kəlbəcərli doğma yurdundan didərgin düşərək ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşdı. Rəsmi məlumatlara görə, Kəlbəcər rayonunun 484 şəhidi var, onlardan 258-i hərbçi, 226-sı mülki şəxsdir.

Kəlbəcərin işğalına o dövrün daxili siyasi vəziyyəti də şərait yaratmışdı. Ölkədəki hakimiyyət böhranı, ordu quruculuğundakı səriştəsizlik və idarəetmədəki xaos düşmənin işini asanlaşdırdı. Bu acı dərs sonralar Azərbaycan dövlətinin güclü ordu, sabit iqtisadiyyat və vahid milli iradə formalaşdırmaq siyasətinin əsas səbəblərindən birinə çevrildi.

Kəlbəcərin işğalı beynəlxalq aləmdə ciddi əks-səda doğurdu. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı Qətnaməni qəbul etdi. Bu, münaqişə ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin ilki idi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın bu yaxınlarda işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb olunurdu. Sənəd həmçinin hərbi əməliyyatların dayandırılmasını, münaqişənin sülh yolu ilə həllini və regionda bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini vurğulayırdı.

822 saylı Qətnamənin ardınca 853, 874 və 884 saylı qətnamələr qəbul edildi. Bu sənədlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu tələbləri 27 il ərzində icra etmədi. Beynəlxalq birlik isə qətnamələrin icrasını təmin edəcək real mexanizm tətbiq etmədi. Bu vəziyyət beynəlxalq hüququn ikili standartlarını və beynəlxalq mexanizmlərin zəifliyini açıq şəkildə ortaya qoydu.

Uzun illər ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün səy göstərdi, danışıqlar prosesində iştirak etdi, beynəlxalq təşkilatlarda həqiqəti çatdırmağa çalışdı. Eyni zamanda, ölkə iqtisadiyyatını gücləndirdi, müasir ordu qurdu və diplomatik mövqelərini möhkəmləndirdi. Ermənistanın işğalçı siyasətini davam etdirməsi və yeni təxribatlar törətməsi isə nəticədə 2020-ci ilin sentyabrında Vətən müharibəsinə səbəb oldu.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbə Ermənistanı kapitulyasiyaya məcbur etdi. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycana qaytarılmalı idi. Noyabrın 25-də Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin tələbini Azərbaycan dövləti özü, öz gücü ilə icra etdi. Kağız üzərində qalan beynəlxalq hüquq normaları Azərbaycan Ordusunun gücü ilə reallığa çevrildi.

2 aprel 1993-cü il və 25 noyabr 2020-ci il tarixləri Kəlbəcər tarixinin iki qütbüdür. Birincisi faciənin, ikincisi Zəfərin rəmzidir. Bu iki tarix arasında keçən 27 il xalqımızın səbrinin, iradəsinin və mübarizəsinin illəri oldu. Kəlbəcər faciəsini unutmamaq, onu gələcək nəsillərə tarixi həqiqət kimi çatdırmaq və bu faciədən dərs çıxarmaq hər birimizin borcudur.

Kəlbəcər faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması bu gün də mühüm vəzifə olaraq qalır. İşğal dövründə törədilmiş cinayətlərin, itkin düşmüş şəxslərin taleyinin araşdırılması, dağıdılmış yaşayış məntəqələrinin və mədəni irsin vəziyyətinin sənədləşdirilməsi davam edir. Bu iş həm tarixi ədalətin tam bərpası, həm də gələcəkdə belə faciələrin təkrarlanmaması üçün vacibdir. Azad olunmuş Kəlbəcərdə aparılan axtarış işləri nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlərin qalıqları tapılır və onlar doğma torpaqda dəfn olunur. Bu, xalqımızın öz qəhrəmanlarına olan ehtiramının ifadəsidir.

Bu gün Kəlbəcər yenidən Azərbaycanın bayrağı altındadır. 822 saylı Qətnamənin tələbləri artıq tarixə qovuşub, lakin bu sənəd beynəlxalq hüquqda Azərbaycanın haqlı mövqeyinin təsdiqi kimi qalır. Kəlbəcər nümunəsi göstərir ki, ədalət gec də olsa bərpa olunur, kifayət qədər güc və iradə olduqda isə heç bir işğal əbədi deyil.

Abbas Pənahov
Yeni Azərbaycan Partiyası

Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər