PDF Oxu

Siyasət

  • 329

Kəlbəcər – milli qürurumuzun zirvəsi - ŞƏRH

Kəlbəcər – milli qürurumuzun zirvəsi - ŞƏRH

Azərbaycan xalqının müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti təkcə baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillər üçün də milli yaddaşın və qürurun ayrılmaz hissəsinə çevrilir. Kəlbəcərin işğaldan azad edilməsi də xalqımızın yaddaşına əbədi həkk olunan, dövlətimizin gücünü, siyasi iradəsini və milli birliyini nümayiş etdirən mühüm tarixi hadisələrdəndir.

Noyabrın 25-i ölkəmizdə Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılmasının və doğma torpaqlarımızın Azərbaycana qaytarılmasının rəmzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü qeyd edilir. Bu il həmin tarixi hadisədən altı il ötür.
1993-cü ildə Kəlbəcərin işğalı xalqımızın həyatında ağır faciələrdən biri kimi yadda qaldı. Bu qədim diyarın sakinləri doğma yurdlarından didərgin salındı, tarixi-mədəni irsimizə, yaşayış məntəqələrimizə və təbii sərvətlərimizə ciddi ziyan vuruldu. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı, öz tarixi ədalətini bərpa edəcəyinə inamını itirmədi.
2020-ci ildə başlanan Vətən müharibəsi bu inamı gerçəyə çevirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi nəticəsində torpaqlarımız bir-birinin ardınca işğaldan azad edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini rəsmiləşdirdi və Kəlbəcərin Azərbaycana qaytarılmasını təmin etdi. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi tariximizin unudulmaz səhifəsinə çevrildi. Mürəkkəb dağlıq relyefə və strateji mövqeyə malik olan bu ərazinin hərbi əməliyyat keçirilmədən geri qaytarılması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, diplomatik məharətinin və Vətən müharibəsində qazanılmış hərbi üstünlüyün nəticəsi idi. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanın siyasi iradəsi və hərbi qüdrəti qarşıya qoyulan tarixi hədəflərin reallaşdırılmasında mühüm rol oynayır.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Kəlbəcərdə də uğurla davam etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm inkişaf mərkəzlərindən biri olan Kəlbəcərdə müasir yol infrastrukturu yaradılır, elektrik enerjisi təchizatı və digər zəruri kommunal sistemlər qurulur. Şəhərin və kəndlərin yenidən qurulması, sosial infrastrukturun formalaşdırılması, iqtisadi potensialın hərəkətə gətirilməsi Böyük Qayıdışın mühüm mərhələlərindəndir.
Kəlbəcərin iqtisadi və turizm potensialının bərpasında “İstisu” mineral su mənbəyinin yenidən fəaliyyətə başlaması da xüsusi əhəmiyyət daşıyır. Uzun illər Azərbaycanın təbii sərvətləri sırasında mühüm yer tutmuş İstisu mineral suyunun sənaye istehsalının bərpası istiqamətində mühüm addımlar atılmışdır. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin iştirakı ilə İstisu qəsəbəsinin təməlinin qoyulması zamanı müasir mineral su zavodunun istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin əyani göstəricisidir. Bu layihə həm Kəlbəcərin iqtisadi imkanlarının genişləndirilməsinə, həm də onun zəngin təbii sərvətlərinin ölkə iqtisadiyyatına qazandırılmasına xidmət edir. Bir zamanlar işğalın ağır izlərini daşıyan bu torpaqlarda indi quruculuq işləri aparılır, yeni yaşayış məskənləri salınır, yollar çəkilir və insanların doğma yurdlarına qayıdışı təmin olunur. Bütün bunlar Azərbaycan dövlətinin qüdrətini, xalqımızın yenilməz ruhunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin uğurlarını nümayiş etdirir.
25 noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında daim qələbə, birlik və milli iftixar günü kimi yaşayacaq. Əminik ki, Kəlbəcər bundan sonra da inkişaf edəcək, öz tarixi şöhrətini bərpa edəcək və Azərbaycanın tərəqqisinə mühüm töhfələr verəcək.
Bu müqəddəs torpaqda şanlı üçrəngli bayrağımız əbədi dalğalanacaq!

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər