PDF Oxu

Siyasət

  • 332

Kəlbəcər – Zəfərin, qayıdışın və quruculuğun ünvanı - ŞƏRH

Kəlbəcər – Zəfərin, qayıdışın və quruculuğun ünvanı - ŞƏRH

Kəlbəcərin tarixi Azərbaycan xalqının yaddaşında həm ağır sınaqların, həm də tarixi Qələbənin rəmzi kimi yaşayır. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon uzun illər doğma sakinlərindən ayrı düşdü, tarixi-mədəni irsinə, təbii sərvətlərinə və yaşayış məntəqələrinə ciddi ziyan vuruldu. Kəlbəcərin coğrafi mövqeyi, dağlıq ərazisi və strateji yüksəklikləri onu Qarabağ bölgəsinin təhlükəsizliyi baxımından mühüm əraziyə çevirirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və dövlətimizin siyasi-diplomatik fəaliyyəti Kəlbəcərin azadlığına aparan yolu müəyyənləşdirdi. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu noyabrın 25-dək boşaltmalı idi. Həmin gün rayon Azərbaycana qaytarıldı. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən biri oldu.
Kəlbəcərin boşaldılması zamanı qarşıya çıxan mənzərə işğalın yaratdığı dağıntıların miqyasını bir daha nümayiş etdirdi. Rayon ərazisini tərk edən ermənilər tərəfindən evlərin yandırılması, ağacların kəsilməsi, meşələrə və digər təbii sərvətlərə zərər vurulması halları müşahidə olundu. İnsanların illərlə qurub-yaratdığı yaşayış məskənlərinin dağıdılması, əmlakın yararsız vəziyyətə salınması işğalın ağır nəticələrini göstərirdi. Azərbaycan isə Kəlbəcərin geri qaytarılmasına beynəlxalq razılaşmanın şərtlərinə uyğun nail oldu. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi də bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsi idi. Medal Kəlbəcərin azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların xidmətlərinin və göstərdikləri igidliyin qiymətləndirilməsi məqsədilə təsis edildi.
Kəlbəcərin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış ərazilərin bərpası, müasir infrastrukturun yaradılması və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Rayonun zəngin təbii sərvətləri sırasında xüsusi yer tutan “İstisu” mineral bulaqları bu baxımdan böyük iqtisadi və turizm potensialına malikdir. Uzun illər ölkə hüdudlarından kənarda da tanınan İstisu mənbələrinin imkanlarından səmərəli istifadə etmək məqsədilə müasir infrastruktur layihələri həyata keçirilir. “İstisu” Müalicə-İstirahət Kompleksinin yenidən qurulması da həmin layihələrin mühüm istiqamətlərindəndir. Təqdim olunan layihəyə əsasən, kompleksin ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək, ərazidə 145 nömrəli hotel binası, 10 kottec və 5 inzibati bina inşa olunacaq. Layihənin həyata keçirilməsi Kəlbəcərin müalicə-sağlamlıq turizmi imkanlarının genişləndirilməsi və təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb edilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri rayonun bərpası və yenidən qurulması prosesinin ardıcıl xarakter daşıdığını göstərir. 2023-cü il mayın 27-də dövlət başçısının səfəri çərçivəsində Yanşaq və Zallar kəndlərinin təməli qoyuldu, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiyaları istifadəyə verildi. Prezident Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellərlə və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu. Həmin gün Kəlbəcərdə hərbi hospitalın açılışı keçirildi, şəhərdə ilk yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəb binasının təməli qoyuldu. Bu layihələr rayonun nəqliyyat, enerji, təhsil və səhiyyə infrastrukturunun paralel şəkildə inkişaf etdirilməsini nəzərdə tutan genişmiqyaslı bərpa proqramının tərkib hissəsidir. Xüsusilə mürəkkəb dağlıq relyefə malik Kəlbəcərdə avtomobil yollarının və tunellərin inşası bölgənin ölkənin digər əraziləri ilə əlaqəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə növbəti səfəri şəhərdə quruculuq işlərinin yeni mərhələsini əks etdirdi. Dövlət başçısı Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda aparılan işlərlə tanış oldu, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin və şəhər parkının təməlqoyma mərasimlərində iştirak etdi. “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı yerli istehsalın və ənənəvi təsərrüfat sahələrinin inkişafına göstərilən diqqətin nümunəsi oldu. Səfər zamanı 3-cü yaşayış kompleksinin də təməli qoyuldu, şəhər sakinləri ilə görüş keçirildi və onlara yeni mənzillərin açarları təqdim edildi. Kəlbəcərin Vəng kəndində “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılması isə rayonun bərpaolunan enerji potensialının genişləndirilməsi istiqamətində atılan addımlardan biri idi. Beləliklə, şəhərin yaşayış mühiti ilə yanaşı, yerli istehsalın, istirahət imkanlarının və enerji təminatının inkişafına da diqqət yetirilir.
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr rayonun gələcək sosial-iqtisadi inkişafının əsasını formalaşdırır. Yeni yaşayış komplekslərinin, məktəblərin, yolların, enerji obyektlərinin və turizm infrastrukturunun yaradılması doğma yurda qayıdan sakinlərin rahat yaşayışı üçün zəruri şəraitin təmin edilməsinə xidmət edir. Kəlbəcərin zəngin təbii sərvətləri, kənd təsərrüfatı imkanları, xüsusilə arıçılıq ənənələri və turizm potensialı gələcəkdə rayonun iqtisadi həyatında mühüm rol oynaya bilər. 25 noyabr – Kəlbəcər Şəhəri Günü isə bu baxımdan həm tarixi azadlığın, həm də yeni həyatın başlanmasının rəmzidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün hər il qeyd olunur. 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması isə Böyük Qayıdış proqramının mühüm mərhələsi oldu. Doğma şəhərinə qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi Kəlbəcərdə yeni həyatın başlandığını nümayiş etdirdi. Kəlbəcər bu gün öz tarixi yaddaşını qoruyaraq yenidən qurulur, inkişaf edir və əzəli sakinlərini doğma yurdda birləşdirir.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər